backend

Pakistanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ və Kəşmir problemləri oxşardır” — MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ və Kəşmir problemləri oxşardır” — MÜSAHİBƏ














“Ölkə.Az” saytının əməkdaşı Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Səid Xan Mohmand ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

- Pakistanla Azərbaycan arasında çoxtərəfli əlaqələr mövcuddur. Cənab Səfir, bu əlaqələrin dünənindən və bu günündən danışardınız.

- Azərbaycan Müstəqilliyini əldə etdikdən bu yana Pakistan onun yanındadır. Biz ilk ölkələrdən biriyik ki, Azərbaycanın Müstəqilliyini tanımışıq. Bu əlaqələr 25 il əvvəl başlayıb. Bir müddət əvvəl biz bu 25 illik yubileyi qeyd etdik. Azərbaycan Müstəqillik əldə etməmişdən əvvəl də Pakistanda tanınırdı, sevilirdi. Bizim qardaşlıq münasibətlərimiz var. Pakistan və Azərbaycan bütün beynəlxalq forumlarda bir-birini dəstəkləyir. Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin yarandığı gündən biz Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik və dəstəkləyirik. İslam Əməkdaşlıq Təşkilatında və bütün başqa beynəlxalq təşkilatlarda bir-birimizə dəstək oluruq. Dağlıq Qarabağ problemində biz Azərbaycanı dəstəkləyirik, Azərbaycan da bizi Kəşmir problemində dəstəkləyir. Bizim dostluq əlaqələrimiz möhkəmdir və inkişaf etməkdə davam edir.

Son 25 ildə bizim ölkələrin liderləri arasında xeyli rəsmi görüşlər keçirilib. Bu görüşlərdə regional və qlobal məsələlər müzakirə olunub. Qarşılıqlı müqavilələr imzalanıb. Bu 25 il ərzində Pakistanın üç Prezidenti və üç baş naziri Azərbaycana səfər edib. 2016-cı ilin dekabrında Pakistanın keçmiş baş naziri Nəvas Şərif Azərbaycana rəsmi səfər etdi. Mərhum Prezident Heydər Əliyev Pakistana səfər edib. Cənab Prezident İlham Əliyev Pakistanda rəsmi səfərdə olub. Son səfər cari ilin 27 fevral tarixində baş tutub. Son illər parlamentlər arası əlaqələr güclənib. Hər iki parlamentdə dostluq qrupu yaradılıb. Digər rəsmi şəxslərin də - nazirlər, dövlət qrumlarının rəhbərlərinin görüşləri olub. Bu görüşlər əlaqələrimizin daha da güclənməsinə səbəb olur. Bütün bu görüşlərdən, əlaqələrdən başqa bu iki xalqı birləşdirən başqa dəyərlər də var. Buraya bizim tariximiz, dinimiz, mədəniyyətimiz və ədəbiyyatımız daxildir. Prezident İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi İli elan etdi. Bu, Azərbaycanın İslam ölkələri arasındakı əhəmiyyətli rolunun göstəricisidir.

- Azərbaycanın müstəqilliyini ilk tanıyan Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk gündən öz mövqeyini açıq şəkildə bildirib. Cənab Səfir, bu münaqişənin tənzimlənməsində İslamabad həlledici amil kimi nəyi görür?

- Dağlıq Qarabağ və Kəşmir problemləri oxşardır. Fərq ancaq bu problemin yarandığı tarixdədir. Kəşmir problemi 70 ildir davam edir, Dağlıq Qarabağ problemi isə 25-30 ildir davam edir. Pakistan bütün dövlətlərin ərazi bütövlüyünü və bölünməzliyini dəstəkləyir və bu səbəbdən hər hansı bir ölkədə ərazi problemi, bölünmək məsələsi yaranırsa, biz həmin ölkəni dəstəkləyirik. Bu problemdə təkcə ərazi bütövlüyü yox, həm də pozulmuş insan hüquqlarının bərpasını dəstəkləyirik. Kəşmirdə də, Dağlıq Qarabağda da milyonlarla insan həlak olub, qaçqın və köçkün düşüb. Bu səbəbdən də biz Ermənistanı bir ölkə kimi tanımırıq. Bizim Parlamentdə Xocalı Soyqırımının tanınması barədə 2014-cü ildə Qərar çıxıb. 2017-ci ildə Parlamentimizin Beynəlxalq Əlaqələr Komitəsi Azərbaycanın ərazi bütövlüyü barədə başqa bir Qərar qəbul edib.

- Cənab Səfir, dövlətlərarası rəsmi əlaqələr yüksək səviyyədədir. Dövlət və hökumət başçılarının rəsmi səfərləri gözlənilirmi?

