backend

Rəsi-zadənin nə vaxt gedəcəyi bilindi -üç müavinin taleyi necə olacaq?

Rəsi-zadənin nə vaxt gedəcəyi bilindi -üç müavinin taleyi necə olacaq?














Hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlarla bağlı iddialar, nəhayət ki, təsdiqləndi. “Yeni Müsavat” hələ may ayında hökumətə yaxın mənbələrə istinadən hakimiyyətin böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşdığını yazmışdı. Xəbərlərdə iddia olunurdu ki, Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi komandasının iştirakı ilə hazırlanan geniş sənəd “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Məlum olduğu kimi, iki gün əvvəl Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib, nəticədə 8 şöbə müdiri işdən azad olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb. Gununsesi.info Nazirlər Kabinetində ləğv edilən şöbələrin və pensiyaya göndərilən məmurların kimliyini öyrənə bilib.

Beləliklə, yaş həddinə görə yola salınanlar bunlardır:
Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov;
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov;
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov;
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə;
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov.
Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə bunlardır:
MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə);
Məxfi Şöbə (Müdir Kamil Katibli);
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova);
Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə).

Onu da xatırladaq ki, Nazirlər Kabinetindəki dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır. Fərmanda isə qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır.

Nazirlər Kabinetinə ciddi “əl gəzdiriləcəyi” çoxdan gözlənilirdi. Çünki ən böyük “şişmə” məhz Nazirlər Kabinetində idi.
İndi əsas problem birləşdirilən və ya ləğv edilən qurumlarda işləyənlərin yerləşdirilməsidir. Aydındır ki, pensiya yaşına çatanlar yenidən işlə təmin edilməyəcək. İxtisarlar bir çox yararlı kadrların da işsiz qalmasına səbəb olacaq. Əslində digər nazirlik və komitələri də əhatə edəcək islahatlardan narazıların olması təbiidir.

İndi medianın əsas diqqəti NK-də baş nazir müavinlərinin taleyinə yönəlib. Baş nazirin hazırda biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb. Yaqub Eyyubovun 72 (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyevin 74 (1943), Əli Həsənovun 69 (1948), Abid Şərifov 77 (1940), Əli Əhmədovun 64 (1953), İsmət Abbasovun isə 63 yaşı (1954) var. Baş nazir Artur Rasi-zadə isə 82 yaşını tamamlayıb (1935). Cəmi 200 işçisi olacaq NK-da 6 nazir müavininin olması əlbəttə ki, absurd görünür.
Ləğv edilən və birləşdirilən şöbələrin hansı nazir müavinlərinin kurasiyasında olması dəqiq bilinməsə də, prinsipcə, bu heç nəyi dəyişmir. Əlbəttə, A. Rəsizadənin müavinlərini işdən çıxarmaq səlahiyyəti yoxdur, bu, prezidentə aid məsələdir. Baş nazir müavinlərinin sayının azaldılacağı barədə çoxdan danışılır. Müavinlərin üçünün- YAP-ın icra katibi Əli Əhmədovun, Yaqub Eyyubovun və Elçin Əfəndiyevin görəvini davam etdirəcəyi deyilir. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun müavin statusunu itirəcəyi, yalnız komitədə sədr qalacağı da gələn xəbərlər sırasındadır. NK-dan sonra “şişən” Bakı Şəhər İcra Hakimiyyətində də ixtisarlar olacaq. Burada da Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.

Daha bir vacib məqam medianın “işdən çıxarmaq üzrə” rekordçuları hesab olunan baş nazir və Bakı meri Hacıbala Abutalıbovun taleyinin necə olacağıdır. Məntiqlə baş nazir 85 yaşlı müşavirini və ya digər şöbə müdirlərini yaş həddinə görə işdən çıxarırsa, özünün də pensiya yaşına çoxdan çatdığını unutmamalıdır. Ümumiyyətlə, Artur Rəsi-zadənin vəzifədə qalması fonemenal hadisədir. Gözlənilir ki, uzun illərdir NK rəhbərlik edən baş nazir bu struktur islahatlarından sonra nəhayət ki, hökumətlə vidalaşacaq. Hacıbala Abutalıbovun məsələsi isə daha qəlizdir. İddialara görə, onun yerinə uyğun namizəd tapılan kimi o da vəzifə kürsüsü ilə vidalaşmalı olacaq. Bu iki mühüm təsisata yeni rəhbərlik isə ən geci ilin sonunadək gerçəkləşməlidir.

