backend

Jurnalist Mübariz Nağıyevin həbsinin heç bir hüquqi əsası yoxdur

Jurnalist Mübariz Nağıyevin həbsinin heç bir hüquqi əsası yoxdur




























O, bir media nümayəndəsi olaraq daim problemləri qabardırdı, aidiyyəti qurumlar qarşısında məsələ qaldırırdı ki, hər kəsin problemləri həllini tapa bilsin

Deryaz.az xəbər verir ki, artıq Regionxeber.tv internet televiziyasının əməkdaşı, tanınmış jurnalistlərdən olan Mübariz Nağıyevin həbs olunmasından ilyarimdan da çox vaxt keçib. Ötən müddət ərzində onun əsassız həbsi ilə bağlı ayrı-ayrı media qurumlarında bir neçə dəfə açıqlamalar dərc olunub, həbs motivinin sifarişli olduğu da açıqlanıb. Diqqəti cəlb edən hal odur ki, adı çəkilən şəxsin həbsi həyata keçirilən zaman, ayrı-ayrı şəxslər ona qarşı şər-böhtan atırlar və həbsinə şərait də yaradırlar. Amma, sonrakı hadisələr onu göstərdi ki, Mübariz Nağıyevin həbs olunmasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov daha çox maraqlı olub. Belə bir səbəb üzündən də, Deryaz.az saytı olaraq bu yöndə müəyyən araşdırmalar apardıq və lazımi məqamları da dəqiqləşdirə bildik. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Raqub Məmmədov KİV nümayəndələrinə qənim kəsilməklə, sanki xüsusi ad-san da qazanıb. Regionxeber.tv internet televiziyasının əməkdaşı Nağıyev Mübariz Nuru oğlu da, onun növbəti qurbanlarından biri olub. Görəsən Raqub Məmmədovun pərdəarxası oyun oynamaqla, Mübariz Nağıyevin həbsinin həyata keçirilməsində marağı nədir?

Əvvəla onu qeyd edək ki, Mübariz Nağıyev adıçəkilən internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri olduğundan, o, bölgədə və ətraf ərazilərdə baş verən sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemləri daim ictimailəşdirən, onların həllinə çalışan əməkdaşlardan biri olub. Onun istər doğulduğu Yevlax şəhərində, istərsə də digər şəhər və rayonlarda müəyyən jurnalist araşdırmaları aparmaqla, bir çox problemli məsələləri qabartması və aidiyyəti qurumlar qarşısında məsələ qaldırması, sössüz ki, bir çox vəzifə sahiblərinin, o cümlədən Raqub Məmmədovun da ürəyincə ola bilməzdi.

