backend

Qatara gecikən sərnişinləri güllələyən polis – CİNAYƏT TARİXİ

Qatara gecikən sərnişinləri güllələyən polis – CİNAYƏT TARİXİ






















Onlar açarları verməkdən imtina edəndə hərbi geyimli adam onların üstünə cumub.

1992-ci ilin noyabrın 19-da Ağdamın Evoğlu kənd sakinləri Fəzail Qasımov, Teyyub Şirinov və Novruz Talıbov qatarla Bakıya getməli olublar.

qaynarxett.az Gün.Az-a istinadən xəbər verir ki, biletlərini alıb çantalarını vaqona qoyandan sonra qatar yola düşənə kimi dəmiryol stansiyasındakı yeməkxanaya yollanıblar.

Dostlar yarım litrlik araqla yemək yeyən zaman qatar yola düşüb.

Teyyubla Fəzail qatarı saxlatmaq məqsədi ilə çölə qaçıblar. Novruz isə sona qədər yeyə bilmədikləri yeməyin hesabını verib.

Qatarı saxlatdıra bilmədiyini görən dostların gözünə vağzalda duran “VAZ 21011” dəyib. Avtomobilin yanında iki nəfər polis əməkdaşı olub. Fəzail polislərə yaxınlaşıb “dayıoğlu qatara gecikmişik, bizi Çinar stansiyasına apar, qatara çatdır” deyəndə, polislərdən biri Yadigar Sarıyev söyüş söyərək “ə, mən xalturşikəm nəyəm, get atdır buradan” deyə cavab verib.

Polis serjantının bu sözlərindən sonra tərəflər arasında mübahisə yaranıb. Təhqir olunan Fəzail Qasımovla Teyyub Şirinov polis serjantının üstünə gediblər. Bunu görən polislər əlindəki avtomatları atəşə hazır vəziyyətə gətiriblər.

Bu zaman kənardan yaxınlaşan polis zabiti Rüstəm Rüstəmov “bəsdirin” deyərək əlindəki tapançadan havaya atəş açıb. Fəzaillə Teyyub atəş səsi eşidib arxaya tərəf çevriləndə Yadigar Sarıyev arxadan onlara atəş açıb. Bunu görən Fəzail qaçmağa cəhd edib. Serjant onun arxasınca yenə atəş açıb. Nəticədə Fəzail güllə yarası alaraq yerə yıxılıb.

Teyyub isə polis əməkdaşını sakitləşdirmək üçün ona yalvarmağa başlayıb “qurban olum, biz nə etmişik ki, düşmən deyilik, atma nə olar!!!” Teyyubun sözlərinə əhəmiyyət verməyən serjant Sarıyev 2-3 metrlik məsafədən ona atəş açıb. Güllə Teyyubun boyun nahiyəsini yaralayıb.

Hadisə çox qısa zaman kəsiyində baş verib. Novruz Talıbov hesabı verib çölə çıxanda dostlarını yerdə qan içində uzanmış vəziyyətdə görüb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Teyyub Şirinovun həyatını xilas etmək mümkün olub, ağır yaralı Fəzail Qasımov isə reanimasiya otağında dünyasını dəyişib.

1992-ci ildə baş verən cinayəti törətməkdə şübhəli bilinən Yadıgar Sarıyev 2005-ci ildə həbs edilib.

Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra Yadıgar Sarıyev özünü elan olunan ittihamla təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sarıyev hakimlərə bildirib ki, həmin vaxt gücləndirilmiş iş rejimində işlədikləri üçün kapitan Rüstəm Rüstəmovun avtomobili ilə dəmiryol stansiyasına gəliblər. Daha sonra avtomobilə benzin tökən zaman hərbi geyimli biri özünü Qatır Məmmədin dəstəsində olan adam kimi qələmə verib və onlardan avtomobilin açarlarını tələb edib. Onlar açarları verməkdən imtina edəndə hərbi geyimli adam onların üstünə cumub.

Bu vaxt o göyə 3 atəş açıb. O, hərbi geyimli adamla mübahisə edən zaman isə kapitan Rüstəm Rüstəmov digər iki nəfərlə mübahisə edib. Və onları da kapitan güllələyib.

Zərərçəkən və şahid ifadələri dinlənilərkən təqsirləndirilən şəxsin yalan danışdığı məlum olub.

İfadələrdən məlum olub ki, serjant Sarıyevin dediyi hərbi geyimli adam Novruz Talıbov olub. Talıbov isə hadisə vaxtı kafedə olub və o, çölə çıxanda artıq hadisə başa çatıb.

Atışmadan sağ çıxan Teyyub Şirinov da ona serjantın atəş açdığını bildirib.

Bütün tərəflər dinlənildikdən sonra dövlət ittihamçısı 14 il istintaqdan yayınan Yadigar Sarıyevi 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili, hadisənin müharibə vaxtı törədilməsini və müdafiə etdiyi şəxsin döyüşlərdə iştirakını nəzərə alıb ona yüngül cəza verilməsini bildirib.

Fəzail Qasımovun anası Tamilla Qasımova 14 ildir bu günü gözlədiyini və oğlunun qatilinin ən ağır cəza ilə cəzalandırılmasını hakimlərdən tələb edib.

Bütün tərəfləri dinləyən məhkəmə Yadigar Sarıyevi 14 il müddətinə azadlıqdan məhrum edib.