backend

Sabunçuda bazar qaydaları işləkdir - GİLEY

Sabunçuda bazar qaydaları işləkdir - GİLEY















Sabunçu RİH-in rəhbərliyi Ləyiş bağları ərazisində aldığım torpaq sahəsini hasarlamaq üçün məndən 30 min manat tələb edir.

Bunu QAFQAZXEBER.AZ saytına şikayətində vətəndaş Sidqi Abbasov bildirib. O qeyd edib ki, sentyabrın 22-də notariusda alqı-satqı müqaviləsi əsasında Quluzadə Nəcəf Məmməd oğlu və Nəzərov Seyavər Məmməd Rza oğlundan ayrı-ayrılıqda iki torpaq sahəsi əldə edib.

“Bu torpaq sahələri ümumilikdə 0,37 hektardır. Mənsə, vicdanlı alıcı olaraq, qanunvericiliyə uyğun şəkildə öz mülkümü hasarlamaq işlərinə başlamaq istədim. Lakin o ərazidə torpaq sahibi olan digər vətəndaşlar bildirdilər ki, sən Sabunçu Rayon İcra Hakimiyyətinin xəbəri olmadan burda hasarlama apara bilməyəcəksən. Ona görə də, biz Sabunçu RİH-də kimdən “icazə” alacağımızı öyrənməyə çalışdım. Bir neçə gün sonra, mənimlə RİH-də memarlıq şöbəsində çalışan Həbib adlı şəxs görüşdü. O dedi ki, “hörmət” olmadan tikintiyə başlamaq olmaz. Mən dedim ki, iki min manat verə bilərəm, amma Həbib müəllim 30 min manat tələb etdi. Daha sonra ancaq 20 minə qədər düşdü, lakin mənə heç cür imkan verilməyəcəyini dedi. Həbibin sözlərinə görə, bu rəqəmlər RİH başçısı Adil Vəliyevin tapşırığıdır. Həbib mənlə danışığında RİH başçısı Adil müəllimin və onun müavini Güloğlan müəllimin adından istifadə edirdi”, – deyə S.Abbasov qeyd edib.

Onun sözlərinə görə, Həbib adlı RİH işçisi 30 min manatı verməyəcəyi təqdirdə, onun torpaq sahəsində heç bir tikinti apara bilməyəcəyini deyib. “Mən onların tələbi ilə razılaşmadım və məhkəməyə müraciət etdim. Bundan xəbər tutan RİH isə məni qabaqlamaq üçün bələdiyyə adından məhkəmədə iddia ərizəsi qaldırıb, guya 1964-cü ildə çıxarışla alınmış bu torpaq sahələrinin sənədləri qanunsuzdur. Mən vicdanlı alıcıyam, lakin onlar zorla məndən qisas almağa, pulu vermədiyimə görə torpaq sahələrini də əlimdən almağa çalışırlar”, – deyə S.Abbasov qeyd edib.

Biz məsələ ilə bağlı Həbib adlı şəxslə əlaqə saxladıq. “Onun dedikləri tamamilə yalandır. Bizə şər-böhtan atır. Başqa torpaq sahəsinin orderini oturdub bu torpaq sahəsinin üstünə, istəyir ki, onun qanunsuz əməllərinə göz yumulsun. Məhkəməyə verilib, ona görə də, bu yolla özünü haqlı çıxarmağa çalışır”, – deyə Həbib müəllim bildirib.

Qeyd edək ki, bu danışıq noyabrın 3-də olub, lakin yazı həmin gün çapa getməyib.

Noyabrın 4-də Sidqi Abbasov bizə zəng edib bildirdi ki, RİH başçısının müavini Güloğlan Məmmədov və sözügedən Həbib adlı şəxs əməkdaşımızın zəngindən sonra sabiq bələdiyyə sədri Sabir adlı şəxsi əraziyə dəvət ediblər: “Və onun vasitəsilə Sidqi Abbasova xəbər göndəriblər ki, ora-bura şikayət etməsin, razılığa gəlib məsələni bağlayaq”.

Kürdəxanı bələdiyyəsinin sabiq sədri Sabir Əliyev QAFQAZXEBER.AZ-a bildirdi ki, onun yanında hər hansı pul məsələsi olmayıb: “Lakin bilirəm ki, mübahisəli məsələ var və Sidqi müəllimdən eşitdiyimə görə, ondan pul tələb olunur. Mənim adım da bu məsələdə hallandı, məni RİH-ə dəvət etdilər. Guya o torpaq sahəsini mən satmışam ona… Gedib aydınlaşdırdım ki, sənədləri Dövlət Əmlak Komitəsi verib, bələdiyyə yox. O adam da torpağı başqalarından satın alıb. Sidqi Abbasovla da məhz bu söhbətlərdən sonra tanış olmuşduq. Yəni, onunla mənim aramda hər hansı sövdələşmə, münasibət olmayıb… Bu gün Güloğlan müəllim məni əraziyə çağırıb bildirdi ki, onunla danış, şikayətləri dayandırsın, razılığa gələk”.

Biz yenidən Sidqi Abbasovla əlaqə saxladıq, razılığa gəlmək təklifinin nədən ibarət olduğunu dəqiqləşdirmək istədik. O bildirdi ki, Güloğlan Məmmədov vasitəli şəkildə 30 min manatdan 10 min manata qədər “endirim” edib: “Mənə dolayı yolla ismarış göndərdi ki, 10 min manata razılaşaq. Mən qanun qarşısında təmizəm. Kiminsə vəzifəsində, mülkündə gözüm yoxdur. Əlimdəki səs yazıları da haqlı olduğumu sübut edir və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram. Bu cür hərəkətlər heç vaxt cəzasız qalmaz. Prezident özü deyir ki, mən bu xalqın xidmətçisiyəm. Amma yerlərdə nə baş verir, vicdanlı alıcıları necə incidirlər”.

Təəssüf ki, Güloğlan Məmmədovun iş nömrəsində zənglərimizə cavab verən olmadı. Biz Sidqi Abbasovun təqdim etdiyi səs yazılarını dinlədik və ondan həqiqətən də Həbib adlı şəxs tərəfindən pul istənilməsinə əmin olduq.

Məsələ ilə bağlı hüquq mühafizə orqanları araşdırma başladarsa, araşdırmanın gedişatına dəstək üçün, əlimizdəki faktları təqdim etməyə hazırıq.

Araşdırmamız davam edir…
Teref.info oaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!