Kortejlə gəzən, başqa rayonda gecələyən Müstəqim Məmmədov vəzifədən alınır?- ŞOK İDDİA

120

Kortejlə gəzən, başqa rayonda gecələyən Müstəqim Məmmədov vəzifədən alınır?- ŞOK İDDİA

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla Gəncənin icra başçısı Elmar Vəliyevin münasibətləri gərginləşib. Hətta yaxın vaxtlarda M.Məmmədovun vəzifədən alınacağı ilə bağlı söz-söhbət gündəmə gəlib.

Belə ki, Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən dəstəklənən M.Məmmədovun bəzi əməlləri yuxarı dairələrdə narazılıq yaranmasına səbəb olub. Bunlardan biri də icra başçısının Tərtərdə deyil, qonşu rayonlarda gecələməsi, üstəlik, rayonda kortejlə gəzməsidir. AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Tərtərdə kortejlə gəzdiyi üçün tənbeh edilən başçının növbəti səhv addımı rayondan kənarda gecələməsi olub. Məlumatda o da bildirilir ki, M.Məmmədovun başqa rayonda gecələməsinə səbəb Tərtərin sərhəd rayonu olması, hər an düşmən həmləsinə tuş gəlməsi ehtimalıdır: “Başçı canını çox sevdiyindən rayonda gecələmir. Səhər işə gəlib axşam işdən gedəndə də, gün ərzində rayonda hansısa tədbirə qatılanda da kortejdən istifadə edir. Onun kortejlə gəzməsi haqda ötən il media yazdıqdan sonra tənbeh edildi. Lakin növbəti dəfə başqa rayonda (deyilənə görə, M.Məmmədov Bərdədə bunun üçün özünə ayrıca villa tikdirib-red.) gecələməsi böyük narazılığa səbəb olub. Onun kuratoru Elmar Vəliyevə icra başçısının “yola gətirilməsi” tapşırılsa da, M.Məmmədov onun təkidli tapşırıqlarını qulaqardına vurub. Beləliklə də onların münasibəti kəskinləşib və Elmar Vəliyev artıq onu müdafiə etməyəcəyini bəyan edib”.

Mediada yayılan bəzi məlumatlara görə Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə yeni kadr da irəli sürüb. Bu şəxsin Bərdədən Mehman Allahverdiyev olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.