Məsələn, o, hələ həbs olunmazdan öncə Yevlax şəhər Mühafizə Polisinin Şəhliyar Paşazadə adlı əməkdaşının polis adıyla uzlaşmayan, milli-mənəvi əxlaqımızla bir yerə sığmayan əməllərə qol qoyması barədə əldə olunan çəklişi, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdı. Belə ki, Şəhliyar polis əməkdaşı olmasına baxmayaraq, o, Aysel Şirinova adlı ali təhsilli bir xanımı, ixtisasca ingilis dili müəlliməsini aldadaraq Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafeyə (əslində həmin ünvan ən “xodgedən” əxlaqsızlıq ünvanlarından biri olaraq ad çıxarıb) aparır və onunla cinsi əlaqədə olmağa da can atır. Elə ki, onun cəhdi baş tutmur və həmin kafedə Aysel Şirinova tərəfindən həyata keçirilən çəkiliş Mübariz Nagıyev tərəfindən ictimailəşdirir, o halda onun əldən-ayaqdan gedən atası Mübariz Nagıyevə bildirir ki, “imkan yarat, məni Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətovla görüşdür. Sənin yolpulunu, nahar yeməyini də verərəm. Çalışacağam ki, onunla söhbət zamanı Şəhliyarla bağlı çəklişin həm internet televiziyasından çıxarılmasına, həm də onun günahı ucbatından üz-üzə qaldığı problemin də həllinə nail olum” deyir. Çünki o, dərk edir ki, Regionxeber.tv internet televiziyasına yerləşdirilmiş bütün çəklişlərin çıxarılması, müəyyən problemli məsələlərin həllini, yalnız və yalnız adı çəkilən qurumun rəhbəri İbrahim Hümbətov həyata keçirə bilər. O, onu da dərk edir ki, Mübariz Nağıyev həmin internet televiziyasında əsas söz sahibi deyil və əgər hər hansı məbləğdə kimdən pulun tələb olunması, yaxud da alınması, məhz Mübariz Nağıyevə aid olmayan məsələlərdir. Elə bu səbəbdən də, Şəhliyar adlı polis əməkdaşının atası Gəncə şəhərinə gələn İbrahim Hümbətovun yanına gedib onunla görüşür və hətta müəyyən məsələlərdə ondan köməklik göstərməsini də xahiş edir. Həmin vaxt İbrahim Hümbətov ona “gedin Aysel Şirinova ilə problemlərinizi özünüz həll edin” deyir. Yəni, ümumi söz-söhbətin gedişi zamanı bəlli olur ki, Mübariz Nağıyev nə internet televiziyasına yerləşdirilmiş çəklişi çıxarmaq, nə də ki, kimlərdənsə pul almaq səlahiyyətinə malik deyil. Bu belə olduğu halda, görəsən Mübariz Nağıyevlə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Şəhliyar Paşazadənin “Mübariz Nağıyev həmin çəklişi çıxartmağın müqabilində məndən 2500 manat pul istədi” deməsi, nə qədər həqiqəti ifadə edir? Axı, həmin vaxtlarda Şəhliyarın atası İbrahim Hümbətovla görüşüb Yevlax şəhərinə qayıdarkən, o, Mübariz Nağıyevə bildirir ki, “Aysel Şirinova bizim telefonumuzu götürmür, yaxşı olar ki, sən zəng et və onun fikrini öyrən” dedikdə, Mübariz Nağıyev Aysel Şirinovaya zəng edib ondan istəyini soruşur. Xanım Şiriniova edilmiş telefon zənginə cavab verir ki, “mənim istəyim 2500 manat almaqdır” dedikdə, həmin danışığı Şəhliyarın atası da eşidir. Bütün bunlar bir daha onu isbat edir ki, istənilən 2500 manat pulu Mübariz Nağıyev deyil, Aysel Şirinova istəyib. Deməli, Şəhliyar Paşazadənin məhkəmə prosesində söylədikləri şər-böhtandan başqa bir şey deyil.

Mübariz Nağıyevin araşdırdığı və az sonra ona problem yaratdığı məsələlərdən biri də, Bərdə Diaqnostoka Mərkəzində baş verənlər oldu. Yəni, həmin mərkəzdə aparıcı şöbələrdən birinə rəhbərlik edən və çalışdığı sahənin rüşvətxorluq yuvasına çevrilməsində əsas rol oynayan, eyni zamanda vətəndaşı olduğu Azərbaycan dövlətinin varlığına şübhə ilə yanaşan, onun əleyhinə düşünülmüş təbliğati işlər aparan Asif Muxtarovun atdığı addımların ifşa olunmasıdır. Adı çəkilən vəzifə sahibinin belə bir yanaşmalarını və geninə-boluna əhəmiyyət vermədən söylədiklərini geniş ictimaiyyətin diqqətinə çatdıran Mübariz Nağıyev, həmin vaxtlarda Asif Muxtarov tərəfindən hədəfə alınır. Yəni, əli hər yerdən üzülən Asif Muxtarov, o, həbs olunduqdan və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı “Mübariz Nağıyev məndən 1000 manat pul istədi, son anda ona 500 manat pul verdim” deyir. Onun da belə bir açıqlaması həqiqəti ifadə etməyən açıqlama olur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Mübariz Nağıyev adı çəkilən internet televiziyasında əsas söz sahibi olmur ki, o, Asif Muxtarovdan pul tələb etsin.

