backend

Masallıda məktəb islahatı narazılıq yaradır - GİLEY

Masallıda məktəb islahatı narazılıq yaradır - GİLEY













Masallı rayon Kürdəbaz kənd ümumi məktəbinin müəllim və şagird heyəti məktəblərinin ləğv edilərək başqa məktəblə birləşdirilməsinə etiraz edir.
Kənd sakinlərinin verdiyi məlumata görə, dərs ili başlayandan indiyədək uşaqları dərsə gedə bilmirlər: “Rasionallaşdırma adı altında məktəblərin birləşdirilməsi prosesi gedir. Bizim kəndin də məktəbini ləğv edib birləşdiriblər qonşu Qarğalıq kəndindəki məktəbə. Biz bu prosesə yox demirik və eyni kənddə, eyni məhəllədə olan məktəblərin birləşdirilməsinə etiraz etmirik. Ancaq bizim məktəbin birləşdirildiyi məktəbə 3-4 kilometr məsafə var. Bizim kəndin ən yaxın evi ilə Qarğalıq kənd orta məktəbin arası 2 kilometrə yaxındır. Bizim məktəb 9 illikdir, 1989-cu ildə kənd sakinlərinin öz vəsaiti hesabına tikilib, hazırkı durumu qənaətbıəxşdir. Təhsil Nazirliyindən gələn adamlara, onlar da yuxarılara necə məlumat verir bilmirik, bizə deyirlər ki, məktəbdəki kadrlardan neçə faizi tələb olunan balı toplaya bilməyib. Məgər bunun günahkarı bizik, bizim övladlarımızdır? Hər bal toplamayan müəllimin məktəbi bağlanmalıdırmı?”
Sakinlər bildirirlər ki, onlara uşaqları aparıb-gətirmək üçün avtobus verilməsi təklif edilib, valideynlər razılaşmayıblar: “Çünki bunun daim olacağına inanmırıq. 104 şagirdi avtobusla aparıb-gətirmək mümkünsüzdür, yalançı təklifdi, milləti sakitləşdirməyə çalışırlar, amma biz sakitləşməyəcəyik. Masallının Xalıcalı kəndində 60 şagird üçün modul tipli məktəb tikilib, necə olur bizim 104 şagirdlik məktəbimiz bağlanır? Ölkə rəhbərliyindən xahiş edirik, məsələyə əncam çəkilsin. Əks halda, biz övlarlarımızı məktəbə buraxmayacağıq. Lap lazımdırsa biz öz cibimizdən pul verək məktəbimizi təmir etdirək. Halbuki bizim məktəbimizdən daha bərbad durumda olan təhsil ocaqları var ki, fəaliyyət göstərirlər”.
Şikayətçilər deyirlər ki, məktəbin həyətyanı sahəsinin ələ keçirilməsində maraqlı olan İcra nümayəndələrinin istəyi ilə Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov belə bir təşəbbüs irəli sürüb: “Tariyel Əkbərov həm də kənd məktəbinin göstəricilərinin çox zəif olduğunu deyir. Amma bu, yalandır. Hazırda məktəbdə 104 şagird, 14 müəllim heyəti var. Kürdəbaz kənd ümumi məktəb 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib. Kəndimizdə nə kitabxana, nə mədəniyyət klubu var. Məktəbi də yox etmək istəyirlər”. Sakinlərin verdiyi məlumata görə, hazırda qonşu kənddəki məktəbə 10-15 nəfər şagird gedir ki, onlar da icra nümayəndəsinin, bələdiyyənin və onların yaxınlarının övladlarıdır: “Qalan 70-80 şagird hələ ki, dərs keçmir”.
Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov isə məsələyə münasibət bildirərkən deyib ki, Kürdəbaz və Qarğalıq kənd məktəbləri arasında 4 km deyil, 1.5 km məsafə var: “ Son təhsil göstəriciləri də göstərir ki, bu məktəbdən ali məktəbə qəbul olan yoxdur. Birləşdirmək istədiyimiz Qarğalıq kənd məktəbi isə 620 nəfərlik məktəbdir. Kürdəbaz kənd ümumi məktəbinin müəllimləri ilə bağlı Komissiya yaradılıb. Onlara rayon ümumtəhsil müəssisələrində mövcud olan bütün vakansiyalar təqdim ediləcək. Kim hansını istəsə, seçə bilər. Ancaq istəməyənlər Qarğalıq kənd tam məktəbində işləyəcək. Bizə keyfiyyət lazımdır və bütün işlər "Təhsil haqqında" qanuna uyğun aparılır”.

AFN