backend

NAZIRLIK HƏRƏKƏTƏ KECDİ: Meşələri qırıb, kömürə çevirənlər tutuldu

NAZIRLIK HƏRƏKƏTƏ KECDİ: Meşələri qırıb, kömürə çevirənlər tutuldu

ETSN meşə düşmənlərini cərimələyib

Azərbaycanda meşələrin qəniminə çevrilənlər yaxalanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.

Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Lerik rayonu Bibiyanlı kənd sakini Rasim Ağayevə məxsus “Ural” markalı 43 BB 952 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 10 m3, Lerik rayonu Piran kənd sakini Qurbanəli Nəzərova məxsus “Qazel” markalı 43 BB 132 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5.53 m3 və Lənkəran rayonu Təngivan kənd sakini Qəhrəman Əliyevə məxsus “Qazel” markalı 10 XM 184 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 3.5 m3həcmində qanunsuz yolla əldə edilmiş vələs, fıstıq cinsli meşə materiallarının aparıldığı aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 1631,04 manat məbləğində ziyan tətbiq edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı Qəbələ şəhər sakini Fazil Tahirzadəyə məxsus “Ford Transit” markalı 99 GV 536 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 184 kisə, ümumi çəkisi 920 kiloqram, İsmayıllı rayonu Mican kənd sakini Heydər Kərimova məxsus “Ford Transit” markalı 31 BD 659 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 300 kisə, ümumi çəkisi 900 kiloqram olan ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib.

Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinləri İlqar Dursunova, Faiq İbrahimova, Vüsal Çələbiyevə, Tofiq Sadıqova, Anar Xəlilova, Şahmar İbrahimova və Vüsal Əzizova məxsus 27 kömür quyusunun qazıldığı və qanunsuz yolla əldə edilmiş 94.28 m3 həcmində meşə materiallarından istifadə edildiyi məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlara ümumilikdə 3359,98 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.