backend

DAVAM EDİR VARLILARIN TERRORU: Şəhid xanımını öldürən MƏMUR OGLU gizlədilir - Video

DAVAM EDİR VARLILARIN  TERRORU: Şəhid xanımını öldürən MƏMUR OGLU gizlədilir - Video

Bakıda Qarabağ şəhidinin həyat yoldaşını avtoqəzada öldürən gənc istintaqdan gizlədilir

Palitika.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olduğu deyilən Rəhim adlı şəxs məsuliyyətdən yayındırılır.

Onun vəzifəli şəxsin övladı olduğu ehtimal edilir. Zərər çəkmiş Bəsti Qədimova deyir ki, məmur balası olmasaydı çoxdan istintaq onu məsuliyyətə cəlb etmişdi.

Söhbət ondan gedir ki, 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də olub. K.Əkbərova 19:30-da Bayraq meydanı yaxınlığında vurulub.

“JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil onu vuraraq qaçıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. Onun həyat yoldaşı Şuşada döyüşlərdə şəhid olub.

İndi də 3 övladı yetim qalıb. Bu cinayəti törədən şəxs isə təsbit edilmir. Mərhumənin anası B.Qədimova musavat.com-a bildirib ki, qızını hadisə yerində qoyub qaçmasaydı bəlkə də ölməzdi.

“Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən ”Manqal" restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”,-deyə B.Qədimova söyləyib.

Palitika.Az xəbər verir ki, özü vətən uğrunda şəhid olan kişi ailəsini başsız qoyaraq torpaqlar üçün canından keçir.

O, düşünür ki, uğrunda canını fəda etdiyi vətəndə həyat yoldaşı və 3 övladı azad, firavan və təhlükəsiz yaşayacaqlar.

Lakin ağlına da gəlməzdi ki, hansısa vəzifəli və ya milyonçu bir adamın 17 yaşlı uşağı bahalı maşını ilə xanımını vurub qaçacaq və həyatına son qoyacaq.

Artıq elə həftə, ay olmur ki, günahsız insanlar varlıların maşınlarının qurbanı olmasınlar. Bu, kütləvi psixoza çevrilib.

Sanki cəmiyyətdəki pullu adamlar getdikcə arxayınlaşırlar ki, onlar hər bir cinayəti ört-basdır edəcəklər və kasıbların tələf olması ölkə üçün itki deyil.
Belə bir qorxulu mənzərə yaranıb və hakimiyyət nümayəndələri də gedişatı böyük ehtimalla izləyirlər.

Bir ölkədə ardıcıl olaraq artan xətt üzrə qudurğanlıq, harınlıq, məmur balalarının özbaşınalıqları davam edirsə, hansısa təhlükəli tendensiyadan xəbər verir.

B.Qədimova isə deyir ki, Səbayel Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov 20 gündür qəzanı törədən o uşağı ortaya çıxarmır:

“Bu haqda daxili işlər naziri Ramil Usubova da şikayət etmişik. Müstəntiq Vüqar Abbasov həmin şəxsin kimliyini bilir və onu gizlədir. Müstəntiq qızımın 3 mərasimində evimizə 1 nəfər yollayıb.

Deyib ki, guya qəzanı həmin adam törədib. Yasa gələn 1962-ci il təvəllüdlü Əmirulla Şahbaz oğlu Şahlarov oldu. Müstəntiq dedi ki, bu adamın 2 xəstə uşağı var, yazın ki, ondan şikayətçi deyilsiz.

Biz də dedik ki, bir şərtlə ərizə yaza bilərik - qəza olan ərazidə 10 kamera var, onlardan birinin görüntülərinı çıxarıb bizə göstərin. Bilək ki, qəzanı kim törədib”.