backend

Biləcərinin İlham Xəlilov problemi

Biləcərinin İlham Xəlilov problemi












Yolların genişləndirilməsi adı altında sökülən mağazaların yerində İlham Xəlilov özü üçün yeni mağazalar inşa etdirir

Bu ilin payızında ölkədə bələdiyyə seçkiləri keçirəcək. Yerlərdə özünü idarəetmə orqanlarının son beşillik fəaliyyəti ilə bağlı isə heç kim ürəkaçan heç bir şey deyə bilməz. Çünki bələdiyyələr faktiki olaraq torpaq satmaq və yerli vergiləri toplamaqdan savayı heç bir işlə məşğul olmur. Ortada görülən hansısa işdən isə danışmağa belə dəyməz. Hər halda ölkədə aparılan abalıq və quruculuq işlərini bələdiyyələr deyil, icra orqanları və onların ayırdığı vəsait hesabına həyata keçirilir.

Buna baxmayaraq rüşvət və korrupsiya faktlarını bir kənara atsaq belə, hər il bələdiyyəlirin büdcəsinə milyonlarla manat vəsait toplanır. Üstəlik dövlətddə bələdiyyələrə yardımlar ayırır. Amma yuxarıda da qeyd etdiyimiz kimi ortada bələdiyyələrin gördüyü heç bir iş yoxdur. Toplanan vəsaitlərin hara xərclənməsi barədə isə ancaq bələdiyyə sədrlərinin və onların yaxınlarının sərvətlərini saf-çürük etdikdə müəyyən ehtimallar ortaya çıxır. Yəni bələdiyyə sədrlərinin sərvətini gördükdə bələdiyyə büdcəsinə toplanan vəsaitlərin hara xərcləndiyi özü-özünə gün işığına çıxır.

Yaxınlaşan bələdiyyə seçkilərini nəzərə alaraq bir sıra bələdiyyələrin fəaliyyətini araşdırmağa qərar verik. İlk araşdırmamızı isə Binəqədi rayonu Biləcəri bələdiyyəsində aparmışıq.

Qeyd edək ki, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov ölkəninin oliqarx bələdiyyə sədri kimi ad çıxarıb. İlham Xəlilov 2004-ci ildən bu günə qədər Biləcəri bələdiyyəsinə rəhbərlik edir. Onun sərvəti isə doğurdan Avropanın böyük iş adamlarının həsəd aparacağı qədər böyükdür.

Millət vəkili Hacı Madər Musayevin adamı olaraq bilinən İlham Xəlilov Biləcərini demək olar ki, Hacı Madər və özü üçün özəlləşdirib. Elə bu üzdəndə bu gün Biləcəridəki bütün böyük ticarət obyekləri və ət dükanları keçmiş qəssab, bu günkü millət vəkili Hacı Madər Musayevə məxsusdur. Məhz bu xidmətin qarşılığında Hacı Madər İlham Xəlilovu qoruyur.

İlham Xəlilovun özü də bələdiyyə sədri işlədiyi müddətdə Biləcəridə özünə böyük biznes sahələri qurararaq böyük sərvətə sahib olub. Onun Biləcəridə bir neçə restoranı, ticarət obyektləri və marketləri, maşın təmiri sexləri var. Qəsəbədəki parkın içərisində olan böyük restoran da İlham Xəlilova məxsusdur. Biləcəri qəsəbəsində yerləşən “Ağsaray” restoranının həndəvərindəki bütün ticarət cərgəsinin də İlham Xəlilova məxsus olduğu da bildirilir. Həmin küçədə isə 70-ə yaxın dükan var və bütün bu dükanların bələdiyyə sədrinə aid olduğu qeyd olunur.

Xatırladaq ki, bələdiyyələr bir neçə şəxsin həddindən artıq varlanması üçün təsis olunmayıb. Bələdiyyələr yerli idarəetməni daha effektli şəkildə həyata keçirmək və yerlərdə sosial problemləri həll etmək üçün formalaşdırılıb. Vətəndaşlardan toplanan yerli əhəmiyyətli vergilər, həmçinin daşınmaz əmlak vergiləri, ö cümlədən bələdiyyə mülkiyyətlərindən əldə olunan gəlirlər də məhz bu istiqamətə xərclənməlidir. Lakin İlham Xəlilovun və digər bələdiyyə sədrlərinin sərvətlərinə baxdıqda bələdiyyə vəsaitlərinin hara xərcləndiyi açıqca görünməkdədir.

