backend

Maştağadakı psixiatriya xəstəxanasından reportaj

Maştağadakı psixiatriya xəstəxanasından reportaj























“Xəstələrin təsərrüfat işlərinə cəlb edirik ki, onlarda itirilmiş vərdişlər geri qayıtsın”.

Xəbər verdiyimiz kimi, ötən gün iki nəfər ruhi xəstəni Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından qaçıb və Heydər Əliyev adına beynəlxalq hava limanının elektron mühafizə hasarını qanunsuz olaraq aşmağa cəhd edərkən tutulub.

Bu haqda mətbuata məlumat verən “Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, səhər saat 06-30 radələrində Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanının elektron mühafizə hasarından qanunsuz olaraq aşmağa cəhd göstərən iki nəfər tutulub. Araşdırma zamanı məlum olub ki, tutulan şəxslər Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserindən qaçmış Lerik rayon sakini M. A. və Cəlilabad rayon sakini R. M.-dir”

Həmin şəxslər polis tərəfidən adıçəkilən xəstəxanaya təhvil verilib.

Xatırladaq ki, dəfələrlə analoji hadisəl’r baş verib. Bəs görəsən, ruhi xəstələrin müalicə aldığı xəstəxana necə mühafizə olunur? Xəstələr oradan qaçmağa necə nail olurlar?

Ümumilikdə Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserindəki vəziyyəti öyrənmək üçün sözügedən ünvana baş çəkdik.

Xəstəxananın girişinə 4 nəfər polis nəzarət edir. Jurnalist olduğumuzu bilib bizi içəri buraxırlar.

İlk təəssüratlar...

İlk baxışdan bura xalq arasıda deyildiyi kimi, “dəlixana”nı yox, sadə bir yaşayış məhəlləsini xatırladır. Xəstəxananın həyətində irəlilədikcə qarşımızdan ruhi-əsəb xəstəsi olan insanlar keçir. Sakit baxışlarla bizi izləyən bu insanlar həyətdə təsərrüfat işləri ilə məşğul olurlar. Kimi su daşıyır, kimi həyətdəki oturacaqları boyayır, kimi isə sadəcə həyətdə gəzir. Ətrafa tam səssizlik hakim olub. Bəziləri yeni, bəziləri köhnə olan korpusların ətrafı yaşıllıqla əhatə olunub. Bizi müşayiət edən tibb bacılarının sözlərinə görə, bu yaşıllıq, gül-çiçək, həyətdəki fəvvarə və sair əsəb xəstəliklərinin müalicəsinin bir yoludur.

Bu səbəbdən xəstəxananın ərazisində süni göl yaradılıb, əvvəllər boz çöllük olan yerlərdə ağaclar əkilib. Köhnə xəstəxana binaları yeniləri ilə əvəz olunub və tikinti işləri hazırda da davam edir.

Xəstəxanada müxtəlif yaş kateqoriyalarından olan insanlar ayrı-ayrı korpuslarda yerləşdirilib. Burada uşaqlar, yeniyetmələr, qocalar, qadınlar, kişilər, məcburi müalicə olunanlar, infeksion xəstələr, narkoloji müalicə alanlar fərqli korpuslarda yerləşdir, birinin digərinə müdaxiləsinə yol verilmir.

