backend

Təcili!!! ABŞ - İRAN QARŞIIDURMASI MÜHARİBƏ HƏDDİNDƏ - Ciddi təhlükə qulagımızın dibində...

Təcili!!! ABŞ - İRAN  QARŞIIDURMASI MÜHARİBƏ HƏDDİNDƏ - Ciddi təhlükə qulagımızın dibində...
ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə müşahidə olunur. Xüsusilə də ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-hava birləşmələri də daxil olmaqla İranın bir neçə şirkətinə qadağalar tətbiq etməsinə rəsmi Tehran sərt reaksiya verib. İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri jurnalistlərə açıqlamasında ölkə raketlərinin gücündən və onların qət edə bildiyi maksimum məsafədən danışıb.

Cəfəri deyib ki, İranın dini lideri Əli Xamneyinin göstərişinə əsasən, hazırda ölkədə istehsal edilən raketlərin qət edə bildiyi məsafə 2 min kilometr təyin edilib: “Qərara almışıq ki, raketlrimiz ən azı 2 min kilometrlik məsafəni qət edə bilsin. Hesab edirik ki, raketlərimizin bu qədər məsafəni qət edə bilməsi, hələlik bizim üçün kifayətdir. Çünki amerikalılar ölkəmizdən 2 min kilometr aralıdadır və biz hücuma məruz qaldığımız hər bir zaman onlara layiqli cavab verə biləcəyik”. Bununla da Cəfəri sözügedən sanksiyalara baxmayaraq, “Sepah”ın geri çəkilmək niyyətində olmadığını, hərbi-hava qüvvələrinin fəaliyyətini genişləndirəcəyinə dair mesaj verib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İİİKQ-nı terrorçu təşkilat kimi tanımağı təklif edir. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu yaxınlarda Londona səfəri zamanı açıqlamasında münasibətini bildirib. Salehi deyib ki, əgər ABŞ “Sepah”ı terrorçu təşkilat kimi tanısa, İran bunu özünə müharibə elan edilməsi kimi qəbul edəcək.

Vaşinqtonun “Sepah”ı terrorçu qruplar siyahısına salmaq ehtimalına və sanksiyalar qərarına toxunan Cəfəri Amerikanı təhdid edib:

“Əgər Amerika hökumətinin “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın istənilən yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq”.

Vaşinqtonun İran İsalm İnqilabı Keşikçiləri Korpusuna sanksiya tətbiq etməyə başlaması növbəti mərhələdə Birləşmiş Ştatların “Sepah”ı terrorçu təşkilat kimi tanıya biləcəyini istisna etmir. Hazırda ABŞ-ın məhz İİİKQ-nı hədəfə alması səbəbsiz deyil. Çünki İran Yaxın Şərqdə, xüsusilə də Suriyada hərbi əməliyyatları “Sepah” tərəfindən həyata keçirir. İranın silahlı qüvvələrini Suriyadan çıxartmasına nail olmağa çalışan Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Qvardiyasına təzyiqləri artıracağı gözləniləndir. Əks təqdirdə, Suriya-Livanı sərhədi boyunca irəliləyən “Sepah” ordusu İsrailə getdikcə yaxınlaşır. ABŞ bu təhlükənin qarşısını almasa, İİİKQ Qüdsə daxil olmaq üçün “Hizbullah”la birlikdə hücuma keçə bilər.

Digər tərəfdən, Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın qələbə qazanması İranın da hərbi və geosiyasi mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Bəşər Əsədin Moskvanın və Tehranın dəstəyi sayəsində ölkənin böyük ərazisinə nəzarəti bərpa edə bilməsi artıq İranı Suriyada əsas geosiyasi aktorlardan birinə çevirib. Bu da paralel olaraq, ABŞ-ın Yaxın Şərqlə bağlı strateji planlarına ziddir. Ona görə də Birləşmiş Ştatların İrana qarşı daha sərt addımlar atacağı ehtimalı artır. İran isə artıq ABŞ-ın sanksiyalarına cavab olaraq, Buşəhrdə ikinci və üçüncü nüvə reaktorlarının inşasına başlayıb. İran Rusiyanın “Atom Export” şirkəti tərəfindən inşa ediləcək nüvə reaktorlarının dinc məqsədlərlə inşa ediləcəyini bildirsə də 2015-ci ilin Vyana sazişindən sonra atom enerjisindən istifadə istiqamətində fəaliyyətini yenidən genişləndirməsi diqqəti cəlb edir. Son vaxtlar prezident D.Trampın nüvə sazişindən imtina edəcəyinə dair bəyanatları, eləcə də sanksiyaları fonunda İranın nüvə reaktorlarının inşasına başlaması təsadüf hesab oluna bilməz. Rəsmi Tehran bununla Birləşmiş Ştatlara təzyiqləri dayandırmayacağı təqdirdə, nüvə proqramını bərpa edəcəyinə dair mesajlar verir. İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də parlamentdə çıxışı zamanı “Amerikanın hər bir ssenarisinin qarşısında dayanmağa hazırlığımız var” - deyə xəbərdarlıq edib.

“Təəssüflər olsun ki, Amerikanın ölkəmizə qarşı düşmənçiliyi davam edir. Biz isə Vaşinqtonun bütün haqsızlıqları qarşısında dayanır, onun BMT tərəfindən təsdiq edilmiş bu beynəlxalq sazişə xələl gətirməsinə imkan verməyəcəyik. Daha doğrusu, biz, 5+1 qrupuna üzv ölkələrin yardımı ilə buna icazə verməyəcəyik. Bildiririk ki, bizim Amerikanın nüvə sazişi ilə bağlı irəli sürəcək hər hansı bir ssenarisinin qarşısında dayanmağa tam hazırlığımız var”.

Abbas Əraqçinin qeyd edilən bəyanatı İran və ABŞ arasında münasibətlərin gərginləşməyə doğru getdiyini bir daha təsdiq edir.

Müşfiq Abdulla