backend

Tikinti sektoruna 3,5 milyard manatdan çox vəsait yatırılıb

Tikinti sektoruna 3,5 milyard manatdan çox vəsait yatırılıb






















Səkkiz aya 5680 şagird yerlik ümumtəhsil məktəbi istifadəyə verilib.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilib.

qaynarxett.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kapitala cəlb olunmuş vəsaitin 7635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 11,1 faiz artıb.

“Əsaslı vəsaitin 67,5 faizi və ya 7045,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, əsas kapitala yönəldilmiş vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 5,4 faiz az, xarici investisiya isə 17,9 faiz yüksək olub”, - məlumatda deyilir.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib.

Səkkiz ay ərzində 1145,5 min kv.metr sahəsi olan yaşayış evləri, 5680 şagird yerlik ümumtəhsil məktəbləri, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilib.

Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5463,7 milyon manat vəsaitin 3544,6 milyon manatından istifadə olunub.