backend

Qalmaqal!!! ALƏMİ BİR-BİRİNƏ QATAN YENİ MAHNI: "Biz yerazıq, yerlibazıq..." - BİYABIRCILIQ, YOXSA...- RƏY BİLDİR!

Qalmaqal!!! ALƏMİ BİR-BİRİNƏ QATAN YENİ MAHNI: "Biz yerazıq, yerlibazıq..." - BİYABIRCILIQ, YOXSA...- RƏY BİLDİR!

Bir neçə gündür ki, “Biz yerazıq, yerlibazıq” mahnısı sosial şəbəkələrdə müzakirə olunur. Sözləri Firdovsi Rəsula, musiqisi Tural Hüseynova aid olan bəstəni müğənni Zarina Tağıyeva ifa edib. O, saytımıza açıqlamasında əslində buzovnalı olduğunu , “yeraz” dostlarının xahişi ilə sözügedən mahnını ifa etdiyini deyib. Mahnı qərbi azərbaycanlılar tərəfindən xüsusi maraqla qarşılanıb, onlar bəstəni sosial şəbəkədə paylaşaraq xoş sözlər yazıblar.

Lakin bəstə haqqında tənqidi fikirlər səsləndirənlər də olub. Onlar bu cür mahnıların Azərbaycanı parçalamaq və regionlara bölmək kimi qiymətləndiriblər.

Musavat.com mahnının qısa zamanda populyarlaşmasını nəzərə alaraq tanınmış qərbi azərbaycanlılar arasında sorğu keçirib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yerlibazlıqla bağlı mahnıları tənqid edib: “Mahnı son günlər qarşıma çıxıb. Bu millətin, bu xalqın ən böyük bəlası, fəlakəti regionçuluq mərəzinin, belə ucuz regionçuluq nəğmələrinin, təranələrinin yayılmasıdır. O qədər ucuz, bayağı, səviyyəsiz, mənasız bir hadisədir ki… Söz tapa bilmirəm. Mahnını heç bəyənmirəm, xoşuma da gəlmir. Bu cür bəstələrin yazılmasını səviyyəsiz və lazımsız bilirəm. Onun oxunması ayıbdır. Belə musiqilərlə insanların regional duyğularına xitab edirlər. Bu isə ayıb bir şeydir”.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov isə bildirib ki, mahnıya bəzi adamların neqativ münasibətləri onda təəccüb doğurur: “Sanki, Qərbi azərbaycalılar haqqında müsbət bir fikir söyləyəndə, bəziləri qıcıq olurlar. Hamı bilir ki, Qərbi azərbaycanlılar toplumsal, aktiv bir camaatdır. Xeyirdə, şərdə biri-birinə dayaq olurlar, kütləvi şəkildə biri-birinin xeyirində, şərində iştirak etməyi özlərinə borc bilirlər. O müğənni xanımda bütün bunları görüb, müşahidə edib, başqa bir ifadə forması tapa bilmədiyindən, bunu yerlibaz sözü ilə ifadə edib. Burada qeyri-adi nə var ki? Dünyada yerlibaz olmayan adam varmı? Adi bir misal, siz, hər gün küçədə, yüzlərlə insanla qarşı-qarşıya gəlirsiniz və yanlarından sakit bir şəkildə, sanki, onları görmürmüşsünüz kimi keçib gedirsiniz. Lakin bir yerlinizə rast gəldinizmi, sevinirsiniz, hal-əhval tutursunuz, yeməyə, çaya dəvət edirsiniz və s. Bu, hamıda belədir. Bu müğənni xanım da, əslində, heç Qərbi Azərbaycandan olmasa da, o bölgənin şəninə bacardığı şəkildə bir mahnı ifa edib. O mahnıda yerlibaz sözünü bəhanə tutub, mahnını topa tutmaq hansı təfəkkürün göstəricisi sayıla bilər?

Qeyd edim ki, mahnıda, özünüz də qulaq asmısınız, Qərbi azərbaycanlılar haqqında çox müsbət fikirlər var. Onları bir kənara qoyub, yerlibaz sözündən yapışmaq, aşığın sözü qurtaranda “balam eyyyy” deyiminə bənzəyir. Mənə elə gəlir ki, bu cür adamlar, ümumiyyətlə, Azərbaycan adlanan məmləkətimizin sərhədlərinin haradan başlayıb, harada qurtarmasından bixəbər olanlardır. Ona görə də Qərbi azərbaycanlılara bu qədər yad, neqativ münasibət sərgiləyirlər. Millət içində əsl bölücülük aparanlarda onlardır. O xanım müğənni yox”.


Tənqidlərə münasibət bildirən mahnının sözlərinin müəllifi Firdovsi Rəsul saytımıza açıqlamasında deyib ki, bəstə ilə bağlı təklif ifaçıdan gəlib: “Özüm “yeraz” deyiləm. Müğənni Zarina Tağıyeva mahnı və mövzu ilə əlaqədar mənə müraciət etdi. Mən də təklifini qəbul etdim. Mən bu janrda şeir yazmıram. Tanıyanlar bilir ki, daha çox sevgi və həyati mövzulara toxunuram. Sadəcə Zarina xanımın istəyini yerə salmadım. Mahnının sözlərindəki gedişat Zarinanın öz istəyi ilə olub. Mən də Qərbi Azərbaycanın tarixini və mədəniyyətini qısaca işıqlandırmağa çalışmışam”.