Nalbandyan: Dağlıq Qarabağ Litvaya tabe olub - BUNA NƏ DEYƏSƏN?

216

Nalbandyan: Dağlıq Qarabağ Litvaya tabe olub - BUNA NƏ DEYƏSƏN?

Ermənistanın xarici işlər nazirinə təcrübəli həkim lazımdır.

Gündən-günə əmin olmaq olur ki, Ermənistanın bütün siyasi elitası xəstədir. İlkin diaqnoz psixikanın pozulmasıdır. Burada çox təcrübəli yaxşı həkim lazımdır.

Məgər normal adam belə şey danışarmı? Nalbandyan Avropanın erməni icması ilə görüşən zaman qəflətən bildirib ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayıb və heç zaman da olmayacaq. Soruşmaq lazımdır ki, bəs, Qarabağ hara aid olub - Rusiyaya, Litvaya, Monqolustana?

Belə şeyi yalnız başdan xəstə adam deyə bilər. Amerikalıların çox gözəl atalar sözü var: əgər sən belə ağıllısan, onda niyə belə kasıbsan? Bəs, onda bu görüşlər, danışıqlar, Ermənistanın yaxın günlərdə bir neçə rayonu geri qaytaracağı barədə işarələr nəyə lazımdır.

Ermənistanın bədbəxtliyi ondadır ki, onlar Azərbaycanın bir neçə rayonunu işğal ediblər və sonra nə edəcəklərini bilmirlər. Əvvəl hansısa qurum yaradıb respublika dedilər. İndi öz nazirlərinin dili ilə deyirlər ki, onlar üçün ən önəmlisi odur ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın ərazisi olmayıb.

Belə düşünmək lazımdır ki, bunların uydurduğu respublika ideyası sona çatıb. Halbuki, Xankəndidəki oyuncaq rejimin marionet kuklalarının prezidentlik ideyası o qədər xoşuna gəlib ki, onlar hətta İrəvanla söyüşməyə də hazırdır. Nalbandyan isə təntənəli şəkildə Avropada bildirib ki, Ermənistanın indiki rəhbərlərin heç biri heç zaman razılaşmaz ki, Qarabağ Azərbaycanın tərkibinə qaytarılsın.

Bəs, onda nə etməli? Çıxış birdir - baş xəstə olan köhnə rəhbərləri yeni, heç zaman “heç zaman” deməyən daha praqmatik gənclərlə dəyişmək lazımdır. Bu daha tez baş verə bilər - 2018-ci ilin aprel ayında baş verəcək seçkilərdə.

Mais Məmmədov, əməkdar jurnalist