- Bəli, bu görüşlər davam edir. Bu ilin sentyabr ayında ticarət nazirimiz Azərbaycana rəsmi səfər etdi. Bir neçə gün əvvəl bizim Hərbi Hava Qüvvələrinin Baş Komandanı Bakıda səfərdə olub. Bu yaxın günlərdə İqtisadiyyat Katibinin səfəri gözlənilir. Azərbaycan tərəfdən də rəsmi şəxslərin Pakistana səfərləri olur və bu səfərlər hər zaman davam edəcək.


- Pakistan iqtisadiyyatı son illər uğurla inkişaf edir. Cənab səfir, Cənubi Qafqazın əsas iqtisadi güc mərkəzi olan Azərbaycanla iqtisadi əlaqələr sizi qane edirmi?

- Xeyr, qane etmir. Ölkələr arasındakı ticari əlaqələri bağlanmış müqavilələr tənzim etsə belə, ticarətin həcmi ölkənin ticari qüvvəsindən də asılı olur. Pakistanın başqa qonşu ölkələrlə də ticari əlaqələri var - İran, Türkiyə və Rusiya ilə. Ancaq bu dövlətlərin əhalisinin sayı və onlarla olan tranzitin keçiriciliyi ticari həcmlərin böyük olmasına imkan yaradır. Azərbaycanla isə həm ərazinin uzaqlığı, tranzitin çətinliyi və bir də Azərbaycan əhalisinin az olması bu ticari həcmin az olmasına səbəbdir. Lakin ümid edirik ki, yeni açılacaq Şimal-Cənub tranzit dəhlizi bu ötürücülük qabiliyyətini çoxaldacaq, bunun da nəticəsində ticarətin həcmi artacaqdır. Prezidentlər arasında bağlanmış yeni Müqavilələr energetika sahəsini də əhatə edir. Buraya neft-qaz sənayesi, kimya sənayesi daxildir. Azərbaycanın AZPROMO şirkəti bu ilin yanvar aynda Pakistana səfər edib. Şirkət bu ilin noyabr ayında başlanacaq “EXPO Pakistan” sərgisinə dəvət alıb. Bütün bunlar imkan verir ki, iki ölkə arasında ticari qurumların ticari əlaqələri daha da genişlənsin.

- Cənab Səfir, iki ölkə arasında tələbə, səhiyyə və mədəni mübadilə Sizi qane edirmi?

- Tələbə mübadiləsi ilə əlaqədar 16 niyyət Protokolu imzalanıb, 8 Müqavilə bağlanıb. Qalan Müqavilələr də imzalanmaq üçün hazırdırlar. Ötən ildən başlayaraq Pakistan tərəfindən professional təlimlər layihəsi keçirilir. Ümid edirik ki, bu layihə genişlənəcək. Bakı Dövlət Universitetində xeyli pakistanlı tələbə təhsil alır. Pakistanda azərbaycanlı tələbələrin də sayı çoxdur. Onların əksəriyyəti mühəndislik, iqtisadiyyat və səhiyyə sahəsində təhsil alırlar.

- Pakistan dövlətinin dəstəyi ilə Azərbaycanda Urdu dilinin öyrənilməsinə başlandı. Möhtəşəm ədəbiyyat yaratmış Urdu dili dünya ədəbiyyatına Əsədulla xan Mirzə Qalib kimi şairi bəxş etmişdir. Bu ədəbiyyatın Azərbaycanda öyrənilməsində və Urdu şairlərinin Azərbaycan dilinə tərcüməsində bu gün hansı işlər görülür?
- Əsədulla xan Mirzə Qalib təkcə urdu dilində yox, həm də farsca yazmışdır. 19-cu əsrin böyük şairinin külliyyatı çox genişdir. Azərbaycanda olan Dillər Universiteti, tərcümə mərkəzləri bu şairin tərcüməsi sahəsində böyük işlər görə bilərlər. Təəssüf ki, Pakistanda Azərbaycan dilini mükəmməl bilən tərcüməçilər yoxdur. Bunu Azərbaycanın dilçiləri etsələr, daha yaxşı olar.

- Sovet dönəmində kinoteatrlarda Hind filmləri ilə bərabər Pakistan filmləri də nümayiş olunurdu. Pakistan kinomatoqrafiyası bu gün Azərbaycan tamaşaçılarına nə təklif edərdi?

- Sovetlər İttifaqının Hindistanla əlaqələri daha sıx idi və bu səbəbdən də Hindistan kinomatoqrafı Sovet prokatında daha çox təmsil olunurdu. Keçən əsrin 50-70-ci illərində Pakistan və Hindistanın kinomatoqrafiyası bərabər inkişaf etsələr də, sonralar Hindistanın Bollivudu sıçrayış edib dünya miqyaslı bir sənayeyə çevrildi. Pakistan kinomatoqrafı da inkişafdadır. Lakin bizim televiziya imkanlarımız daha geniş olduğundan bizdə teleseriallar çox çəkilir. Elə Hindistanda da bizim teleseriallara baxırlar.

