backend

“Aztelekom” rəhbərinin milyonluq antikvar əşyalar biznesi – ARAŞDIRMA

“Aztelekom” rəhbərinin milyonluq antikvar əşyalar biznesi – ARAŞDIRMA

















Uzun müddətdir ki, Azərbaycanda bəzi məmurların dəbdəbəli həyatı və məmur övladlarının sosial şəbəkələrdə özlərinin komfort həyatını nümayişkaranə şəkildə təqdim etməsi cəmiyyətdə qıcıq yaratmaqla yanaşı, həm də ciddi problemə çevrilib.

Məmurların və məmur övladlarının atalarının xalqın cibindən oğurladıqları pullar hesabına yığdığı milyonları bu şəkildə təqdim etməsi də medianın gündəmindən düşmür. Ancaq hələ də bu problemə birmənalı olaraq "dur!" deyən tapılmır.
"Aztelekom" İstehsalat Birliyinin baş direktoru, yoxsa antikvar əşyalar muzeyinin rəhbəri?
Bir müddət öncə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovla bağlı ortaya çıxan faktlar da bu gerçəyin nə qədər ciddi olduğunu təsdiq edirdi. Belə ki, Məmmədovun bahalı antikvar əşyaları alması, buna görə yüz minlərlə manat xərcləməsi barədə səslənən iddialar onu göstərir ki, məmurlar artıq öz dəbdəbəli həyatlarını yeni mərhələyə adladırlar. Bir sözlə, onların bu həyat tərzi ərəb şeyxlərinin, övladları isə ərəb şahzadələrinin həyatından heç də fərqlənmir.

Təbriz və İstanbuldan gələn xalçalar...

Məlumatlarda bildirilirdi ki, Məhəmməd Məmmədovun adamları ona Təbriz və İstanbuldan həvəskarı olduğu antik əşya və xalçalar daşımaqla məşğuldurlar. Buna görə isə böyük məbləğdə pullar xərclənir.
Qeyd edək ki, ölkənin ən böyük rabitə müəssisəsi olan «Aztelekom» İstehsalat Birliyi dövriyyəsinə görə də, nəhəng şirkətlər arasındadır. Elə buna görədə bu müəssisəyə xarici investorların marağı həddindən artıq çoxdur. Hətta Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəfələrlə bəyan edib ki, müraciət edən xarici şirkətlərin sayı hər il artır. Di gəl, bütün bunlara rəğmən, özəlləşdirmə üçün hazır olmadığı deyilən müəssisənin rəhbərliyi daha çox pul qazanmaqla məşğuldurlar. Yəni onlara buranın özəlləşdirilməsi deyil, elə bu şəkildə qalması sərf edir.

Yoxa çıxan 20 milyon...

Məlumata görə, "Aztelekom"un direktoru Məhəmməd Məmmədov rəhbərlik etdiyi quruma daha çox özünün şəxsi obyekti kimi baxır. Elə buna görədir ki, müxtəlif vasitələrdən yararlanaraq, hətta investisiya məqsədi ilə ayrılmış pulları da rahatlıqla ələ keçirməyi bacarır. Belə ki, hər il Məhəmməd Məmmədovun rəhbərlik etdiyi müəssisəyə 25-30 milyon manat investisiya yatırılır. Bu pulların müxtəlif layihələrə sərf olunduğu qeyd olunsa da, real rəqəmlərlə mövcud işlər arasında tərs mütənasibliyin olduğu deyilir. Məsələn, rabitə sahəsində görülən və görüləcək işlərin smetası hazırlanan zaman rəqəmlər ən azı 3 dəfə şişirdilər. Bu yaxınlarda ümumi həcmi ekspertlər tərəfindən 5 milyon manat dəyərləndirilən layihəyə 20 milyon manatın ayrılması həmin əməliyyatın nümunələrindən biridir.
Təbii ki, 5 milyonluq işi 30 milyona görməkdən asan heç nə yoxdur. Bu zaman «Aztelekom»un rəhbəri də asanlıqla yerdə qalan pulu özünə götürərək, onu sənədləşdirməyi bacarır. Bunun üçün İstehsalat Birliyinin yerli qurumlarının da imkanlarından geniş istifadə olunur ki, bu da ayrı bir yazının mövzusudur.

