backend

Direktoru əxlaqsızlıqda suçlanan internat məktəbinin kollektivi MÜRACİƏT yaydı, SƏN DEMƏ... - QALMAQAL BÖYÜYÜR

Direktoru əxlaqsızlıqda suçlanan internat məktəbinin kollektivi MÜRACİƏT yaydı, SƏN DEMƏ... -  QALMAQAL BÖYÜYÜR
Bu günlərdə 12 nömrəli xüsusi internat məktəbində direktorun müəllimə qarşı əxlaqsız təklif etməsi iddiası gündəmin əsa mövzularından birinə çevrildi

Bu iddia ilə mediaya müraciət edən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə "yox" cavabı verdiyi üçün işdən çıxarıldığını bildirdi. Həmçinin internat məktəbində fiziki qüsurlu uşaqların məcburi şəkildə əməyə cəlb olunduğunu iddia etdi.

Bununla əlaqədar, 12 nömrəli xüsusi internat məktəbi müraciət yayaraq keçmiş işçisinin iddialarını cavablandırıb.

Müraciətin mətnində deyilir ki, Gülnar Ələsgərovanın sözlərində heç bir həqiqət payı yoxdur: “Biz, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin pedaqoji heyəti “Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu” başlığı altında internet saytlarında qərəzli və böhtan xarakterli yazılara münasibət bildirməyi özümüzə borc bilirik. Çalışdığımız 12 nömrəli xüsusi internat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Gülnar Ələsgərova tərbiyəçi vəzifəsində işləyənədək müəssisədə hər hansı bir problem, narazılıq olmayıb, işgüzar, sağlam mühit yaradılıb. Bildiririk ki, G. Ələsgrova bundan əvvəl Sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat məktəbində çalışıb. Müəssisənin rəhbərliyi və iş yoldaşlarıyla qalmaqal, məhkəmə çəkişmələrinin nəticəsi olaraq həmin kollektivdə artıq işləyə bilməməsi səbəbindən, Təhsil Nazirliyi ona yeni bir şans verib, humanist addım ataraq Gülnarı bizim müəssisəyə köçürdü.

“Gülnaz Ələsgərova insanları şantaj edir, hədə-qorxu gəlirdi”

Elə bundan sonra da 3 uşağını tək böyütdüyü səbəbindən ona göstərilən qayğıdan G.Ələsgərova sui-istifadə edərək, özünün əvvəlki iş yerindən yeni müəssisəyə köçürülüb, daha əlverişli şərait yaradıldığından özünü “qələbə çalmış qəhrəman” kimi aparmağa başladı. İlk öncə tərbiyə işləri üzrə direktor müavini olmaq xülyasına düşərək, məktəbdə birinci qalmaqalı bu məsələ üstündə yaratdı. Bununla yanaşı, istədiyi vaxt işə gəlmir, demək olar ki, hər gün gecikirdi, ona tapşırılan qrupun taleyi ilə maraqlanmır, məktəbdə qeyri-etik hərəkətləri və rəhbərliyə qarşı açıq hörmətsizlik nümayiş etdirən davranışı ilə işin ahəngini pozurdu”.

İnternat məktəbi kollektivi həmçinin iddia edir ki, G, Ələsgərova telefon çəkilişləri ilə iş yoldaşlarını şantaj edirmiş: “G.Ələsgərova telefon çəkilişləri ilə insanları şantaj edir, bu işlərinə görə ona irad bildirdikdə “əlimdə elə faktlar var ki sizi diz üstə çökdürərəm” deyərək hər kəsə hədə-qorxu gəlirdi. Hətta valideynlərə də hədə-qorxu gələrək “mənim əleyhimə kimsə nəsə desə məndən inciməsin” demişdi. Qeyd olunan məsələ ilə bağlı direktoru məlumatlandırdıq.

İnternat məktəbində işləyərək uşaqlara süpürgə verib, onların fotosunu çəkmək, öz məkrli niyyətini mediada təqdim etməklə siz nə əldə etmək istəyirsiniz? Özü 3 uşağın anası olan, ali, xeyirxah məqsədlərdən danışan şəxsə bu hərəkətlər yaraşarmı? Bu tablonu media manşetləri etməklə Gülnar hansı xislətin sahibi olduğunu bir daha nümayiş etdirmirmi?

Gülnar Ələsgərova öz hərəkətləri ilə müəssisənin nüfuzunu zərbə altında qoyur, dedi-qodu, intriqa mühitinə rəvac verirdi. Nəhayət ki, biz kollektiv üzvləri Təhsil Nazirliyinə G. Ələsgərovanın hərəkətləri barədə məktub ünvanladıq. G. Ələsgərovanın 4 nömrəli xüsusi internat məktəbində etdiyi hərəkətləri müəssisəmizdə də təkrar etməsinə yol vermədik. Onunla bağlı məsələni həmkarlar təşkilatının iclasında müzakirəyə çıxartdıq və tələbimiz haqlı olaraq öz həllini tapdı. Bütün bu xoşagəlməz hallardan sonra biz bir daha Gülnar Ələsgərovanın hərəkətlərini qınayırıq”.

Qaynarxett.az