backend

HƏFTƏNİN SONUNDA ƏFV ARZUSU: İlqar Məmmədov, Fədayə və başqaları...

HƏFTƏNİN SONUNDA ƏFV ARZUSU: İlqar Məmmədov, Fədayə və başqaları...
Bu həftənin sonu əfv sərəncamı gözlənilir. İlin son iş günü prezident yüzlərlə dustaqın azad olunması barədə qərar çıxara bilər

Palitika.Az xəbər verir ki, əfv fərmanı olacağı haqda məlumatlar dolaşsa da, hökumət kulislərindən ürəkaçan informasiyalar sızmır.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən on minədək məhkumun cəzasına yenidən baxılacaq. Bu il Cinayət Məcəlləsində bir sıra əhəmiyyətli dəyişikliklər edilib.

Ə.Nuriyev deyib ki, həmin dəyişikliklərə əsasən on minədək məhkumun cəzasına yenidən baxılacaq: “Bütün bunların fonunda yeni əfv sərəncamının verilməsini istisna edirəm”.

Yəni, 10 minədək dustağın cəzası yüngülləşdirilə, azad oluna bilər. Amma bu, CM dəyişiklikdən sonra əfv fərmanı formatında həyata keçirilməyəcək.

Komissiya üzvünün açıqlamasından belə məlum olur ki, REAL sədri İlqar Məmmədov, müğənni Fədayə Laçın, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, NİDA üzvü İlkin Rüstəmzadə, bəzi jurnalistlər və digər tanınmışlar azadlığa çıxmaya bilər.

Amma bu o demək deyil ki, ailələr sevinməyəcək. Əliməmməd Nuriyev bildirib ki, gələn il əfv sərəncamı və amnistiya aktı qəbul edilə bilər. İlin sonu yaxınlaşdıqca prezidentdən əfv gözləyən dustaq ailələrinin də həyəcanı artır.

Palitika.Az xəbər verir ki, adətən ölkə başçısı bayramlar ərəfəsində humanist addım ataraq, əfv sərəncamı imzalayır.

Bu sərəncamla onlarla dustaq azadlığa çıxır və ya ömürlük həbs cəzası alanların cəzaları yüngülləşdirilir.

Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.Əfv Komissiyasının üzvləri isə bu ay sərəncamın olacağı ilə bağlı bir-birilərinə zidd fikirlər söyləyirlər.

Belə ki, Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə açıqlamasında bildirib ki, ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir.

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı kimi halları nəzərə alır: törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini və sairə...

Prezident tərəfindən sonuncu əfv sərəncamı bu ilin mart ayında imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, 2 məhkumun ömürlük cəzası müddətli cəza ilə əvəzlənib. Azadlığa çıxanların arasında siyasilər də var idi. Lakin onlardan bir qismi hələ də həbsdədir.

Bu xüsusda REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik. Jurnalist Fikrət Fəraməzoğlu, Cavid Zeynallı və başqalarının da azadlığa buraxılması arzulanır.