Türkiyə səfərinin pərdəraxası: ziyarət, yoxsa ticarət...

Qeyd olunur ki, Məhəmməd Məmmədov davamlı olaraq Türkiyəyə gedərək, orada istirahət edir. Amma bütün bu səfərlərin işgüzar səfər adı altında həyata keçirilməsi başqa mətləblərdən xəbər verir.
İddialara görə, «Aztelekom»un direktorunun Türkiyəyə səfərinin arxasında həqiqətən də işgüzar maraqlar dayanır. Lakin bu işgüzarlığın qətiyyən rəhbəri olduğu müəssisə ilə bağlılığı yoxdur. Çünki M.Məmmədovun İstanbul və Antaliyada təkcə evləri yox, həm də bir neçə heç də kiçik olmayan dükanlarının varlığı barədə bilgilər var. Məlumatlarda da deyilir ki, müəssisənin direktoru ildə bir neçə dəfə bu şəhərlərə yola düşərək, oradakı dükanlarını verdiyi adamlardan icarəhaqlarını toplayaraq, geri dönür. Maraqlı məqamlardan biri də odur ki, Məhəmməd Məmmədov rəhbəri olduğu qurumdan əldə etdiyi pulları heç də boşuna sərf etməyi xoşlamır. Ona görə də, Türkiyədə sərmayədarlıq etdiyi kimi, Azərbaycanda da bəzi obyektlər açıb.

"Avand" İstirahət Mərkəzi və ya işin "Avand" olsun...

Verilən məlumatlarda vurğulanır ki, M.Məmmədovun Qubada restoranı və moteli mövcuddur. "Avand" İstirahət Mərkəzi isə paralel olaraq həm restoran, həm də motel kimi fəaliyyət göstərir. Nabranda isə özünə İstirahət Mərkəzi inşa etdirmək istəyən direktor sonradan fikrindən vaz keçib. Çünki bunun bir müddət sonra başağrısı yarada biləcəyindən ehtiyat edib.
Məhəmməd Məmmədovun bir başqa şakəri isə anitik əşyalara olan marağıdır. İddia edilir ki, «Aztelkom»un rəhbərinin şəhər kənarındakı bağ evində düzülmüş antik əşyaların içində dəyəri 100 minlərlə manat ölçülən əşyalara da rast gəlmək olar. Xüsusən də onun qədim əşyalarla yanaşı, həm də xalçaya olan marağı həddindən artıq çoxdur. Elə buna görədir ki, M.Məmmədovun adamları mütəmadi olaraq Təbriz şəhərinə yollanaraq, oradan bahalı və qiymətli xalçaları almaqla məşğul olurlar.

Taksi sürücülüyündən milyonlar səltənətinə yüksəlmək...

Qeyd edək ki, "Aztelekom” İB rəhbəri Məhəmməd Məmmədovla “Bakı Telefon Rabitəsi” İB rəisi Beytulla Hüseynov arasında da uzun müddətdir problemlər var və mübarizə gedir. Bu mübarizənin nə ilə nəticələnəcəyi hələ ki, məlum deyil. Bu iki qurumun birləşdirilməsi ilə bağlı iddialar ortaya çıxandan sonra isə adıçəkilən şəxslər arasında münaqişə pik həddə çatıb. Mənbə bildirir ki, hər iki şəxs - M.Məmmədovla B.Hüseynov geniş imkanlara malik şəxslərdir. Bu mübarizədə isə onların hər ikisinin ortaya çıxara biləcəyi ciddi faktlar və arqumentlər ola biləcək.

Mövzunu davam etdirəcəyik.
Növbəti araşdırmalarımızda «Aztelekom»da müdhiş maliyyə fırıldaqları; YAP MNTK–nın sədri milyonları hara və ya kimlərə xərcləyib? başlıqlı yazını oxuya bilərsiniz.