backend

TƏCİLİ!!! Dəhşətli sonluğun ANONSU, İrəvanı vəlvələyə salan İLDIRIMSÜRƏTLİ ƏMƏLİYYAT…

TƏCİLİ!!! Dəhşətli sonluğun ANONSU, İrəvanı vəlvələyə salan İLDIRIMSÜRƏTLİ ƏMƏLİYYAT…

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünün detallarını açıqlayıb. Türkiyə və Azad Suriya Ordusunun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir. Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Ankara Vaşinqtonun “Suriyada əməkdaşlıq” təklifinə şərtlə cavab verib. Suriya Milli Dialoq Konqresində PYD-nin iştirak etməyəcəyi dəqiqləşib. Davos Dünya İqtisadi Forumunun 48-ci iclası keçirilib. İran Qərbi İŞİD terror qruplaşmasının döyüşçülərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirməkdə ittiham edib. KXDR bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi
Ukraynanı Rusiyadan müdafiə etməyə çağırıb.

Azərbaycan, Dağlı Qarabağ

23-26 yanvar tarixlərində Davosda Dünya İqtisadi Forumunun 48-ci iclası keçirilib. İclasa 100-dən çox ölkənin 3000-ə yaxın iş adamı, siyasətçi və akademiki qatılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər". Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edən deyib.

“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Ermənistan Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdı

Ermənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki qeydə alınıb. Bu barədə Ermənistanın “Sülh dialoqu” ictimai təşkilatının hazırladığı hesabatda deyilir. Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər getdi. Sarkisyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın Fransa səfəri təsadüfi deyil.
Erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında Ermənistanı əllərindəki bütün faktları ortaya qoymağa çağırıb.
Bu sözləri Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında çıxışı zamanı dilə gətirib. O bildirib ki, həqiqətlərin üzə çıxması üçün Ermənistan bütün arxivləri açmalıdır

Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub. Yanvarın 19-da Rusiyadan yeni hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağına diqqət çəkir.

Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb. Ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxurlar. Erməni siyasi şərhçi K.Ambartsum Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.

“Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.

Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir.

Ermənistan ordusunda müdafiə naziri Viqen Sarkisyana qarşı gizli təşkilatlanma başlayıb. Ordudakı generallar nazirin “vurulması” üçün gizli görüşlər və məsləhətləşmələr aparırlar.

Erməni siyasi şərhçi Naira Ayramyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxurlar.

Türkiyə, İran, Yaxın Şərq

Yanvarın 20-də Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordudu (ASO) Suriyanın Afrin bölgəsində PYD-yə (PKK terror təşkilatının Suriya qanadı –red.) qarşı “Zeytun budağı” əməliyyata başladı. Türkiyə KİV-inə istinadən Afrin əməliyyatı ilə Türkiyənin çatmaq istədiyi əsas hədəfləri təqdim edirik.

Afrinin şərq cəbhəsin yerləşən strateji əhəmiyyətli Burseya dağına nəzarət yanvarın 24-də tamamilə ələ keçirilib. Burseya dağı Afrin mahalının mərkəzindən 16 kilometr məsafədə yerləşir. Dağ həmçinin Afrinin şərq cəbhəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının ilk müdafiə xəttini təşkil edirdi. “Mehmetçik şimalda 3, qərbdə 2, şərq cəbhəsində də 1 istiqamətdən terror təşkilatının nəzarət etdiyi ərazilərə daxil olub.

Yerli mənbələrin məlumatına görə, PYD/PKK İŞİD terror qruplaşmasının əsirlikdə olan döyüşçülərini azad edib. İŞİD döyüşçülərinin qarşısına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə döyüşmək şərti qoyulub. İnformasiya sonradan rəsmi Ankara tərəfindən də təsdiqləndi.

ABŞ-ın Suriyanın şimalına 5 min TIR silah-sursat gətirdiyini deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onların terror təşkilatlarına paylaşıldığını bildirib. Prezidenti Afrində bir addım geri atılmayacağını söyləyib.

Yanvarın 23-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Parisdə ABŞ Dövlət katibi Reks Tillersonla görüşüb. Tillerson və Çavuşoğlu “Zeytun budağı” əməliyyatını müzakirə ediblər.

Reks Tillerson Türkiyəyə Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulmasını və Suriyanın şimali-qərbində təhlükəsiz zonanın yaradılmasını təklif edib. Təklifə cavab verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ “silahları toplayın” çağırışı edib.

