backend

Ramil Usubov ötən ilin hesabatını verdi

Ramil Usubov ötən ilin hesabatını verdi















2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26 min 113 cinayət qeydə alınıb.
AZTB.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Nazir qeyd edib ki, qeydə alınan cinayətlərin 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 18.132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb. Hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib.

Daxili işlər naziri qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib.