backend

HİKMƏT MƏLİKZADƏ OD PÜSKÜRDÜ:" Bu, Azərbaycan ədəbiyyatına xəyanət deyilsə, bəs nədir?"

HİKMƏT MƏLİKZADƏ OD PÜSKÜRDÜ:" Bu, Azərbaycan ədəbiyyatına xəyanət deyilsə, bəs nədir?"

Şamaxı ədəbi məktəbi qısqanclıq, xəyanət və inkişaf mustəvisində

(Tam səmimi)

...İnsan, ona verilmiş ömürdən ölümə qədər yol gəlir... Deməli, yaşamaq insanın var olmasının sübutudur. Lakin insan bəzi hallarda insan kimi yaşamağa cəhd etmir; o mənada ki, haqqı yalanın qurbanına çevirir... Belələrinin həyatı yaşadıqları ömrün məna və müddətini ifadə etmir, cunki faydalı əməlləri yoxdur... Onların düşündükləri səmimiyyətin ifadəsi hesab oluna bilməz... Onsuz da Zaman əqrəbləri ixtiyarsız gah keçmişə qayıdır, gah da bir noqtədə ilişib qalır. Vaxt pərişanlığı, pis insanın doğurduğu pis əks-səda, taleyin diqtə etdiyi cəkisizlik... də xəyanətkarları bağışlamır...
Nə isə... İlk insan məskəni Şamaxı (Qobustan) tarix boyu xəyanətlərə məruz qalıb... O məkan ki, özünün SÖZ, SƏS, SƏNƏT və s. adlı sərvəti ilə ədəbiyyat tariximizin əsasını qoyub, əlahiddə ümumədəbi məktəb yaradıb...
Şübhəsiz, ruhu, fikir fövqəladəliyi liderlik örnəyi kimi təcəssüm edən Şamaxı ədəbi məktəbi bu gun də hududsuz bir məkan kimidir (xəyanətkarlar, qısqanclar təbii ki, kor olduqları üçün bu barədə fikir ifadə etmirlər (etmək istəmirlər(?)). Buna (açıq deyək) şamaxılı ziyalılar özləri də şərait yaradırlar (və zaman-zaman yaradıblar). Təbii ki, yatan öküzün başına duran öküz bəlli bir gerçəyi həyata keçirməlidir və keçirir də... Bu mənada şamaxılı ziyalılar bir-birlərinə qarşı laqeydlik nümayiş etdirdikcə, kənar şəxslər də iştah dişlərini itiləyib əllərindən gələni ediblər. Ulu Xaqanini, Nəsimini didərgin salan, Seyid Əzimi məsciddə tapdalayıb əzən, Sabiri, Hadini yaman günə qoyan biz özümüz (içimizdəki şövinist ünsürlər) deyilik? Uca SÖZ, SƏS, SƏNƏT, MƏDƏNİYYƏT və s. Şamaxıda olduğu halda, sözün, səsin, sənətin təcəlla etdiyi mərtəbələrə niyə çıxa bilmirik? Səbəb gün kimi aydındır...
Dəfələrlə eşitmişik, deyiblər ki, siz şamaxılılar həmişə özünüzə qənim olur, özgələrə qucaq açırsınız... Burada əslində, həqiqət var. Cunki hələ min illər əvvəl şamaxılılar kənar bir ölkə şahının oğlu ölməsin deyə, özlərindən bir nəfəri qurban veriblər... Bu, irsi keçmədir, ya ənənədir, nədir, bilmirik, çox pis haldır və bizə yaraşmır...
Sevindirici haldır ki, Şamaxıdan pərvaz etmiş SÖZ, SƏS, SƏNƏT, MƏDƏNİYYƏT və s. dünyanı heyrətə salmaqda hələ də davam edir (çox şükür!!!) Bəs necə olur ki, bəşərin dəyər verdiyi bu bolgənin nailiyyətlərinə balaca bir məkan daxilində (Azərbaycanda) coxları tərəfindən qiymət qoyulmur? Bu, ümumi (kütləvi) xəyanətdən xəbər vermir?
Xülasə, bir balaca səbr edib Şamaxıda kimlərin yetişdiyinin şahidi olaq (təbii ki, adları ixtisarla veririk, əks halda böyük siyahı alınar):
X-XI əsrdə Şamaxıda sıçrayış etmiş şairlər - Baba Kuhidən başlayaraq üzübəri "Şirvani" təxəllüslü onlarla fitrət sahibi böyük ədəbi vəchlə yazıb-yaratmış, Azərbaycan ədəbiyyat tarixinin zənginləşməsində önəmli rol oynamışlar. XII əsrdə Şamaxıda tüğyan etmiş şairlər dünya ədəbiyyat xanimanını geniş hüdudlu müstəvilərə çıxarmış, daha sonra Xaqani Şirvani mübariz filosof-şair, böyük mütəfəkkir-arif kimi Azərbaycan və Dünya ədəbiyyatına heç zaman sönməyəcək işıq saçmışdır. Həmçinin, Əbül Əla məktəbinin layiqli davamçısı Məhəmməd Fələki Şirvani, XIII əsrdə yaşamış onlarla "Şirvani" təxəllüslü ədəbiyyat nəhəngi, XIV əsrdə yaşamış "Şirvani"lər, XIV- XV əsrlərdə yaşamış fövqəladə böyük istedada və əzəmətə malik ustad şair Seyid İmadəddin Nəsimi və onun ardıcılları, XVI, XVII və XVIII əsrlərdə yaşamış "Şirvani"lər, XIX əsrdə yaşamış şamaxılı poeziya cəngavərləri, dünya şöhrətli Seyid Əzim Şirvani, bütün əsrlərin Atom bombası Mirzə Ələkbər Sabir, qəlb "həkim"i Məhəmməd Hadi, Ürək "məlhəm"i Abbas Səhhət və digərləri dünya ədəbiyyat tarixinin ən parlaq simaları kimi yaddaşlara hopmuşlar və hər əsrdə yeni görünürlər...