“Qafqaz əsiri” filmi tez-tez təkrarlanır

Xəstəxanadan iki nəfərin qaçması xəbərinə aydınlıq gətirən xəstəxananın baş həkimi Ağahəsən Rəsulov deyir ki, daima ruhi xəstələr psixiatriya xəstəxanasından qaçmağa meylli olub: “Bu tez-tez müşahidə olunan haldır. “Qafqaz əsiri” filmində belə epizod var. Ötən gün qaçan xəstələrə gəlincə, onlardan biri artıq evə yazılmışdı, digərinin isə müalicəsi davam edirdi. Onlar birləşib, qaçıblar və necə olubsa gedib aeroporta çıxıblar. Polis oradan zəng elədi və gətirib yenidən xəstəxanaya yerləşdirdilər. Mən hesab edirəm ki, bunun səbəbi xəstəxananda həddindən artıq sıxlığın olmasıdır. Respublikada 4 psixiatriya xəstəxanası təmirə bağlanıb və orada müalicə alan xəstələrin əksəriyyətini buraya köçürüblər. Bizdə 1890 çarpayılıq yer var, ancaq indi burada 2002 xəstə müalicə alır. Hazırda ikimərtəbəli bir korpus tikilir, 100 çarpayılıq yer olacaq. İndi isə təsəvvür edin ki, 60 çarpayılıq xəstəxanada 80 xəstə yatır, 70 nəfər üçün nəzərdə tutulan şöbədə 90 xəstə yatır. Təbii ki, onlar yataqla təmin olunub, ancaq onlara xidmət edən tibb bacıları 60 xəstəyə baxmaq yerinə 90 xəstəyə baxırsa, hər birinə eyni qayğı göstərə bilmir, kimisi diqqətdən yayınır. Xəstələr də öz aralarında razılaşırlar ki, biri tibb bacısının başını qatır, digəri mühafizəçinin və su gətirmək, zibil atmaq adı ilə aradan çıxıb qaçırlar. Ancaq polisin və valideynlərin sayəsində xəstələr tez zamanda tapılır və geri qaytarılır. Əvvəllər şərait yaxşı deyildi, valideynlər qaçan xəstəni yenidən gətirib buraya qoymağa qorxurdu, ancaq indi evdəkindən də yaxşı şəraitimiz var, xəstələrin qidalanması, sağlamlığı nəzarət altındadır. Qış üçün istixanamız var, otaqlarda normal temperatur olur, camaşırxanada xəstələrin geyimləri yuyulur, ütülənir,

“Xəstəxananı polis qoruyur”

Xəstəxananın giriş-çıxışlarında mühafizə xidmətinə gəlincə baş həkim deyir ki, bura polis tərəfindən mühafizə olunur: “Səhiyyə Nazirliyindən mühafizə işi üçün xüsusi vəsait ayrılıb. İki nəfər polis gün ərzində ərazini gəzirlər, ekspertiza şöbəsində 8 nəfər polis var, məcburi müalicə alanların korpusunu 9 nəfər polis qoruyur. Əvvəllər mühafizə işində çoxlu problemlər var idi, hasarlar uçuq idi, kimsə kənar şəxslər gəlirdi, kimsə çıxıb qaçırdı. İndi bu problemlər aradan qaldırılıb. Ancaq bizdə xəstələrin 99 faizi ümumiyyətlə qaçmaq fikrində olmur. Ancaq məcburi müalicədə olan xəstələr var ki, məhkəmə qərarı ilə burada müalicə olunurlar, onlar hər zaman qaçmağa cəhd göstərirlər. Əksər xəstələr isə deyirlər ki, bizi buradan qovsalar da getmərik. Çünki gözəl şəraiti var, yemək, yatmaq , yuyunmaq üçün hər cür rahatlıqları təmin olunub”.

“Sağlam insanlar onlardan daha təhlükəlidir”

Xəstəxanadan qaçan xəstələrin kiməsə xəsarət yetirməsinə, cinayət törətməsi ehtimalına münasibət bildirən A. Rəsulov bildirdi ki, cinayət məsələsində normal insanlar ruhi xəstələrdən daha təhlükəlidir: “Bizə nöqsan tuturlar ki, xəstəxanadan qaçan şəxslər təkrar cinayət törədə bilərlər. Mən bu səbəbdən cinayət törətmiş ruhi xəstələrlə bağlı statistikanı topladım və məlum oldu ki, təkrar cinayət törədən xəstələr heç 1% deyil. Ancaq normal insanlar arasında təkrar cinayət törədənlər 28-29% təşkil edir. İndi cəmiyyəti kimdən qoruyaq, ruhi xəstələrdən, yoxsa normal adamlardan? Bütün xalqlarda bu “dəli” sözü var və həmin adamlara bu sözlə damğa vururlar ki, bu dəlidir, xəstəxanadan qaçıb, təhlükəlidir. Normal insanların sizə xəsarət yetirmək ehtimalı 28 dəfə çoxdur. Bu xəstələrin 35-40 faizi sağalıb yenidən cəmiyyətə qayıdır və normal həyatını yaşamağa davam edir. Pikasso, Salvador Dali, Dostoyevski, Tolstoy – bizim dilimizlə desək, bunlar hamısı ruhi xəstə olublar, ancaq nə cür əsərlər yaradıblar.

