backend

Göygöldə kəlbəcərli köçkünə divan tutulur - İsgəndərovların evini sökmək istəyirlər

Göygöldə kəlbəcərli köçkünə divan tutulur - İsgəndərovların evini sökmək istəyirlər














2017-ci ilin aprel ayında Kəlbəcərdən olan məcburi köçkün Akif İsgəndərovun Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi evin icra başçısıyla bələdiyyə arasında yaranan problemə görə sökülmək təhlükəsilə üzləşdiyi barədə xəbər vermişdik. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra qarşı tərəf geri çəkilmiş, İsgəndərovlar da çətinliyin arxada qaldığını düşünərək, sakit yaşamağa başlamışdı.
Amma görünən odur ki, “gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin” deyən İcra Hakimiyyəti rəsmiləri evi sökməkdə qərarlıdırlar. Belə olmasaydı, sentyabrın 18-də İsgəndərovlar evin kiçik oğlunun ad gününü qeyd edərkən qapını kəsdirməzdilər. Evdə qonaqlar ola-ola elektrik, qaz təchizatının dayandırılması qərarını verməzdilər.

Əlacsız qalan məcburi köçkün yenidən Modern.az-la əlaqə saxlayıb.

“İcra Hakimiyyəti bunlara ekskavator verib ki, gedin evi sökün. Kənd tikilə-tikilə gedir. Ən axırıncı ev mənimdir. Nə qaz, nə də elektrik xəttinə maneçiliyi var. İndicə qazı da, işığı da kəsdilər. Məcburi köçkünlərə dövlət ev verir. Mən əkinə yararsız torpaqda, 50 dərəcə şaxtada öz vəsaitim hesabına ev tikmişəm, indi deyirlər sökəcəklər. Başçı ilə mənə torpaq satan bələdiyyə arasında pul davası gedir, ortada ziyan mənə dəyir. 12 ildir bu başçı rayonu yeyib-dağıdır. Məndən başqa heç kimə dəymir. Özüm qaz, işıq xətti çəkmişəm. Torpaq satan buna pul verməyib nədir, bilmirəm. Onalrın ədavətinin qurbanı mən niyə olmalıyam?!”.

A.İsgəndərov deyir ki, ondan rüşvət də istəmirlər:

“Qorxurlar, rüşvət istəmilər. Deyirlər “məhkəmənin qərarı var”. Əgər bütün evləri söksələr, mən özüm elə evimi söküb yerə qoyaram. Mənim tək istəyim prezidentin, birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna düşməkdir. Başqa istəyim yoxdur. Mən 100 min manat xərcləmişəm bu evin tikintisinə. Bəs mən yazıq deyiləm? O başçı 12 ildir rayonu talan edir”.

“Azəriqaz”ın Göygöl Xidmət Sahəsinin metroloqu Dağbəy Atakişiyev məsələ ilə bağlı Modern.az-a danışıb:

“Bu ünvanı bizə deyəndə ürəyim ağrıdı. Mən iş icraçısıyam, əlimdən heç nə gəlmir. Bizə göstəriş veriblər ki, “get sök”. Bu dəqiqə desinlər qazı “bərpa et”, lap gecə saat 12-də də olsa, gəlib qoşacağam. Amma mənlik heç nə yoxdur burada”.