backend

Dəyərli ziyalımızı itirdik

Dəyərli ziyalımızı itirdik













Bakı Kitab Klubunun yaradıcısı, direktoru Elxan Rzayevin vəfat etməsi xəbərindən çox sarsıldım. Ölüm ona heç yaraşmırdı. Yaşından cavan görünürdü. Həyatdan köçməyə altmış yaş hələ çox az idi.

Hədsiz dərəcədə mədəni, sadə, yerini bilən, danışanda az, həm də mənalı danışan, yaxşılıq edəndə təmanna gözləməyən, gözütox nadir insanlardan idi.

Elxan bəy gözəl insan olmaqla yanaşı böyük ziyalı idi. Bildiyimdən ömrünün son on beş ilini ölkədə kitabın inkişafına, təbliğinə, sevilməsinə həsr etmişdi. Mənəvi həzzdən savayı böyük gəliri olmayan bu sahədə çox çətinliklərə sinə gərmişdi. O qədər təvözəkar idi ki, axır illərədək mən onun fəlsəfə doktoru elmi dərəcəsi olduğunu bilmirdim, təsadüfən bir müsahibəsindən öyrənmişdim. Yalnız vəfat edən günü bilmişəm ki, o, keçmiş xarici işlər naziri Tofiq Qasımovun bacısı oğlu imiş.

On ilə yaxın idi onu tanıyırdım. İlk dəfə 2007-ci ildə, Kitab klubun əvvəlki – Mustafa Sübhi küçəsindəki – yerində tanış olmuşduq. Və mən bu qədər diqqətcil, səmimi, geniş ürəkli insanın var olmasına heyrətlənmişdim.

Hər addımından xeyir gözləyən, yalan danışan, təkəbbürlü, özünü “dövrün ziyalısı” hesab edənlərlə o qədər qarşılaşmışdım ki, Elxan bəylə hər dəfə görüşəndə təəccüb edirdim. Sevinirdim ki, nə yaxşı dünyada safqəlbli insanlar hələ var.

Nurüzlü, təmkinli, ensiklopedik biliyə malik alim, fizik, naşir, tərcüməçi olan bu xeyirxah adam mənim dörd kitabımın çap olunmasına kömək etmişdi. “Lənətə gələnlər”i tərifləmişdi və bir də kiçik esselərimdən xoşu gəlirdi. Hər dəfə söz düşəndə “esseləri topla, gələcəkdə kitab etmək olar”, - deyə tövsiyə edərdi.

Son illər hər bayramda ona zəng edər, hal-əhval tutardım, gördüyüm işlərdən danışar, məsləhətlərini dinləyərdim.

Ötən payız “Müqəssir” adlı povestimi bitirəndə oxumaq üçün ona göndərmişdim. Bir xeyli cümlələrimə düzəlişlər vermişdi, “bu əsərinin oxucusu çox olacaq” demişdi.

Sonuncu dəfə iyulun sonlarında, səhər işə gedən zaman “Azadlıq prospekti” metro stansiyasında görüşmüşdük. Metrodan çıxıb bir xeyli söhbət edə-edə yol getdikdən sonra ayrıldıq. Onun Kitab Klubundan başqa digər bir işdə də çalışdığını bilirdim. Aralıdakı hündür göydələni göstərib dedi: “-Bax, o binanın on birinci mərtəbəsində işləyirəm. Nə vaxt istəsən qonağım ola bilərsən”.

Dünyasını dəyiəndən sonra, O, mənim üçün əbədi olaraq elə o yüksəklikdə də qərarlaşdı. İşıqlı xatirəsi qəlbimdə yaşadıqca daim ayrılanda verdiyim vədimi xatırlayacağam: -Gələcəyəm, Elxan bəy, mütləq bir gün “qonağın” olacağam...