Bu xəstəliyin konkret səbəbləri yoxdur, hər şeydən ola bilər. Kimi deyir ki, irsidir, kimi deyir, stressdən oldu, kimi deyir, narkotik maddə qəbulundan oldu – müxtəlif səbəblər var. Mən deyə bilmərəm ki, bunun hansı doğrudur. Bu ehtimallar sübut olunmayıb, sadəcə fərziyyədir”.

Kişilər yoxsa, qadınlar?

Əsəb xəstəliklərinin kişilərdə, yoxsa qadınlarda daha çox müşahidə olunması sualına cavab verən baş həkim deyir ki, bu xəstəlik hər iki cinsdə eyni dərəcədə müşahidə oluna bilər: “Bir dəfə qəzetlərdən birinə müsahibəmdə demişdim ki, burada müalicə alanların 70 faizi kişi, 30 faizi qadındır, jurnalist gedib mənim adımdan yazmışdı ki, Azərbaycanda qadınlar kişiləri dəli ediblər, çünki xəstəxanadakıların əksəriyyəti kişidir. Bu düzgün deyil, hər iki cinsdə bu xəstəlik müşahidə oluna bilər. Sadəcə olaraq qadın fiziki cəhətdən zəifdir, onu evdə saxlamaq olur, ancaq kişini nəzarətdə saxlamaq çətindir. Məsələn, ailə başçısında ruhi xəstəlik varsa, onun həyat yoldaşı və ya uşaqları onun qarşısını ala bilmirlər. Müxtəlif səbəblərdən ruhi xəstə olan qadınları evdə saxlayırlar, utandıqları üçün və ya başqa səbəbdən.

Bu xəstəliyi yaş kateqoriyalarına görə, hər yaşda müşahidə etmək olar. Anadangəlmə əqli gerilikləri uşaqlarda 3-4 yaşlarından təyin etmək olur. Şizofreniya dediyimiz xəstəlik isə əsasən gənclərdə 21-29 yaşlarında baş qaldırır. Orta yaş xəstəlikləri də var, yaşlı xəstələrdə müxtəlif növ psixozlar müşahidə olunur”.

“İtirlmiş vərdişləri yenidən yaradırıq”

Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyir ki, ruhi xəstələrin cəmiyyətə adaptasiyası çox önəmli məsələdir və bu məsələyə çox həssas olmaq vacibdir: “Burada müalicə alan insanların iştirakı ilə biz vaxtaşırı konsertlər veririk, onların əl işlərindən ibarət sərgilər təşkil edirik. Bizim xəstələrin əl işi olan teatr kostyumları, müxtəlif metallardan işlənmiş suvenirlər, rəsm əsərləri sərgilərdə nümayiş olunur. Çalışırıq ki, onları cəmiyyətə yararlı olan əməyə cəlb edək ki, o normal həyata qayıdanda hər hansı işlə məşğul ola bilsin. Burada müxtəlif cür emalatxanalar, tikiş, toxuculuq sexləri, rəsm, idman, rəqs dərnəkləri var.

Xəstələrin təsərrüfat işlərinə cəlb edirik ki, onlarda itirilmiş vərdişlər geri qayıtsın”.

Baş həkim deyir ki, bu xəstəlik insanların təsəvvüründə olduğu qədər qorxulu deyil, sadə bir müalicə formulu var: “Bu xəstəliyin müalicəsi çox asandır, vaxtında dərmanını verməklə xəstəni normal həyata qaytarmaq olar. Bu dərmanlar da bütün apteklərdə var, xəstəxanalarda dövlət tərəfindən pulsuz verilir.

Bu xəstəlik sosial durumuna görə, hər təbəqədən olan insanlarda müşahidə oluna bilər. Sadəcə imkanı yaxşı olanlar xəstələrini burada yox, xaricdə müalicə etdirirlər. Ancaq buraya Avropa ölkələrindən, ABŞ-dan gələn həmkarlarımız olub ki, deyiblər Avropa xəstəxanaları ilə bu xəstəxananın arasında heç bir fərq yoxdur. Almaniyanın baş psixiatrı Frankşnayder buranı görəndən sonra dedi ki, bizim 35 ilə keçdiyimiz yolu siz 3 ilə keçmisiniz.

Sonradan həmin şəxs Avropa psixiatrlarının konqresində çıxış edərkən, 45 dəqiqəlik məruzəsinin 5 dəqiqəsini Azərbaycana, Bakıdakı psixiatriya xəstəxanasına həsr elədi. Buna qədər psixiatriya konqreslərində heç vaxt Azərbaycanın adı çəkilməmişdi”.

Psixiatriya xəstəxanasının tarixi

Adıçəkilən psixiatriya xəstanasının tarixçəsinə gəlincə, müsahibim deyir ki, Azərbaycanda ilk dəfə ruhi xəstələr üçün müalicə evi 1936-cı ildə burada şəhərin kənarında yaradılıb: “Daha sonra isə 1975-76-cı illərdə burada 9 korpus tikilmişdi. O vaxtdan sonra burada heç bir tikinti aparılmamışdı. Son illərdə isə 4 yeni korpus tikildi, hər biri 100 çarpayılıq, köhnələr uçurulub. 1936-cı ildə tikilən ilk korpusu isə bərpa edib, muzey kimi saxlamaq istəyirəm.

Ötən il xəstəxanaya 8867 xəstə daxil olub və bir o qədər də xəstə sağalaraq evə buraxılıb. Bu xəstələrinin sayının artması demək deyil, xəstələrin xəstəxanaya müraciətlərinin çoxalmasıdır. Buradakı şəraitin, xidmətin yaxşı olması insanları cəlb edir ki, xəstələrini buraya gətirsinlər. Buraya gələn xəstənin ilk günkü vəziyyəti ilə 15 gündən sonrakı halında çox böyük fərq olur. Bir neçə gün ərzində xəstələr özünə gəlir, həm fiziki, həm ruhi vəziyyətlərində irəliləyiş hiss olunur. Burada xəstələrin alçaldılmasında, döyülməsindən söhbət gedə bilməz. Biz xüsusi qutular qoymuşuq ki, xəstələrin nə şikayəti olsa yazıb qutulara atır və o məktublar vaxtaşırı yoxlanır, narazılıqlar həll olunur.

Burada xəstələrə şərait yaratmışıq ki, istədikləri zaman film izləsinlər, musiqi dinləsinlər, xəstəxananın həyətindəki yaşıllıqda, gölün kənarında dincəlsinlər. Hətta gölün kənarında samovar qaynadıb, çay içmək üçün də şərait yaratmışıq, Çünki, bu xəstələr həyatda qazandıqları vərdişləri, adicə gülümsəmək qaydasını itirirlər. Burada müalicə alanlara həm də o vərdişləri qaytarmalıyıq. Xəstəlik ilk növbədə insanın emosional sferasına təsir edir, insanın emosional vərdişlərini öldürür. Biz o insanların simasına yenidən gülüş qaytarırıq”.

Psixologiyamızı necə qoruyaq?

Son illər ruhi xəstəliklərlə bağlı müraciətlərin artmasının səbəbini izah edən baş həkim deyir ki, həyat tempinin kəskin şəkildə artması indi insanlardan daha böyük psixoloji dözümlülük tələb edir: “İndi bu xəstələrin sayının daha da artmasının səbəbi odur ki, həyatın tempi artıb, insanlar daha sürətli çalışmağa məcburdurlar. Həddindən artıq informasiya çoxluğu var və beyinə informasiya təzyiqi artıb, əksəriyyəti də neqativ informasiyalardır, bəd xəbərlərdir. Həddindən artıq demoqrafik sıxlıq var. Sosial problemlər, nəqliyyatda sıxlıq, iş yerində problemlər və sair hər biri insanın psixoloji durumuna təsir edir. Bundan çıxış yolu odur ki, insanlar gündəlik rejimə əməl etsinlər, rejimlə iş görsünlər, insan özünü vahid rejimə öyrədərsə bədən özünü daha yaxşı qoruya bilir”.