backend

Təhsildə islahatlar: Dəqiq strategiya, yoxsa məzhəkə?

Təhsildə islahatlar: Dəqiq strategiya, yoxsa məzhəkə?























Bizim qismətimizə keçid dövründə yaşamaq yazılıb...

Tədris ilinin başlanmasını açıq elan edən məktəb zənginin sədaları dağılmamış valideynlər bir sıra problemlərlə üz-üzə qalmalı oldular. Bu problemlər zənciri yollarda tıxaclardan başlayıb, axşam öz övladı ilə ev tapşırığını yerinə yetirməyə qədər uzanır.

Heç kim üçün sirr deyil ki, ölkəmizin təhsil sistemində problemlər mövcuddur, bu problemləri həll etmək üçün isə illər lazım gələcək. Zaman isə sürət, daimi tələskənlik, böyük informasiya və çatışmazlıqlar ilə öz şərtlərini diktə edir. Biz isə hələ keçid dövründə yaşamağa məcburuq, bu elə bir dövrdür ki, sovet zamanından qalma sistem artıq tarixə qarışıb, yeni sistem isə yaradılmayıb. Bunun üçün isə bir sıra məmurlara dərin təşəkkürümüzü bildirməliyik, çünki məhz onların sayəsində ölkəmizdə təhsil tədricən məzhəkə halını aldı.

Yalnız bir şey sevindirir ki, son zamanlar irəliləyiş var, amma nəzərə almalıyıq ki, Təhsil Nazirliyinin bu islahatları hamının ürəyincə deyil.

Bütün məktəblilərin valideynlərinin əsas dərdi dərsliklərdir. Bu dərsliklər dəhşətli səhvlərlə zəngindir, onların bir hissəsi redaktə edilib. Amma bu redaktə edilən dərsliklər yalnız mərkəzi məktəblərdə paylanılıb, digər məktəblərdə dərs alan uşaqlar isə 2010-2013-cü il buraxılış dərslikləri ilə kifayətlənməli olublar. Onlar isə bəzən elə vəziyyətdə olur ki, ələ almaq belə mümkün deyil. O üzdən də valideynlərin çoxu dərslikləri almalı olurlar. Bu isə heç də ucuz başa gəlmir. Çünki orta hesabla dərsliyin biri 4-5 manatdır. Nəzərə alın ki, hələ iş dəftərləri də var, baxmayaraq ki, onların mütləq olmadığı elan edilib, məktəblərdə məhz ev tapşırığını bu dəftərlərdə etmək tələb olunur. Düzdür, prinsipə getmək olar, amma hansı valideyn uşağının digərlərindən geri qalmasını istəyər?

Ən əsası 2014-cü ilin dərsliklərini mağazalarda demək olar ki, tapmaq mümkün deyil. Onları əldə etmək üçün bütün tanınmış mağazalarda dövrə vurmaq lazımdır, amma yenə də onların tam dəstini əldə edəcəyinizə zəmanət yoxdur.

Kitabların tərkibi isə ayrı söhbətdir. Keçən il Facebook sosial şəbəkəsində xüsusi səhifə yaradaraq dərsliklərdə olan səhvlərin şəkillərini paylaşırdılar. Düzdür, baş verənlərə gülmək olardı, amma bu göz yaşları içindən olan bir gülüş olardı. Rus bölməsinin şagirdləri üçün Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi ayrı söhbətin mövzusudur. Riyaziyyat dərsliyində 2-ci sinif üçün isə qurulan məsələlər bəzən ali təhsilli adamı belə məəttəl qoyur...

Yeri gəlmişkən, redaktə olunmuş dərsliklərin əvvəlkilərdən prinsipcə nə ilə fərqləndiyi də aydın deyil, - çünki orda da səhvlər tapılır. Bir şagirdin anası fərqi, məsələn, tapmacaların yerinin dəyişilməsində görüb.

Bir çox valideynlər son illərdə uşaqların dərslə yüklənməsini həyat üçün mübarizə ilə müqayisə edirlər. Bir tanış valideyn bu yaxınlarda “mənə elə gəlir ki, biz sutkanın 24 saatını oxuyuruq, bəs bir neçə ildən sonra nə olacaq?” deyə şikayət edirdi.

Təhsil Nazirliyi buna çox orijinal reaksiya verdi – ölkədə tədris ili iyun ayının 14-nə qədər uzadıldı. Bunun son olmadığı barədə şayiələr də gəzir, deyəsən, 2015-ci ildən bizim uşaqlıqdan tanış olan ilk dərs günü sentyabrın 1-i geri dönəcək. Bir çox valideynlərdə bu narazıçılıq yaratdı.

Bəs digər ölkələrdə vəziyyət necədir?

ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox Amerika məktəbləri tədris ilinin başlanacağı günü seçməkdə sərbəstdirlər, sadəcə qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdırlar. Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür).

Yeri gəlmişkən bütün birincilər məktəbə gəlmir, çünki onlarda “home schooling” evdə təhsil anlayışı da mövcuddur. Bununla yanaşı evdə yalnız xəstə deyil, eləcə də tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir, onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər.

Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur, bu uşaqlara 15.00-dan 16.00-a qədər çəkən dərs gününün sonuna qədər dözmək üçün lazımdır. İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir.

Yapon birinciləri dərsə aprelin əvvəli gedirlər – məhz ilin bu vaxtı hava şəraiti əlverişlidir, nə isti, nə də ki soyuqdur.

Bilik Günündə 6 yaşı tamam olan yaponlar ilk dəfə məktəbə gedirlər. Bu gündə balacaları məktəb müəllimləri salamlayır, valideynlərə nə almaq lazım olduğunu söyləyir, heç bir dərs keçirilmir və artıq günün ortasında hamı evə gedir. Sonra isə valideynlərin və balacaların hazırlaşmaq üçün bir həftə vaxtı olur. Yaponiyada ibtidai məktəb 6 il çəkir, sonra 3 il orta siniflər. Bununla da icbari təhsil başa çatır. Arzu edənlər 3 il daha təhsil ala bilərlər. Beləliklə də cəmi 12 il.

Yaponiyada tədris ili üç semestrə bölünür. Məlum olduğu kimi yapon məktəbində dərslər səhər saat 8-də başlayır, 3-4 dərs keçilir, sinifdə 35-40 uşaq olur, dərslərin müddəti 50 dəqiqədir. Bundan sonra dadlı nahar, bu nahar bir saat çəkir, sonra daha 2 dərs keçilir. Bu rejimdə uşaqlar iyulun 20-nə qədər oxuyurlar, yəni bir semestr və 31 avqusta kimi tətilə gedirlər. Sentyabrın birində yapon uşaqlarında ikinci semestr start götürür, bu semestr dekabrın 23-nə kimi çəkir, sonra üçüncü, 8 yanvardan 20 marta kimi. Yeri gəlmişkən bildirək ki, siniflər arasında tətillər çox qısadır 3 həftəyə yaxın. Bu baxımdan bizim şagirdlərin bəxti gətirib, yorucu dərs ilindən sonra daha çox dincələ bilirlər.

İslandiya şagirdlərində dərs ili avqustun sonunda başlayır və onlar 180 gün dərs keçirlər. İslandiyada ibtidai məktəb 7 sinifdən ibarətdir, burada bütün dərsləri bir müəllim tədris edir.

Çində tədris ili sentyabrın 1-dən başlayır, iyulun əvvəlində bitir. Məktəbdən öncə uşaqlar uşaq bağçalarına gedir, ora 3 yaşından 6 yaşına kimi uşaqları qəbul edirlər. İlkin siniflərin proqramı yetərincə çətindir, burada siyasət, mənəvi tərbiyə, Çin dili, Coğrafiya, Kimya, Biologiya, Fizika, Musiqi və İncəsənət dərsləri hamı üçün rahat olmur.

Almaniyanın bütün 16 federal torpaqlarının hərəsinin öz dərs ili var. Adətən uşaqlar parta arxasına avqust-sentyabr aylarında əyləşirlər, dərslər isə altı yaşından başlayır və 10-12 yaşında orta məktəbə keçirlər, 16 yaşından isə orta ixtisas məktəblərinə keçirlər.

İspaniyada müxtəlif əyalətlərdə dərs ili müxtəlif vaxtlarda başlayır. Adətən məktəblər şagirdləri sentyabrın 1-dən qəbul edir, amma bir az gec də ola bilər. İş ondadır ki, burada dərslərin başlanğıcı məhsul yığımının başa çatması ilə əlaqədardır. Amma bütün şagirdlər dərsə oktyabrın 1-dən gec başlamamalıdırlar. İspan məktəblilərinin tətili çoxdur – Milad bayramı, Müqəddəs həftə, yay tətili, bütün milli bayramlar və s.

Gördüyümüz kimi müxtəlif ölkələrdə dəqiq dərs ilinin başlanğıcı yoxdur: Almaniya, İspaniya, Fransa, İsveç, ABŞ və digər ölkələrdə uşaqlar avqust-oktyabr aylarında dərsə başlayırlar, Avstraliyada isə hətta fevralda. Bundan başqa hər il dərs ilinin başlanğıcı dəyişə bilər.

Yəni bu ölkələrdə dəqiq strategiya seçilib. Bu strategiya iqlim və s. kimi yerli xüsusiyyətlərə əsaslanır və buna uyğun olaraq kimsəni təqlid etmədən işləyirlər. Elə bizdə də dərslərin 15 sentyabra keçirilməsinə dair qərar qəbul edildikdə uşaqların 40 dərəcə istidə əziyyət çəkməmələri üçün edilmişdi.

Yalnız ümid etmək qalır ki, uşaqlarımızın təhsili ilə məşğul olan insanlar nə etdiklərini bilirlər və bu islahatlar nəhayət ki, gözlənilən nəticəni verəcək və biz uşaqlarımızın Vətəndə də layiqli təhsil alacağına inanaraq, bunun üçün ABŞ və Avropaya göndərməli olmayacağıq.