Gecə-gecə əhaliyə bəd xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!

218

Gecə-gecə əhaliyə bəd xəbər - KASIB YAZIQ NEYLƏSİN!!!
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür

"2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir". Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.
"2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq" deyən iqtisadçı deputat qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.

Azərbaycan təcrübəsindən çıxış etsək, onu deyə bilərik ki, maaş və pensiyaların artımı bazarlarda yeni bahalaşma dalğası yarada bilər. İstehlak bazarına daxil olan əlavə pul kütləsi qiymət artımı üçün əsas rolunu oynaya bilər.

Bu ehtimalı iqtisadçı-ekspert Rəşad Həsənov da istisna etmir. O, "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, faktiki olaraq bu gün inflyasiyanın 14 faizdən yuxarı olması əhalinin gəlirlərini dəyərsizləşdirən əsas faktorlardan biridir: "Məhz bu son nəticədə sosial rifahın mövcud standartlardan aşağı düşməsinə gətirib çıxarır. Bu kimi neqativ təsirlərin müəyyən qədər aradan qaldırılması məqsədilə böyük ehtimalla 2018-ci ilin əvvəlindən etibarən dövlət sektorunda çalışanların əməkhaqlarına müəyyən korreksiya ediləcək. Böyük ehtimalla bu artım 10 faiz ətrafında olacaq".

Pensiya təminatı məsələsinə gəlincə, ekspert vurğuladı ki, "Pensiya təminat sistemi haqqında" qanunvericiliyə edilmiş yeni dəyişikliklərə görə, artıq bundan sonrakı illərdə əmək pensiyalarının məbləği indeksasiya edilərkən inflyasiya göstəricisi deyil, orta aylıq əməkhaqqının artım səviyyəsi nəzərə alınacaq: "Son nəticədə bu faktiki olaraq, 2018-ci il üçün 2017-ci ildə baş verən inflyasiyanın kompensasiyası olmayacaq. Çünki faktiki olaraq, inflyasiya 14 faiz səviyyəsindədir. Bu il inflyasiya səviyyəsi yüksək olduğundan əməkhaqları dəyərsizləşib. Bu baxımdan ehtimal olunur ki, ənənəvi olaraq dövlət sistemində çalışanların böyük əksəriyyəti üçün əməkhaqları 10 faiz artırılsın. Ola bilsin ki, gələcəkdə əməkhaqqının artım tempi inflyasiyanı üstələsin, bu müsbət məqam hesab olunar. Ancaq faktiki olaraq 2018-ci ildəki indeksasiya inflyasiya zərərlərini kompensasiya etmədiyindən istehlak məhsullarındakı qiymət artımları əhalinin ümumi gəlirlərinə mənfi təsir göstərəcək".

R.Həsənovun sözlərinə görə, bu gün faktiki olaraq inflyasiya gedir və o, ən yüksək həddədir: "2018-ci il üçün inflyasiya həm beynəlxalq maliyyə qurumları tərəfindən, həm də ekspertlər tərəfindən daha aşağı proqnozlaşdırılır. Çünki 2017-ci il üçün bazar devalvasiyaları qiymətləndirirdi. Növbəti ildə ola bilər ki, qiymətlər hökumətin tənzimlənmə siyasəti nəticəsində aşağı düşsün. Buna baxmayaraq, təbii ki, qiymətlərdə artım baş verəcək. Son nəticədə bazara istənilən formada daxil olan artıq pul kütləsi müəyyən qədər qiymət artımlarına səbəb olur. Bu, 2018-ci il üçün proqnozlaşdırılan büdcə göstəricilərində də özünü göstərir. Növbəti ilin büdcəsinin bu illə müqayisədə 15-20 faiz daha çox olması proqnozlaşdırılır. Hələlik bu göstəricilər tam açıqlanmadığı üçün konkret rəqəmi demək çətindir. Bu da bazara əlavə pul kütləsinin daxil olmasına səbəb olacaq. Digər tərəfdən isə təbii ki, indeksasiyalar və əməkhaqqı artımları da istehlak bazarında pul kütləsini artıracaq. Son nəticədə liberal olmayan bazar iştirakçıları üçün qiymətləri bahalaşdırmağa şərait yaradacaq. Bu kimi neqativ hallarla əsas mübarizə metodu məhz iqtisadiyyatın liberallaşdırılması istiqamətində konkret addımların atılması ilə həll edilə bilər".

Qaynarxett.az