backend

Xoşqədəm Hidayətqızı ölən kişidən danışdı

Xoşqədəm Hidayətqızı ölən kişidən danışdı






















“Allah bizə güc, qüvvət versin”.

Teleaparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı izləyərkən vəfat edən Yusif Əhmədovla bağlı yayılan məlumatlara münasibət bildirib.

qaynarxett.az Qafqazinfo-ya istinadla xəbər verir ki, xanım aparıcı 68 yaşlı kişinin ölümünə “Səni axtarıram” verilişinin səbəb olmadığını bildirib:

“Çox təəssüf edirəm ki, bu cür şayiələr yayırlar. “Səni axtarıram” verilişi çox populyardır və baxımlıdır. Bəziləri dostcasına, bəziləri bilərəkdən bu cür şayiələr yayırlar. Rəhmətə gedən kişinin ailəsi də deyib ki, bu ölümün mənim verilişimlə əlaqəsi yoxdur və təsadüfdür. Ömrü verən Allahdır. İstənilən vaxt, istənilən yerdə, istənilən an Allah canımızı alacaqsa, bunun kiməsə aidiyyatı yoxdur. Bu gün mənim son günümdürsə, yol gedəndə, sizin saytda hansısa informasiyanı oxuyanda və ya hansısa verilişə baxanda vəfat edəcəm. Eşidəndə, biləndə ki, bu cür şayiələr, ürəkbulandırıcı informasiyalar yayılıb, həmin ailənin yerinə üzüldüm. İnsanlar yaxınını, doğmasını itiriblər, bu cür informasiyanın yayılması isə o ailəyə hörmətsizlikdir. “Səni axtarıram” verilişi insanlara ancaq sevinc bəxş edir, uzun illər gözü yolda qalan insanların gözlərini yollardan yığır. Verilişdə hüzn də, kədər də ola bilər. Amma veriliş sonda sevinc bəxş edir. Söz də tapa bilmirəm.

Biz kollektiv olaraq işləyirik, bu kiçik komanda bütün günü insanların axtarışı ilə məşğuldur. Yol, sərhəd, səhər-axşam bilmədən çalışdığımız məqamda belə informasiya yalan da olsa, bizi kədərləndirir. Biz burada insanları sevindiririk, onları qovuşdururuq. Bu maarifləndirici verilişdir. Hazırda əksər verilişlərdə “Səni axtarıram”laşma gedir. Əgər veriliş insanlara pis təsir etsə, düşünərik ki, deyilənlər doğrudur. Bu verilişin bir misiyası var. Verilişdə hüzün, kədər olsa da, insanları qovuşdurur. Hüzun, kədər hər bir ailədə var. 50-70 ildən sonra, bir əsrin ayrılığına “Səni axtarıram” son qoydu. İstəyirəm ki, mətbuatımız bunlardan yazsın. Yazsınlar ki, Cənubi və Şimali Azərbaycanın ayrılması ilə ayrılan dörd qardaşın övladlarını bizim veriliş bir araya gətirdi. Yazsınlar ki, 1970-ci ildən yoxa çıxan qadını bizim veriliş tapdı. İstəyərəkdən və ya istəməyərəkdən yalan informasiyanı tamaşaçıya, oxucuya təqdim etməyin məqsədi nədir? Bunu anlaya bilmirəm. Allah hər kəsə hidayət etsin, ümid yeri kimi “Səni axtarıram”a baxan insanlara yardımcı olsun. Allah bizə güc, qüvvət versin ki, peşəkarcasına o insanların axtarışlarını davam etdirək”.