backend

Xırdalan 23 saylı körpələr evi–uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...

Xırdalan 23 saylı körpələr evi–uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...
Qış qapını döyür. Dekabrın bu soyuğunda elə bil baharın qoynuna düşmüsən. Dibçəkdəki güllər, çiçəklər, çiyin–çiyinə vermiş bəzək kolları elə bil günəş üçün, göy üzünün genişliyi, duruluğu üçün darıxıblar. Bir az o yanda baş–başa vermiş sərv ağacları, soyuqdan üşüyürmüş kimi qollarını pəncərələrə söykəmiş tənəklər şıdırğı yağışda çimirlər. Soyuq olsa da, pəncərənin o üzündən süzülən körpələrin həzin nəğməsi könlümə bir istilik, hərarət gətirir:
Mən çəkirəm belə–belə nazını sənin,
Gözləyirəm belə–belə yazını sənin.
Ay gilənar, ay gilənar, bağımızın göyçək qızı,
Ay gilənar, ay gilənar, yanaqların al–qırmızı.
Ətrafdakı ideal səliqə–sahman, gözəllik göz oxşayır. Bu gözəlliyi yaradan da, süsləyən də, qoruyub saxlayan da insan əlləridir.
Bu gözəlliyin memarı ömrünü balalarımızın sağlam, gümrah, xoşbəxt böyüməsinə sərf edən Xırdalan şəhər 23 saylı körpələr evi–uşaq bağçasının müdiri, öz işinin mahir bilicisi, təcrübəli pedaqoq Aybəniz xanım Sadıxovadır.
Bəri başdan qeyd etmək yerinə düşər ki, bu gün respublikamızın ən nümunəvi uşaq təlim–tərbiyə ocaqlarından birinə cevrilən bu körpələr evi–uşaq bağçasında hər şeyi Aybəniz xanım öz əlləriylə qurub–yaradıb. Bu bağçanın hər qarışında onun alın təri, əllərinin hərarəti, can yanğısı, sevgisi var. Bu ağacların hamısını öz əlləri ilə əkib, gülləri, çiçəkləri özü sulaıb. Bura da mənim evim, ocağımdır, deyib. Onun bu bağçaya balacalara olan tükənməz sevgisi bağlayıb. Onları o qədər sevir ki, bunu sözlə ifadə eləmək çətindi. Həmişə qürurla, fərəhlə deyir ki: “Bunlar müstəqil, azad vətənimin balalarıdır”.
Xırdalan 23 saylı körpələr evi–uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...Yadımdadır, əvvəllər bura nə vəziyyətdə idi, indi isə elə bil cənnətin bir parçasıdır. Bu bağçada tərbiyə alan, məktəbə gedən, ali məktəblərdə təhsil alan nə qədər istedadlı uşaqlar var ki... Onlar illər keçsə də, bu baxcanı, Aybəniz müəlliməni unutmurlar. İlk dəfə büdrəyə–büdrəyə qədəm basdıqları bağçaya baş çəkir, buranın necə dəyişdiyini, gözəlləşdiyini öz gözlərilə görür, bağça haqqında xoş sözlər deyirlər, bu da Aybəniz xanıma təbii ki, ruh verir, qol–qanad verir.

Aybəniz xanım özünü işlədiyi yerdə müdir kimi, tərbiyəçi kimi yox, ulu öndərimiz Heydər Əliyev kursunun davamçısı kimi ararır. Heydər Əliyev nə deyirdi? Deyirdi ki, uşaqlar bizim gələcəyimizdir. Onlar sağlam, gümrah, xoşbəxt böyüməlidirlər.
Biz də ulu öndərin bu sözlərini işimizdə əsas tuturuq. deyir Aybəniz xanım...
Bağçada unikal Heydər Əliyev muzeyi yaradılıb. Orda ulu öndərlə bağlı kitablar, sənədlər, şəkillər, xatirələr öz əksini tapıb.
Aybəniz Sadıxova əvvəllər də, elə indinin özündə də heç vaxt imkan verməyib ki, kimsə uşağına evdən bir şey gətirsin. Sponsor yoluyla, şəxsi vəsaiti hesabına uşaqların sağlamlığı, fiziki tərbiyəsi üçün əlindən gələni edir. Bunu ona görə edir ki, uşaqlar qayğıdan məhrum olmasınlar, sıxıntı çəkməsinlər.
Qeyd edək ki, qrupların hamısında uşaqların əqli inkişafı üçün kompyuterlər var. Bağçada 2–3 yaşından başlayaraq uşaqlar əməyə alışdırılır. Qrupların hamısında dibçəklərdə əkilmiş müxtəlif güllər, bəzək ağacları, kolları var. Gündə bir uşaq növbə ilə o çiçəkləri, gülləri sulayır, onlara qulluq edir. Yaz vaxtında hər qrup öz balaca əkin sahəsində işləyir. Ləklərdəki bitkilərə qulluq edir. Bu əmək tərbiyəsi uşaqlar, körpələr üçün çox gərəklidir. İki, üç, dörd, beş yaşında olan uşaq əməyə alışır, onda torpağa, ana təbiətə məhəbbət hissi oyanır. Mən müşahidə edirəm, uşaqlar bir ağacı əkəndə, onu sulayanda, dibini belləyəndə necə sevinirlər.

Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların intellektual səviyyəsinin yüksəlməsi daim diqqət mərkəzində saxlanılır. Balacalara rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq, musiqi kimi fənlərin ilkin əsasları böyük həvəslə öyrədilir.
Müəllim və uşaqların əl işlərini əks etdirən müxtəlif əşyalardan, çınqıllardan hazırlanmış rəngarəng çiçək buketləri bağçanın divarlarını bəzəyir. Dəniz və səmanı xatırladan, mavi çalarları ilə otağın interyerini tamamlayan rəngli əşyalar musiqi otağına xüsusi yaraşıq verir. Burada müxtəlif oyun guşələri vardır. Artıq kiçik yaşlarından balacalar inşaat alətləri, tərəzi və oyuncaqlardan necə istifadə etməyi, yol hərəkəti qaydalarını öyrənirlər.
Xırdalan 23 saylı körpələr evi–uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...
Aybəniz xanımın bir amalı var: Körpələrimizi ailəsinə, vətəninə sevgi ruhunda böyüdüb, tərbiyə etmək! Çünki ailəsini, atasını, anasını, doğmalarını, dostlarını sevməyən insan heç vaxt vətəninin təəssübünü çəkməz. O sevgiylə böyüyən uşağın qəlbində vətən həmişə müqəddəs, bölünməz olacaq.
Hər il 20 Yanvar günü, Xocalı şəhidlərinin və 1918–ci il mart qırğınları şəhidlərinin anım günləri bağçanın uşaqları qruplarla Şəhidlər Xiyabanını, Xocalı abidəsini ziyarət edirlər, bağçadakı şəhidlərə həsr olunmuş eksponatların önünə qərənfillər düzürlər. Belə unudulmaz anlar uşaqların yaddaşında əbədi həkk olunur.
"Bu bizim hərbi vətənpərvərliklə bağlı birinci məşğələmiz olur. Uşaq əyani şəkildə görür və dərk edir ki, bizim düşmənimiz kimdir və əsgərlərimiz vətən uğrunda niyə şəhid olublar" deyir Aybəniz xanlm.

Bəli, bu günlər balaca dostlarımız indi qarşıdan gələn Yeni il Bayramı karnavalına hazırlaşırlar.
Hər uşaq bir dünyadı, bir möcüzədi. Onları sevmək, qayğısını, nazını çəkmək, sağlam böyümələri üçün çalışmaq onun gündəlik qayğılarıdı.
Cünkü özü də anadır. O, xalqımızın gələcəyi olan övladlarımızın təlim və tərbiyəsi üçün çalışdığı üçün özünü xoşbəxt sayır.

Qaynarxett.az