Başqa bir olay isə, Tərtər rayon Polis Şöbəsinin sabiq əməkdaşı Tofiq adlı şəxslə yaşananlardır. Belə ki, o, da Şəhliyar Paşazadə kimi Aysel Şirinova ilə tanış olduqdan sonra, onu Bərdə şəhərində fəaliyyət göstərən “Kəhriz” kafesinə aparır və həmin ünvanda onunla cinsi əlaqədə olmaq istəyir. Həmin vaxt onun da belə bir niyyəti baş tutmur və son anda tutduğu əməllərindən olduqca peşman olur. Çünki çox keçmir ki, Tofiqin polis adıyla uzlaşmayan əməllərinə hüquqi qiymət verilir və o, səlahiyyətli şəxslərin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric olunur. Həmin vaxt onun sənədlərində guya yazmış olduğu raport əsas gətirilir və belə bir səbəb üzündən də, Tofiqin daşıdığı vəzifəsindən azad edilməsi üçün, ortaya belə bir bəhanə də gətirilir.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində daxili işlər orqanlarından xaric olunmuş Tofiq adlı şəxs də, Mübariz Nagıyevin üzünə durur və guya Aysel Şirinova ilə bağlı çəklişi Regionxeber.tv internet televiziyasına yerləşdirməmək üçün, Mübariz Nağıyev ondan 2 min manat pul istəyir. Amma, Tofiqlə danışılan bir neçə saniyəlik telefon danışıqlarına qulaq asdıqda o da bəlli olur ki, ümumiyyətlə Mübariz Nağıyevin onunla telefon danışığı olmayıb. Tofiqlə bir neçə saniyəlik telefon danışığını Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətov aparır və həmin danışıqlar zamanı bir kimsə digər kimsədən pul tələb edə bilməz. Çünki, pulun istənilməsi üçün buna vaxt da çatmaz. Bütün bunlardan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, Mübariz Nağıyev elə bir səlahiyyət sahibi deyil ki, o, kimlərdənsə pul tələb etsin, yaxud da ala bilsin. Ən əsası isə, əgər Mübariz Nağıyev Tərtər rayon Polis Şöbəsinin əməkdaşı olmuş Tofiq adlı şəxsdən 2 min manat pul tələb edibsə, o halda onun özü də Mübariz Nağıyevin həbsini həyata keçirə bilərdi. Çünki, Tofiqin özü şöbədə səlahiyyət sahibi olmaqla bərabər, kifayət qədər də iş təcrübəsi olan polis zabiti idi. Onun Regionxeber.tv internet televiziyası əməkdaşının üzünə durması və şər-böhtan danışması bir daha onu sübut edir ki, məhkəmə prosesində haqq deyiq, nahaqq qalib gəldi.

Ümumiyyətlə, Mübariz Nağıyevin “sən məhkəməyə gecikmisən” adı altında həbs olunmasının kökündə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun verdiyi sifarişin əsas rol oynaması da ehtimal olunur. Çünki, o, həbs olunmazdan öncə Ağdam rayonu ərazisində tüğyan edən sosial problemləri daim qabardırdı, yerli sakinlərin minbir qanunsuzluqlarla üz-üzə qalmalarını, icra hakimiyyəti başçısının yaxın qohum-əqrəbasına diqqətlə yanaşmasını və.s kimi məsələlərin varlığını daim gündəmə gətirirdi. Sözsüz ki, bütün bunlar Raqub Məmmədovun heç cür xoşuna gələ bilməzdi.

Mübariz Nağıyev bir media nümayəndəsi olaraq daim problemləri qabardırdı, aidiyyəti qurumlar qarşısında məsələ qaldırırdı ki, hər kəsin problemləri həllini tapa bilsin. Bəs son anda nələr baş verdi? Baş verən o oldu ki, sadalanan problemlər həll olunmadı, aidiyyəti qurumlar ünvanlanan məktublara cavab vermədi. Sonrakı proseslər zamanı isə, Mübariz Nağıyev Ağdam rayon İcra Hakimiyyəti başçısının sifarişi və “sən məhkəməyə gecikmisən” bəhanəsi ilə həbs olundu. Amma, Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafenin, Bərdə şəhərindəki “Kəhriz” kafesinin, Yevlax-Xaldan yolunun üstündəki “Ağ otel”in qanunsuzluğa söykənən fəaliyyəti ilə maraqlanan olmadı.

Bütün bunlara baxmayaraq, heç bir əsas olmadan həbsə atılan Mübariz Nağıyev bu gün dəmir barmaqlar arasında cəzasını çəkməkdədir. Himayəsində olan üç azyaşlı övladı isə ata yolunu gözləyirlər. Yaşlı ata və anasının sağalmaz dərdə düşmələri və tək oğul övladları olan Mübariz Nağıyevin azadlığa qovuşması, bəlkə də hər iki valideynin ömrünə yeni bir ömür bəxş edəcək. Yəqin ki, 26 sentyabr 2017-ci il tarixdə saat 16:30-da Ali Məhkəmədə keçiriləcək proses zamanı, Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri olan Mübariz Nağıyevlə bağlı məhkəmə heyyəti ədalət nümayiş etdirib, onun üç azyaşlı övladına, yolunu gözləyən yaşlı və xəstə ata-anasına qovuşması üçün, lazımi addımlarını atacaqlar.