backend

Lənkəranın meşə fond torpaqlarında nələr yaşanır?

Lənkəranın meşə fond torpaqlarında nələr yaşanır?


















Ümumiyyətlə, meşə fond torpaqlarında daşınmaz əmlakın tikintisi qanunla qadağan olunsa da, adı çəkilən rayonda qanunun belə bir tələbinə məhəl qoyulmur

Artıq xeyli müddətdir ki, ölkəmizin cənub bölgəsində yerləşən rayonların, ələlxüsus Lənkəranın və Astaranın meşə fond torpaqlarında yaşanan problemlər, acınacaqlı durumun varlığı və s. daha böyük çevrənin ciddi müzakirəsinə səbəb olmaqdadır. Çünki, hələ bir müddət bundan əvvəl redaksiyamıza Astaranın Sim kəndinə yaxın meşə fond torpaqlarında təqribən 11-13 ədəd yaşayış evlərinin, bir neçə ictimai-iaşə obyektlərinin tikintisi haqda məlumatlar çatdırılmışdı. Düzdür, məlumat daxil olduqdan bir neçə gün sonra qeyd olunan ərazidə olduq və qanunsuz tikilən tikililərin çəkilişini də həyata keçirdik. Az sonra isə, görüb eşitdiklərimiz haqda açıqlama da dərc etdik. Elə ki, problemlərin varlığı ilə bağlı Astara rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinə sual edib hər hansı cavabı əldə etmək istədik, o halda Heydər müəllim “Mən kiməm ki, torpaq sahələri satam, bu işlərdə bələdiyyənin günahı yoxdur. Rayonumuzun rəhbəri var, o, hər şey haqda məlumatlıdır. Sadəcə olaraq tikintisi həyata keçirilmiş tikililərlə bağlı, hələ bir müddət bundan öncə rayon prokurorluğuna və polis şöbəsinə məlumat vermişəm. Yəqin ki, nə vaxtsa tədbir görəcəklər” deməklə, bir növ o, rayonun hüquq-mühafizə orqanlarını “topa tutmaq”dan da çəkinmədi.

Ümumiyyətlə, bu kimi problemlərin əmələ gəlməsini şərtləndirən səbəblər nədir və nədən yaşananlar daim müzakirə mövzusuna çevrilir məsələsinə aydınlıq gətirmək üçün, bir qədər zəhmət çəkib Lənkəranın Osakücə və Daştatük kəndlərinə də baş çəkmək kifayət edər ki, əsl həqiqətlər haqda lazımi məlumatları əldə etmək mümkün olsun. Belə ki, həmin kəndlərə yaxın ərazilərdəki meşə fond torpaqlarında da inşa olunan ictimai-iaşə obyektlərinin varlığını gördükcə, ortaya daha çox düşündürücü suallar çıxır. Görəsən həmin ərazilərin çay kənarlarında alt hissəsi çay daşlarından hörülməklə, ayrı-ayrı ictimai-iaşə obyektlərini inşa olunmasına hansı qanun ixtiyar verir? Yaxud da verirmi? Çünki, bizim də bildiyimiz bir həqiqət var ki, meşə fond torpaqlarında müəyyən məqsədlər üçün inşa olunan ictimai-iaşə obyektləri yalnız yüngül konstruksiyalarla inşa olunmalı olduğu halda, deyəsən obyek sahiblərinin müəyyən vəzifə sahibləri ilə əldə etdikləri razılaşmalar əsasında qanunun belə bir tələbini tapdaqlar altına atmaqdan da ehtiyat etməyiblər. Yəni, meşə fond torpaqlarında daşınmaz əmlakın tikintisi qanunla qadağandır. Qanunun belə bir tələbinə baxmayaraq, bu gün Lənkəranın Osakücə və Daştatük kəndlərinə yaxın ərazilərindəki meşə fond torpaqlarında inşa olunan ictimai-iaşə obyektlərinin varlığı (daşınmaz əmlaklar) artıq hər kəsi düşündürməkdədir. O halda ortaya fərqli bir sual da çıxır ki, görəsən 9 (doqquz) ildən artıq müddət ərzində Lənkəranın MMBM-nə rəhbərlik edən, iddialara görə ixtisasca dərzi olan və cavabdehlik daşıdığı sahə üzrə hər hansı diploma sahib olmayan Şakir Lətifov, bu cür qanunsuz tikililərə niyə göz yumub? Deməli, göz yumubsa o, hansısa maraqlar çərçivəsində göz yumub. Yoxsa… FHN yerli əməkdaşlarının meşə fond torpaqlarında qanunsuz tikililərin inşa olunmasına göz yummaları, bəzi şübhələrin baş qaldırmasına da səbəb olmaqdadır.