- Pakistan xalqı uzun illərdir terrorizmdən əziyyət çəkir. Cənab Səfir, terrorizmin səbəbi nədir və Pakistanda onu nə qaynaqlandırır? Ümumiyyətlə bu qanlı toqquşmaların təriqət tərəfdarları arasında baş verdiyini demək olarmı?

- Son 15 ildə Pakistanda terror aktları baş vermirdi. Lakin Əfqanıstanla qonşuluq özünü göstərir. Əfqanıstanda Sovet qoşunları olan zamanlarda xeyli silahlı dəstələr əmələ gəlmişdi və bu silahlı dəstələr Pakistan sərhədini keçərək silah və sursatları Pakistana daşımışdılar. Terrorizm böyük bəladır. Terrorizmin Pakistana bu gün üçün vurduğu ziyan iqtisadiyyatda 20 milyard dollar səviyyəsində qiymətləndirilir. Əhali arasında 20 min vətəndaşın həlak olmasına səbəb olub. Bundan əlavə, 6 min nəfər xidmətdə olan əsgər və polisimiz həlak olub. Pakistan terrorizmdən ən çox zərər çəkən dövlətdir. Şərqin qapısında yerləşən Pakistan ən böyük zərbəni özü alıb. 2001-ci ilin 11 sentyabr terrorunu törədən terroristlərdən heç biri Pakistan vətəndaşı olmayıb.


- Pakistan iqtisadiyyatının aparıcı sahələri hansılardır, Cənab Səfir, ümumiyyətlə terrorizm Pakistan iqtisadiyyatının zəifləməsinə təsir etdimi?

- Terrorizm Pakistana kənardan gəldiyi üçün və kənardan idarə olunduğu üçün iqtisadiyyatımıza vurduğu ziyan böyükdür. Terrorizm iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Terrorizm həyatın bütün sahələrinə sirayət edir-məktəblərə, universitetlərə, xəstəxanalara, polisə və hərbçilərə. Bunun da nəticəsində iqtisadiyyatımız zəifləyir.

- Pakistan İslam ölkələri arasında aparıcı mövqeyə malikdir. Cənab səfir, Yaxın Şərqdə, Ukraynada, Myanmada və İspaniyada baş verən proseslərə rəsmi İslamabadın münasibəti necədir?

- Biz öz beynəlxalq öhdəliklərimizə və öz prinsipimizə dayanaraq bütün ölkələrin ərazi bütövlüyünü və bölünməzliyini dəstəkləyirik. İspaniyanın Kataloniya bölgəsində baş verən referendumu tanımırıq. Ukraynanın bölünməzliyini dəstəkləyərək Donbası Ukraynanın ərazisi kimi tanıyırıq. Myanmada baş verən soyqırım barədə onu deyə bilərəm ki, keçən əsrin 70-ci illərində də belə soyqırım aktları baş vermiş və onların nəticəsində qaçqın və köçkünlər indi də Pakistanda yaşayırlar.

- Uzun bir tarixi müddətdir ki, Hindistan və Pakistan arasında Kəşmir problemi yaşanır. Həmin problemin həllini necə görürsünüz?

- Biz bu problemin BMT-nin Qərarları əsasında həll olunmasını istərdik. Biz həmişə danışıqlara hazır olmuşuq. Əvvəllər bu danışıqlar baş verirdisə də, bu gün Hindistanda olan induist hökumət bu danışıqlardan boyun qaçırır və bu səbəbdən də danışıqlar dayandırılıb. Bildiyiniz kimi, hər iki ölkə nüvə ölkəsidir, iki ölkə də iqtisadiyyatının bütün sahələrini müdafiə sahəsinə yönəltdiyindən hər iki ölkənin iqtisadiyyatına güclü ziyan dəyir.

- Cənab Səfir, diplomatik missiyanızı Azərbaycanda həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

- Rəsmi səviyyədə qarşılıqlı görüşlər davam edir. Bağlanmış Müqavilələr hər iki tərəf üçün xeyirli və sərfəlidir. Lakin bir neçə istəyim var ki, onların da üzərində iş gedir. İstərdim ki, iki ölkə arasında birbaşa hava nəqliyyatı yaransın. Hal-hazırda Bakı-İslamabad, Laxor-Naxçıvan marşrutlarının açılması barədə işlər davam edir. Digər istəyim budur ki, mədəni mübadilələrimiz daha geniş və daha səmərəli olsun. Turizmin inkişafına böyük ümidlər bəsləyirəm.

Qeyd edim ki, bu il Pakistandan Azərbaycana gələn turistlərin sayı 25 mindən çox olub. İstərdim ki, Azərbaycandan Pakistana səfər edən turistlərin sayı bu rəqəmlərlə ölçülsün.

Söhbətləşdi: Xəyalə Süleymanqızı
Ölkə.Az