Təyinatı gözlənilən vəzifələr sırasında vitse-prezident postları da var. Belə ki, Azərbaycanın bir və ya iki vitse-prezidentinin təyin ediləcəyi gözlənilir.

Bəs bu təyinatların yaxın vaxtlarda gerçəkləşməsi mümkündürmü?

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc modern.az-a açıqlama verib.

Deputat hesab edir ki, vitse-prezidentlər postuna yaxın zamanlarda təyinatlar ola bilər: “Bu təyinatların olmasının insanlar tərəfindən gözlənilməsi başadüşüləndir. Hesab edirəm ki, hər hansı bir təyinat, sadəcə, adlardan ibarət deyil. Həmin şəxslərin yerinə yetirəcəyi missiya önəmlidir. Biz bu gün iqtisadi, sosial sahədə daha dərin islahatların həyata keçirildiyini görürük. Bir neçə il öncə sosial yardımların verilməsindəki problemləri açıq şəkildə görürdük. Lakin həmin sahədə yeni innovativ proqramlar tətbiq olundu. Gerçək ünvanlılığının təminatı üçün imkanlar yarandı. Ancaq bu proses hələ də davamlı olmalıdır. Hələ də iqtisadi sahədə islahatların həyata keçirilməsinə baxmayaraq, idxaldan asılı qalırıq. Cənab prezident də hər zaman bu sahədə ən önəmli məsələləri qarşıya qoyur. Belə olan təqdirdə həmin sahələrə təyin olunacaq vitse-prezident orada işlərin koordinasiya edilməsinə və ölkə başçısı tərəfindən verilən tapşırıqların uğurla həyata keçirilməsinə dəstək verə bilər. Hesab edirəm ki, bu, hakimiyyətdə idarəçiliyin ahəngdarlığına müsbət təsir edər. Vitse-prezidentlərin təyin olunması birbaşa olaraq ölkə başçısının səlahiyyətində olan məsələdir”.

Z.Oruc deyib ki, son bir il ərzində edilən dəyişikliklər bizə müəyyən bir tablonu canlandırır: “Bu ondan ibarətdir ki, Prezident Administrasiyasının sistemi daha da optimallaşdırılıb. Administrasiya dövlət və hakimiyyət sisteminin idarəçiliyində ən yüksək rol oynamaqda davam edir. Administrasiyada müavinlik institutu tətbiq olundu. Həmçinin digər strukturları real hallara gətirmək üçün ölkə başçısının mühüm addımları oldu. Nazirlər Kabinetinin də fəaliyyəti struktur baxımından optimallaşmaqdadır. Düşünürəm ki, burada hər hansı bir paralelçilik yoxdur. Vitse-prezidentlik institutu meydana çıxanda bir çoxları fərqli proqnozlar verirdilər. Amma qətiyyət bu qurumların biri digərinin ləğvini zəruri etmir”.

Deputat bildirib ki, Azərbaycanda nazirliklərin sayı bir sıra aparıcı ölkələrlə müqayisədə çoxdur: “Amma həmin strukturları, sadəcə olaraq, say mənasında ləğv etmək, onların içərisində çalışan insanların taleyini düşünmədən addımlar atmaq da düzgün olmazdı. Düşünürəm ki, bizdə strukturlar əhalinin 100 min nəfərinə düşən məmur sayı komponentinə görə müəyyənləşməlidir. Bu yöndə tədbirlər görülməkdədir. Ölkə başçısının qarşısına qoyduğu hədəflər var. Elə hesab edirəm ki, qarşıdakı dövrlərdə optimallığa doğru gedəcəyik”.

Belə görünür ki, prezident İlham Əliyevin struktur və kadr siyasətini gücləndirmək, 2018 prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

“YM”