backend

9 saylı poliklinikada özbaşınalıq - GİLEY

9 saylı poliklinikada özbaşınalıq - GİLEY















Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivi 1 ünvanında yaşayan Vəliyeva Kifayət Adıgözəl qızı redaksiyamıza ərizə ilə müraciət edib. K.Vəliyeva Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 9 nömrəli şəhər poliklinikasından şikayətçidir.

K.Vəliyeva yazır ki, 10 ildir ürək xəstəliyi ilə əlaqədar pensiyaya çıxıb, ikinci qrup əlildir: "Həm də 7 ildir ki, şəkərli diabet xəstəsiyəm. Qanun-qayda ilə Xocasən Sağlamlıq Mərkəzində və Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 9 nömrəli şəhər poliklinikasında qeydiyyatdayam. İldə iki dəfə Xocasən Sağlamlıq Mərkəzində müalicə olunuram. 6 aydan bir ürəyimlə, ayda bir dəfə isə şəkər xəstəliyimlə əlaqədar 9 nömrəli şəhər poliklinikasından pulsuz dərman alıram. Lakin iki ildir ki, dərmanlarımı vaxtlı-vaxtında ala bilmirəm. 9 nömrəli şəhər poliklinikasında özbaşınalıq baş alıb gedir. Belə ki, poliklinikanın bütün işçiləri xəstələrə gəlir mənbəyi kimi baxırlar. Xəstə əlini cibinə salmasa, ona qarşı laqeyd münasibət göstərirlər. Dövlət tərəfindən şəkərli xəstələrə verilməli olan dərmanları 9 nömrəli şəhər poliklinikasının həkimləri vermir. Həmin dərmanların taleyi isə məlum deyil. Əfsuslar olsun ki, belə olan halda, dövlətin bizə göstərdiyi qayğı bir kənarda qalır, 9 nömrəli şəhər poliklinikasının həkimləri maddi məsələlərə önəm verirlər. Doğrudur, Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan, andına sadiq qalmayan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır.

Xocasən Sağlamlıq Mərkəzindəki həkimim resepti 9 nömrəli şəhər poliklinikası ilə telefon əlaqəsi saxlayıb lazımi dərmanların olub-olmadığını öyrəndikdən sonra yazır. Lakin mən poliklinikaya gedəndə deyirlər ki, dərman yoxdur. Hər dəfə məni aldadırlar. Həkimlərin bu yalançılığı isə mənim şəkərimi daha da artırır.

Vəziyyətlə əlaqədar 9 nömrəli şəhər poliklinikasının baş həkiminə şikayət etdim ki, sizin işçilər mənim dərmanlarımı dava-dalaşdan sonra verirlər. Baş həkim də söz verdi ki, bundan sonra dərmanlarımı alarkən çətinlik çəkməyəcəyəm. Ancaq bu dəfə də aldandım.

Dünən də dedilər ki, baş həkim məzuniyyətdədir. Poliklinikada öyrəndim ki, baş həkimi müavini İradə Manafova əvəz edir. Onunla görüşməyə isə imkan vermədilər.

Qəribə olan budur ki, 9 nömrəli şəhər poliklinikasına dərmanlarımı almağa gedəndə deyirlər ki, gec gəlmişəm, dərmanlar qurtarıb. Məgər bu dərmanlar qeydiyyatdakı xəstələr üçün siyahı üzrə gəlmir? Belə çıxır ki, dərmanları başqalarına pulla satırlar. Görün, 9 nömrəli şəhər poliklinikasının işçiləri nə qədər tamahkardırlar ki, əlillərdən də xeyir güdürlər. Bunların həyatda yeganə amalı yalnız pul yığmaqdır.

Görünür, bütün bunlardan baş həkimin xəbəri var. Yoxsa, həkimlər bu tibb müəssisəsindən öz əmlakları kimi istifadə etməzlər. Adamı lap bezikdirirlər. Ona görə də müvafiq qurumlardan xahiş edirəm ki, 9 nömrəli şəhər poliklinikası ilə bağlı ciddi ölçü götürsünlər".

Məsələ ilə bağlı 9 nömrəli şəhər poliklinikası rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Belə ki, baş həkim əvəzi İradə Manafovanın işdə olmadığını bildirdilər. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. \\tezadlar.az\\