Asura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir — ÜNVANLAR
735
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində qanvermə aksiyası keçirilir.
Trend məlumatına görə, bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O, bildirib ki, qanvermə aksiyaları səhər saat 7-dən başlayıb. İndiyə qədər respublika üzrə 1000-ə yaxın insan artıq qan verib.
Z.Əlimirzəyeva, qeyd edib ki, qan verən insanlar əvvəlcədən müayinə olunur, onların qan verib verə bilməyəcəyi müəyyən edilir və ondan sonra insanlardan qan götürülür.
İnstitut direktoru bildirib ki, indiyə qədər qan verən insanlar arasında halı pisləşən olmayıb. Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.
Ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.
Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur.
Qanvermə aksiya aşağıdakı ünvanlarda keçiriləcək:
1.Yasamal rayon Təzə-pir məscidi 2.Yasamal rayon Hacı Soltanəli məscidi 3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi 4. Səbail rayon İçərişəhər Cümə məscidi 5. Suraxanı rayon Qaraçuxur məscidi 6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi 7. Nizami rayon Keşlə qəsəbə məscidi 8. Sumqayıt şəhəri Cümə məscidi 9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi 10. Mingəçevir şəhər Heydər məscidi 11. Şəki şəhəri mərkəzi Cümə məscidi 12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi 13. Bərdə şəhəri Cümə məscidi 14. Nəsimi rayonu Əjdərbəy məscidi 15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi 16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi 17. Quba rayonu Ərdəbil məscidi