backend

“Azərbaycana investisiya qoymaq istəyən xarici şirkətlər risklə qarşılaşmır” — Vahid Əhmədovdan Davos AÇIQLAMASI

“Azərbaycana investisiya qoymaq istəyən xarici şirkətlər risklə qarşılaşmır” — Vahid Əhmədovdan Davos AÇIQLAMASI















Milli Məclisin deputatı Vahid Əhmədov prezident İlham Əliyevin bu gün Davosda işə başlayan 48-ci “Dünya İqtisadi Forumu”nda iştirakından danışıb.
V.Əhmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Azərbaycan aparıcı xarici investorlar üçün böyük maraq doğuran ölkələrdən biridir:

“Bunun da əsas səbəbi Azərbaycanın sabit və təhlükəsiz ölkə olmasıdır. Azərbaycana investisiya qoymaq istəyən xarici dövlətlər və şirkətlər risklə qarşılaşmır. Cənab Prezident hər il Davos iqtisadi forumuna dəvət edilir və bu iştirak çox maraqla qarşılanır. Bu gün Azərbaycan sürətli iqtisadi islahatlar başladan ölkələrdən biridir. Bilirsiniz ki, 2016-cı ilin sonunda dövlət başçımız tərəfindən Azərbaycanın iqtisadi “yol xəritəsi” imzalanıb. 11 sahə üzrə olan bu sənədin icrasına 2017-ci ildən start verilib. Bununla əlaqədar hazırda da struktur və iqtisadi islahatlar davam etdirilir. Bütün bunları və Azərbaycanda gedən iqtisadi islahatları dünyaya çatdırmaq üçün Davod forumunun böyük əhəmiyyəti var”.
V.Əhmədov qeyd edib ki, son illər Azərbaycanın qeyri-neft sektoru və nəqliyyat sistemində də çox ciddi addımlar atılır:

“Hazırda Milli Məclisdə də Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması ilə əlaqədar məsələyə baxılır. Azərbaycanda belə bir iqtisadi zonanın yaradılması Azərbaycanı Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat qovşağına çevirir. Azərbaycanda digər bu cür böyük layihələr də həyata keçirilir. Artıq Azərbaycan öz neft və qazını Avropaya ixrac edir. Bütün bu layihələrin hər biri dünyada Azərbaycana olan marağı daha da artırır. Bütün bunlara görə də mən hesab edirəm ki, Azərbaycan Prezidentinin Davosda bu dəfəki çıxışı da dünyada maraqla qarşılanacaq və dinləniləcək. Ona görə də müyyən hökumət və dövlət başçıları, beynəlxalq və xarici şirkətlər Davosda Azərbaycan prezidenti ilə görüşərək, danışıqlar aparacaq və bir sıra razılıqlar əldə olunacaq. Yəqin ki, Azərbaycana əlavə investisiya vəsaitlərinin qoyulması planları da olacaq. Bütün bunlar isə Azərbaycanın gələcəyi üçün vacibdir”.