Saytın Biləcəridə olan əməkdaşı ilə söhbət edən qəsəbə sakinləri maraqlı nüanslara toxunublar. Belə ki, sakinlər 750,56 ha əraziyə malik Biləcəri bələdiyyəsinin sakinlər üçün deyil, cibləri üçün calışdığını bildirir. Məlum səbəbdən adını çəkmədiyimiz qəsəbə sakini əməkdaşımıza bildirib ki, rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun başlatdığı abadlıq işlərinin əslində İlham Xəlilovun işinə çox yarayıb. Qəsəbə sakini iddia edir ki, yolların genişləndirilməsi adı altında sökülən mağazaların yerində İlham Xəlilov özü üçün yeni mağazalar inşa etdirib.

Ancaq İlham Xəlilovu milyonçu edən əsas səbəblərdən biri böyük torpaq alveridir. Yuxarıda da qeyd etdiymiz kimi Biləcəri bələdiyyəsinin 750,56 ha ərazisi var. Əslində bu ərazinin böyük hissəsi 2005-ci ilə qədər boş idi. İlham Xəlilov sözün əsl mənasında keçən 9 il ərzində Biləcərini alt-üst edib. Özündən zəhmətkeş bələdiyyə sədri obrazı yaratmaq istəyən İlham Xəlilov deyəsən buna nail olmayıb. Bir qəsəbə sakinin dediyi fikirlər olduqca maraqlıdır:”Başında papaq özünü qəsəbə sakinlərinə simsar kimi sırımağa calışır. Amma köhnə Biləcərililərin evlərini qanunsuz adı ilə sökdürərək satdırdı. Bir sözlə 50 ildir Biləcəridə yaşayan bir kənd sakini kimi deyirəm, o Biləcərini talan edib. Amma Hacı Madərin qorxusundan heç kim onu işdən azad edə bilmir”.

Qeyd edək ki, Biləcəridə satışa çıxarılan torpaqlar vasitəsi ilə 10 milyon manatlarla vəsait əldə olunub. Bu vəsaitlərin ancaq cüzi bir hissəsi bələdəiyyə büdcəsinə yönləndirilib. Fldə olunan vəsaitləri 90 faizə qədəri isə bir neçə məmurun, o gümlədən Biləcəri bələdiyyəsinin sədrinin və onun müavinlərinin cibinə axıb. Torpaq sahəsinin baha qiymətə satılsa da bu bələdiyyə sənədlərində simvolik rəqəmlə qeyd edilir. Xatırladaq ki, Biləcəri qəsəbəsinin ucqarlanıda torpağın hər sotunun qiyməti 15 min manatdan başlayır və mərkəzə doğru irəlilədikcə bu qiymət 50 min manata qədər yüksəlir. Satışı sənədləşdirilən torpaqların sənədlərinə baxdıqda dəhşətli fərqdən adam çaşqına dönür. Çünki talançılığın və özbaşınalığın səviyyəsi inanılmazıdır. Məlumatlı mənbənin bildirdiyinə görə bu günə qədər satılan torpaqların sənədlərdə ən yüksək qiyməti cəmi 1200 azn kimi rəsmiləşdirilib. Əksər sənədlərdə isə bu qiymət 500-600 manat səviyyəsindədir.

Məlumat üçün bildirək ki, qanuna əsasən bələdiyyələr onlara məxsus torpaq sahələrini məhz bələdiyyə şurasının qərarı ilə satışa cıxarılmalıdır. Torpaq satışı xüsusi günə təyin edilmiş açıq aksionda satılmalıdır. Bu yazdıqlarımız qanunda öz əksini tapsa da torpaqla İlham Xəlilov tərəfindən bələdiyyə üzvlərinin imzası olmadan satılır. Bundan başqa əməkdaşımızın əldə etdiyi məlumata görə İlham Xəlilov toplanan torpaq və əmlak vergisini rəsmi sənədlərdə qeyd etdirmir.