Мüdafiə Nazirliyindən sərt reaksiya — Düşmən dəyirmanına su tökmək kifayətdir!
562
“Xəzər” hərbi tədqiqatlar institutu adlandıran “qurum”un növbəti qərəzli statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib. Azərbaycan Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistandakı hazırki ictimai-siyasi, sosial-iqtisadi və ən əsası müdafiə sahəsindəki vəziyyəti bilərək bu ölkələrin ordularını müqayisə predmetinə çevirmək düşmənçilik və absurd baxışdan başqa bir şey deyil.
Dövlətimizin qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb və Orduda mənəvi-psixoloji durum sağlamlaşıb. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə müdafiənin ön xəttində zəruri fortifikasiya işləri və mühəndis-istehkam tədbirləri həyata keçirilərək mövqelər möhkəmləndirilib, daha etibarlı sığınacaqlar, səngərlər hazırlanıb, qoşunların maskalanması və mühafizəsi gücləndirilib. Bu səbəbdən də bütün istiqamətlər üzrə ötən illərlə müqayisədə 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20 % azalıb.
Lakin Ermənistan və onun işğalçı ordusunda olan real acınacaqlı vəziyyət nəticəsində düşmən itkilərinin sayı daim artır. Təkcə rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş, 30 qeyri-döyüş itkisi verib, eləcə də ermənilərin 100-dək yaralısı olub. Müxtəlif mənbələrdən əldə olunan məlumata görə, isə həqiqətdə erməni tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır.
Artıq cari ilin cəmi 8 günü ərzində, yalnız rəsmi məlumatlara əsasən işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.
Odur ki, əsası olmayan, qeyri-rəsmi mənbələrdən toplanaraq Azərbaycan Ordusu haqqında yanlış və dezinformasiya xarakterli xəbərlərin yayılması mövcud duruma heç bir ciddi təsir göstərmir. Çünki xalqımız Ordumuzdakı vəziyyəti yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə aparılan islahatlar nəticəsində əldə edilən uğurlardan tam məlumatlıdır.
Belə olduğu halda bu cür pərakəndə rəqəmləri mütəmadi şəkildə toplayıb, hər dəfə müxtəlif cəfəng şərhlər əlavə etməklə acınacaqlı vəziyyət təsəvvürü yaratmağa cəhd göstərmək düşmən dəyirmanına su tökmək məqsədi daşıyır və bu kimi əməllər ölkəmizi gözü götürməyənlərin maraqlarına xidmət edir.
Aşağıda göstərilən siyahıda, yalnız Ermənistandan hərbi xidmətə çağırılan hərbçilər haqqında rəsmi statistika təqdim edilib. Əgər buraya Dağlıq Qarabağdan çağırılan və erməni ictimaiyyətindən də gizlədilən məlumatları əlavə etsək, onda ölən erməni hərbçilərin sayı xeyli artar.