backend

Energetika naziri "Əsrin müqaviləsi"nin pərdəarxasından danışdı - VİDEO

Energetika naziri "Əsrin müqaviləsi"nin pərdəarxasından danışdı - VİDEO






















"Əvvəlcədən Rusiya buna etiraz edirdi nota da vermişdi".

Bir neçə gün öncə Azərbaycan onun üçün böyük əhəmiyyətə malik olan "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyini qeyd etdi. Bu gün energetika naziri Natiq Əliyev o zaman Dövlət Neft Şirkətinin prezidenti idi.

qaynarxett.az xəbər verir ki, Natiq Əliyev müqavilənin imzalanma mərasimi ilə bağlı xatirə və təəssüratlarını ANS-lə paylaşıb.

-Natiq müəllim düz 20 il əvvəll bu tarixlərdə nələr baş verirdi? İstərdik pərdəarxası məqamları, sizin, Heydər Əliyevin, bir neçə nəfərin bildiyi hadisələri bizə danışasınız...

- O günlər unudulmaz günlər idi. Ümumiyyətlə 1994-cü il xalqımızın tarixində məsuliyyətli bir il idi. Bu ildə bir neçə gərgin danışıqlar oldu. Türkiyədə, İstanbulda azı 15-20 gün bütün şirkətlərlə birlikdə müqavilələr hazırlayırdıq. Onun 70-80 faizi demək olar ki, hazır idi. Ondan sonra iyul ayında biz Amerikanın Hyuston şəhərinə getdik. Çox böyük bir komandamız var idi. Ona rəhbərlik edən də hazırki prezidentimiz İlham Əliyev idi. Hörmətli prezidentimiz o zaman Dövlət Neft Şirkətinin birinci vitse prezidenti vəzifəsində danışıqlara rəhbərlik edirdi. O danışıqlara özü rəhbərlik edir, müqavilənin başında özü dayanırdı. Orada iqtisadi məsələrlə yanaşı, siyasi, diplomatik, dövlətlərarası məsələlər də var idi.

Sentyabrda biz Hyustondan qayıtdıq. Bunu bir neçə dəfə ulu öndərimiz də qeyd etmişdi. Qayıdandan sonra, səhv etmirəmsə sentyabrın 12-də məni dərhal qəbul etdi və ona əsas prinsiplər, nəyi müdafiə etdiyimizi, nəyə nail olduğumuz barədə ətraflı məlumat verdim. O razı qaldı və bildirdi ki, Nazirlər Kabinetinə, parlamentə bəzi tapşırıqlar verəcək.

O vaxt mənə dedi ki, "mən qərar vermişəm ki, artıq ayın 20-də biz müqaviləyə imza atacağıq". Bunu böyük bir tədbir kimi görürdü.

Elə bir sahə yox idiki bu müqavilənin təsiri olmasın. Ona görə, ulu öndərimiz Heydər Əliyev bunu o zaman çox böyük hadisə kimi qiymətləndirirdi. Bildiyiniz kimi, bütün dünya ölkələrindən çox yüksək rütbəli rəhbərlər gəlmişdi. Ora nəinki müqavilədə iştirak edən şirkətləri təmsil edən ölkələrin rəhbərləri, eləcə də bizim dostlarımız da gəlmişdi. Çoxlu qonaqlarınmız var idi.

Yadımdadır ki, H.Əliyev mənə sentyabrın 12-də dedi ki, biz bunu çox böyük piar etməyək. Mən onu başa düşürdüm. Ona görə ki, o zaman çox təhlükəli vəziyyət idi.

Rusiyanın neft nazirinin müavini də bizim mərasimdə iştirak etdi. Əvvəlcədən Rusiya buna etiraz edirdi. Nota da vermişdi. O Azərbaycan Xəzər dənizinin statusu həll edilmədən birtərəfli hansına hərəkət etməsinə, xarici şirkətləri Xəzər dənizinə gətirməsinə ciddi etiraz edirdi. Amma o zaman ümumilli liderimiz Heydər Əliyev buna baxmayaraq öz qəti fikrini bildirmişdi və demişdi ki, Xəzər dənizinin Azərbaycan sektoru hüquqi cəhətdən Azərbaycana məxsusdur. Biz müstəqil olaraq öz qərarımızı veriri və üstündə dayanırıq. Və bu məsələ həll edildi.

Mən inanmıram ki, hansısa bir dövlət o zaman açıq şəkildə bunu göstərə bilərdi. Siz bilirsiniz ki, daxildə də vəziyyət o qədər yaxşı deyildi. Müqavilə imzalanandan dərhal sonra xoşagəlməz hadisələr baş verdi. Sui-qəsdlər, təcridxanadan bəzi cinayətkarlar qaçdı və sairə. Bunlar hamısı təşkil olunmuş hadisələr idi. Heydər Əliyev o vaxt bilirdi ki, belə hadisələr baş verə bilər. Mən sizinlə tamamilə razıyam ki, həm daxildə, həm xaricdə bəzi qüvvələr var ki, bu müqavilənin imzalanmasının qarşısını almaq üçün hansısa bir hadisə törədə bilərdilər. Ona görə də o mənə dedi ki, siz bunu yaymayın, amma hazırlaşın. Artıq sentyarın 17-də müqavilənin imzalanması ərəfəsində biz Xarici İşlər Nazirliyi ilə birgə hazırlıq işləri ilə - dəvətnamələrin hazırlanması, qarşılanma kimi işlərlə məşğul olurduq.

Müqavilə özü 500 səhifə idi. Onu Azərbaycan dilinə tərcümə etmək, ingilis dili ilə müqayisə etmək işləri kimi işlərlə məşğul idik. Mən deyərdim ki, çox gərgin vaxt idi. Biz hamımız çalışırdıq ki, həm imzalanma mərasimi, qonaqlarımız və sairə işlər yaxşı keçsin.