Daha çox hər kəsi düşündürən hal isə, səhhətində ciddi problemləri olan Şakir Lətifovun (Allah-Təala ona şəfa versin) uzun müddətdən bəri daşıdığı vəzifəsini icra etməsidir. Odur ki, bu yöndə müəyyən araşdırmalar apardıqca, bəzi mətləblər haqda az-çox məlumatları da əldə etmək mümkün olur. Apardığımız araşdırmalar zamanı məlum olan o oldu ki, ötən illər ərzində Lənkəranın müxtəlif ərazilərində biznes şəbəkəsini genişləndirməyə qərar verən Şakir Lətifovun əsas amalı, heç də meşə təsərrüfatını inkişaf etdirmək, bu sahəyə aid problemləri həll etməklə hansısa uğura imza atmaq olmayıb. Yalnız onun əsas amalı, daha çox var-dövlətə sahib olmaqdan ibarət olub. İndi isə baş verənlərə diqqət yetirib, gəldiyimiz qənaətləri əsaslandırmağa çalışaq. Necə olur ki, ilin 12 ayının xeyli hissəsini müalicə olunmaqda keçirən Şakir Lətifov, bu gün də daşıdığı vəzifəsində saxlanılır və cənab Hüseyn Bağırov, məhz davranışında vəzifə sahibinə yaraşmayan danışıqlara yol verən, etik normaları tapdaqlar altına atan, ixtisas profili heç bir halda uyğun gəlməyən, meşə fond torpaqlarına bir növ “qənim kəsilən”, media nümayəndələrini şantaj etməyə çalışan, məmur olmasına baxmayaraq qanuna zidd olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsə, hələ də “dur” demir. Deməli, bunun da müüəyyən səbəbləri var. Yəqin ki, ETSN-də vəzifə sahibi olan və meşə təsərrüfatlarına rəhbərlik edən vəzifə sahiblərinin fəaliyyətləri haqda hesabatları cənab Nazirə çatdıran şəxslər, bu gün Şakir Lətifovun vəzifədə saxlanmasında maraqlıdırlar. Ola bilər ki, adı çəkilən şəxsin əldə etdiyi müxtəlif gəlirlərdən (biznes gəlirləri də daxil olmaqla) yararlananlar, cənab Hüseyn Bağırova baş verənlər haqda dəqiq məlumatları çatdırmadıqlarından, yarıtmaz iş fəaliyyəti ilə diqqəti cəlb edən Şakir Lətifov hələ də vəzifə başında qala bilir. Biz bir media nümayəndəsi olaraq cənab Nazirin idarəçiliyi haqda az-çox məlumatlara malikik. Bilib eşitdiyimiz həqiqət ondan ibarətdir ki, ETSN-nə rəhbərlik edən bu şəxs, məhz idarəçiliyində müəyyən “sapmalara” yol verən bir kimsəni heç cür bağışlamır. Deməli, Şakir Lətifovun uzun müddətdən bəri daşıdığı vəzifəsində qalmasına əsas səbəb, məhz onun nazirlikdəki himayıdarlarının müəyyən təsir imkanlarına malik olmalarıdır. Bütün bunların varlığına baxmayaraq inanırıq ki, belə bir açıqlamanın dərcindən sonra cənab Hüseyn Bağırov belə bir mövzunu diqqətdə saxlayacaq və Lənkəranın MMBM-nin balansında olan fond torpaq sahələrini bəzi iş adamlarına “peşkəş” edən Şakir Lətifovla bağlı “yek” qərarını da rəsmləşdirəcək.

İndi isə başqa bir məqamın varlığını müzakirə edək və lazımi qənaətimizi də ortaya qoymağa çalışaq. Çünki, xeyli müddət bundan öncə redaksiyamıza daxil olan məlumatlar əsasında Lənkəranın Osakücə və Daştatük kəndlərində olduq və qanunsuz tikililərin çəkilişini həyata keçirməklə, məhz lazımi məlumatları da əldə etdik. Az sonra meşə fond torpaqlarında inşa olunan tikililərlə (daşınmaz əmlaklar) bağlı Lənkəranın meşə təsərrüfatına rəhbərlik edən Şakir Lətifovla əlaqə saxlayıb ona bir neçə sual ünvanladıqda, adı çəkilən şəxs “darıxmayın mən sizin başınıza elə bir oyun açdırarcağam ki, adınızı belə yaddan çıxaracaqsınız” deməkdən də çəkinmədi. Hətta o, “siz Hirkan Milli Parkının rəhbərindən 15 min manat pul istəmisiniz, son anda da 15 manat pul almısınız” deməkdən də ehtiyat etmədi. Bütün bunlar azmış kimi, guya digər addımlar da atmışıq deyə bizi şantaj etməyə cəhd etməsi, bir daha adı çəkilən vəzifə sahibinin hansı düşüncəyə, hansı xarakterə, hansı əqidəyə məxsus şəxs olmasını müəyyən etməyə əsas da verir. Sözsüz ki, Şakir Lətifov bir vəzifə sahibi olaraq, bu cür davranışları ilə daha çox ictimai qınağa tuş gəlir və qəbul olunmuş “Əxlaq kodeksi”nin tələblərini tapdaqlar altına atmaqdan da çəkinmir. İndi sual oluna bilər ki, bu cür xarakterə, bu cür davranış qaydalarına malik bir şəxsin, kifayət qədər strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik etməsinin nə qədər hüquqi əsası var?

P.S. Onu da vurğulayaq ki, hələ bir müddət bundan öncə redaksiyamıza Lənkəranın MMBM-nin balansında olan fond torpaq sahələrinin bəzi iş adamlarına “peşkəş” edilməsi haqda xeyli məlumatlar çatdırılmışdı. Belə bir səbəblər üzündən də, daxil olan məlumatları nazirlik əməkdaşları ilə birlikdə araşdırmaq və əsl həqiqətləri müəyyən etmək üçün, tərəfimizdən ETSN-nə rəsmi məktub da ünvanlamışdıq. Təəssüflər olsun ki, xeyli vaxtın keçməsinə baxmayaraq, ünvanladığımız məktuba qarşı tərəfdən cavab əldə edə bilmədik. Belə olan halda redaksiya əməkdaşları daxil olan məlumatları nazirliyin səlahiyyət verə biləcəyi şəxslərin iştirakı olmadan araşdırmağa qərar verdi və həyata keçirdikləri çəkilişləri, bir çox məlumatları hər kəsin diqqətinə çatdırmağı da borc bildi.

Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.


Qaynarxett.az