Yaşadığımız əsrlərdə - Azərbaycan ədəbiyyatının Sovet və müstəqillik dövründə yetişmiş parlaq zəkalı şair və yazıçıları - Əzizə Cəfərzadə, Fikrət Sadıq, Qürbət Əziz, İsgəndər Etibar, Orxan Fikrətoğlu, Rəşad Bəydəmirli, Nafiz təxəllüsü ilə klassik üslubda gözəl qəzəllər, saqinamələr, qitələr yazan Ağakərim İsrafilbəyli, Güləli Rəsul, Şaban Qayıbov, Zahid Sarıtorpaq, Arif Musa, Tahir Ələkbərli, Eldar Şahvələdli, İbad Rüstəm, Elxan Elatlı, Tahir Taisoğlu, Ağatahir Cəbirli, Nadir Mərzəngəli, Mirzə Xələfli, Etibar Etibarlı, Qurban, Faiz İzgün, Bünyad Bünyadzadə, Faiq Cəmcəmli, Süleyman Zərbəliyev, Heydər Ələddinoğlu, Sədi Fətəlizadə, Mətanət Ulu Şirvanlı, Əbülfəz Məlhəmli, Fəxrəddin (Orxan) Nəsiroğlu, Əzizxan Qədirov, Lətifə Nuran, Yusif Nazim, Şəhriyar Rəşadoğlu, Sədaqət Akifqızı, Fazil Padaroğlu, Dəstəgül Zamanlı, Abdulla Suvar, İsrail Baxşeyiş, bəndəniz Hikmət Məlikzadə və adlarını çəkmədiyimiz daha neçə-neçə ədəbiyyat cəfakeşi SÖZün uca pillələrində qərar tutub, ədəbi tariximizə işıqlı səhifələr yazırlar (və yazıblar). Onların ədəbi nümunələrində peşəkar, örnək yazı təzahür tipi bəşəri çalarlar əxz edir. Zəhmətlə istedadı qoşalaşdırdıqları üçün onların gələcəkdə də örnəklik qazanma şansları daha çoxdur. Birmənalı etiraf etməliyik ki, onların ümumi yaradıcı ruhları fəlsəfi ovqatla cilalanıb, bəxtlərinə örnək poeziyaya sahiblik yazılıb, lakin laqeyd münasibət üzündən onların ədəbi cəmiyyətə çıxışları (tam cəsarət və səmimiyyətimizlə deyirik) məhdudlaşdırılır. Necə ola bilər ki, bölgə ədəbi mühiti barədə yazılar yazılır, Şamaxı ədəbi məktəbi haqda bir kəlmə söz belə işlədilmir? Bu, Azərbaycan ədəbiyyatına xəyanət deyilsə, bəs nədir?
Poetik səmimiyyəti olcu vahidi kimi qabardan, yaddaş ağrılarında kosmoloji zəmin tapan, bunun fonunda özünün yaşadığı, qarşılaşdığı və şahidi olduğu məqamları ustalıqla cilalayan Etibar Etibarlını, şeir və nəsrlərində oxucu dərkinə gerçək məna, reallıqda zahir olan həyat kodeksləri yükləyən, modern şeirin və nəsrin ən tipik, ən səciyyəvi və ən örnək nümunələrini yaradan, bu ədəbi temp üzrə ictimai-fəlsəfi konfiqurasiyalara sistemli-real və fəlsəfi-mifik izah verən Zahid Sarıtorpağı, fikirləri ictimai-ədəbi hislərin inikası kimi təcəssüm edən Fəxrəddin Orxanı, zəka və duyğularında həcmi deyil, məzmunu, mahiyyəti əsas hədd kimi qabardan Eldar Şahvələdlini, poeziyasında məzmun və məna birgəliyi sırf ədəbi ovqata xidmət edən Heydər Ələddinoğlunu, ədəbi kriteriyaları məna və məzmunda yaradıcı ruha kökləyən, həmçinin, şeir-yazı ovqatında ədəbi ruh yetişdirən Qurbanı, adi və qeyri-adi prosesləri (təfərrüat olaraq) mifik-kosmoloji müstəvidə xarakterizə edən Tahir Taisoğlunu, ruhi təcəllada zühur edən hisslərini labirint kimi quran, lakin obrazların ədəbi-fəlsəfi israrında zaman meyllərindən kənar hisslər qabardan Lətifə Nuranı, Dəstəgül Zamanlını və sözü zərgər dəqiqliyi ilə ipə-sapa düzən neçə-neçə digərlərini necə yaddan çıxarmaq olar?
Ola bilsin, bəzi tənqidcilər zamana muntəzir hissləri ədəbi yöndə cilalamağa ya ürək etmirlər, ya da onların şeirə-şairə yanaşması sadə-vizual seyrçilik kəsb edir. Qeyri-ədəbi paradoks yaradan bu tip zəminlərin ictimai təcəllası poeziya məğzlərinə tam ziddir. Bu cür yanaşma ədəbi əhatə cızmaq gücünü tam itirir. Məhz bu səbəbdən bəzi ədəbiyyatşünasların düşüncə "abyom"u asılı qaldıqları maddi subyektə israr edir.
İctimai-lirik amili, duyğuda təzahur edən fəlsəfi hissi milli xarakterə uyğunlaşdırmaq müasir Şamaxı şairlərinin zaman meyllərini durust məntiqə bükür. Onların ədəbi ehtiramları ciddi yanaşmadan qaynaqlanır. Hadisə və prosesləri ruhsal yanaşma kimi əks etdirmək də onların öz salxarı, öz dürüstlüyüdür. Onlar mühüm ədəbi tərzləri əhatəli və cilalanmış şəkildə poetik müstəvidə xarakterizə etməklə uyğun səmt tapır, bu zəmində işıqlı gələcək kəşf edirlər.
Tənqidci poetik yaradıcılığa dürüst həyatabaxış verməli, şeirlərin ictimai təcəssümünü zamana uyğun gerçəklər kimi göstərməli və “Bu qələm sahibi haralıdır?” fikrindən vaz keçməli, tənqidi düşüncəni “qədəh dostluğu”na qurban verməməlidir. Bir halda ki, bəzi tənqidçilər bu əhatədə kimlərinsə cızmaqaralarından ən adi hissləri belə yaddaşımıza bərkitmək marağı güdürlər, onların etinasızlıq və diqqətsizlik xəyanətləri qətiyyətlə pislənməlidir. Axı, qürur doğuran hisslərə aludəçilik poeziyada çox az əhatə cızır. "Böyük dayaq" filmində deyildiyi kimi: "...Səhərin alaqaranlığında (arvad kimi) söz gəzdirən bu adamlardan sən nə gözləyirsən, Rüstəm?"... Məgər onlar bunu bilmirlər?
Şamaxı şairlərinin adi bir fikrində belə həyat tipləri maraqlı statuslar kimi diqqət cəkir. Fikir duruluğu, məzmun sistemi, fərqli səmt, fikirtəqdimetmə durustluyu və s. də bu əhatənin digər xarakterik gostəriciləridir.
Bəlli həqiqətdir ki, mənəviyyat mədəni strukturanın əsas kriteriyasıdır. İnsan (xüsusən də qələm sahibi) özü ilə nəfsi arasındakı əngəlləri məhz mənəvi təsirlə aradan qaldırmalıdır. Mənəvi mümkünlükdə də yalnız vahid insan modeli var və bu kateqorik anlayış həyatı, taleyi insan fəhminə məhz mənəvi məsələlər vasitəsilə sığışdırır. Təəssüf ki, Şamaxı ədəbi məktəbinə qarşı xəyanətkar hisslərlə alışıb-yananların içləri qədər iyrənc yazıları özünün struktur-quruluşu ilə bu zəruri xarakterdə ehtiva edə bilmir. Hansı ki, fikrin mətndə xarakter uyğunluğu, şeirin bütün janrlarında süjet yarada bilmə ustalığı, fəlsəfi vizual hissdə ədəbi baxış bucaqlarını düzgün təyinetmə, fəlsəfi-ictimai təcəlla, öz əsaslarını semantik əlaqədə tapan mövzu təzəliyi, məntiqi xarakterə tranformasiya, ədəbi-tektonik təsirlər vermək gücü, ovqataxas miqyas və zahiri mənada nəticəyaratma, həyat faktlarına ictimai baxış sərgiləmə, janr-vəzn xüsusiyyətlərinə ciddi nüfuzetmə, sözün - poetik hissin məntiqində prosedur-yaradıcı əhatətapma, mətndaxili struktur və tipik mahiyyət, ədəbi qayədə dürüstolma bacarığı, ədəbi əsaslı müraciət, fundamental fikir yönəltməsi, mövzunu predmetləşdirmə bacarığı, fikrin ictimai-ədəbi modulunutapma, mövzunun mətn və obyekti ilə birbaşa əlaqədə olduğu poeziya, fəhmə təsir edən mənəviyyat, dürüst məntiqə sirayət, ictimai-sosial müdaxilədən ədəbi həyatakeçid, xülasə oxucu zövqünə usta sığalçəkmə və s. yalnız Şamaxı şairlərinə xasdır. Bunu dünya bilir (bunu dünya dərk edir...)
Adamın Allahı olar; fikri oxucuya elə təqdim etməlisən ki, «nə şiş yansın, nə kabab». Bir halda ki, ədəbiyyata qənim kəsilmiş bəzi xəyanətkar tənqidçilər Şamaxı ədəbi məktəbinin peşəkar yetirmələrinin ürəyə yol, cığır, səmt tapmağı bacaran yaradıcılıqları haqda adi bir söz belə demək istəmirlər, deməli, Xaqani ucalığı, Nəsimi səviyyəsi, Seyid Əzim dərki, Sabir-Hadi mükəmməlliyi, Abbas Səhhət gerçəkliyi, Zahid Sarıtorpaq, Eldar Səfa, Heydər Ələddinoğlu... təzəlik ruhu onlara ağır gəlir... Bu sistemsiz yanaşma ilə cəmiyyətin ictimai-ədəbi təzahürlərinə uyğun təsnifat vermək gülünc təsir vermir?

Gozlərinizi yaxşı-yaxşı açın, cənab bəzi tənqidçilər! Allahı başınızın üstündə görün! Tənqidi yanaşmanın nə olduğunu biz sizlərdən daha əla bilirik. Elə etməyin ki...
Bu sozləri “ultimatum”, ciddi xəbərdarlıq və s. kimi qəbul edə bilərsiniz, öz işinizdir, biz haqq işimiz uğrunda mübarizədəyik. Əlimizdə kifayət qədər tutarlı əsaslar var, sizi utandırmaq gücündəyik. Özünüzə qayıdın! Dəvəquşu da başını kolda gizlədir, sanır ki... Nə isə.

Qeyd: Yazımızda bölgəçilik, yerliçilik və s. kimi mənfi hallar axtarmağa cəhd edənlərə bəri başdan demək istəyirik ki, bizi buna məhz sizlər vadar etdiniz. Bölgəçilik, yerliçilik və s. kimi mənfi halları biz sizlərin yanaşma tərzində gördük. Sözümüz mükəmməl, səsimiz mükəmməl, sənətimiz mükəmməl... Biz bu gün də Şamaxının ən zəif yazarını ən güclü sandığınız yazarlarla qarşı-qarşıya çıxarmağa hazırıq. Allahsız olmayın... Əlinizdəki qələmi arada vicdan mürəkkəbinə də batırın...