Mövlud Çavuşoğlu isə bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib.
Reks Tillersonun “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı. Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır. Ekspertlərin sözlərinə görə, məqsəd Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK/PYD dəhlizi” və “PKK/YPG sərhəd birliyi” layihələrindən Ankaranın diqqətini yayındırmaqdır

"Rusiya Afrin əməliyyatını diqqətlə müşahidə edir və Suriya ilə Türkiyənin nümayəndələrilə daim əlaqə saxlayır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov əvvəlki kimi Suriyanın ərazi bütövlüyünün saxlanılması prinsipini əsas hesab etdiklərini deyib.

Kremlin sözçüsü ABŞ-ın Vaşinqtondakı hərəkətlərini də tənqid edib. Onun sözlərinə görə, ABŞ ya Suriyada təxribatla məşğuldur, ya da ölkədəki vəziyyətlə bağlı informasiya çatışmazlığı yaşayır.

ABŞ kürd müttəfiqləri vasitəsilə Türkiyə-Suriya sərhədinə nəzarəti ələ keçirmək istəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Biz çoxdan ABŞ-ın Suriyanın əhəmiyyətli hissəsində alternativ hakimiyyət orqanları yaratması kursunu götürdüyünə diqqət edirik. Bu xəttin inkişafı Suriyanın daxili işlərinə kobud müdaxilədir. Bir neçə gündə Suriyanın Türkiyə və İraqla sərhədi boyunca təhlükəsizlik qüvvələrinin yarandığı elan edildi. Sonradan bu inkar edildi, amma faktlara əsasən, Suriyanın Türkiyə və İraqla sərhədinin nəzarətə alınması prosesi davam etdirildi”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ kürdləri Dəməşqlə dialoq aparmamağa inandırmağa çalışır və onlar arasında separat əhval-ruhiyyəni yayır.

Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb. Öz növbəsində Tramp Afrində vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib.

Yanvarın 23-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatından sonra atılacaq iki addımı açıqlayıb. Ərdoğan Münbiçin terrorçulardan təmizlənəcəyini və İraq sərhədinə qədər heç bir terrorçunun qalmaması üçün mübarizənin davam etdiriləcəyini deyib.

PYD/YPG qüvvələri Afrinə doğru hərəkət edərsə, ABŞ-ın dəstəyini itirəcək. Bu barədə Pentaqonun yanvarın 23-də yaydığı bəyanatında deyilib.

Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib.

“Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.

“Zeytun budağı” əməliyyatının ilk günlərində böyük uğurlar əldə etməsi terrorçuları qorxutmağa başlayıb. PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) liderlərindən olan Saleh Müslim “Euronews” kanalına müsahibəsində ABŞ və digər ölkələrdən Türkiyənin dayandırılması üçün kömək istəyib.

PYD həmçinin Suriya hökumətini Türkiyəyə qarşı savaşda onlara kömək etməyə çağırıb. Bu barədə informasiya Afrin Muxtar Administrasiyasının rəsmi saytında yer alıb.

“Biz Suriya dövlətini öz suveren öhdəliyini yerinə yetirməyə və sərhədlərini Türkiyədən qorumağa səsləyirik. Suriya dövlətindən öz ordusunu Afrində yerləşdirərək, sərhədləri gücləndirməsini istəyirik”, – müraciətdə deyilirdi.

Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbçilər mövcuddur. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.

ABŞ “Zeytin budağı” əməliyyatı və Suriya ordusunun qələbələrindən sonra bölgədən “qəbul edilə bilən” şərtlərlə çıxmağı müzakirə edir. Bu haqda ABŞ-ın Xarici Əlaqələr Şurasının mətbu orqanı olan “Foreign Affairs” son məqaləsində Suriya ordusunun qəti qələbəsini etiraf edib.

Məqalədə PKK/PYD terror təşkilatının Suriya ilə razılaşmasının yeganə həll variantı olacağı fikri ön plana çıxarılıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda “Zeytun budağı” əməliyyatını dəyərləndirib. Onun sözlərinə görə, ABŞ Ankaranın Afrindən çəkilərək YPG ilə döyüşməməsi istəyir.

ABŞ-ın hərbi məsləhətçilərinin də bölgədə olduğunu deyən Trampın məsləhətçisi hər hansı yanlış hesablamanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Yeni Nazirlər Kabinetinin formalaşmasına qədər Almaniya hökuməti Türkiyəyə silah ixracını dayandırıb. Bu haqda vitse-kansler və Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabrielə istinadən “Spiegel” nəşri bildirir.

Nəşrin məlumatına görə, ixracın dondurulması Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatla bağlıdır. Qabriel bildirib ki, Berlin Suriyanın şimalında hərbi münaqişəyə görə çox narahatdır.

Almaniya həmçinin “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqramları dayandırıb. “Spiegel” yazır ki, qərar Qabriel və kansler Angela Merkel arasında uyğunlaşdırılıb.

“Zeytun budağı” əməliyyatının əsl məqsədi PYD-nin həyata keçirdiyi assimilyasiya siyasətini aradan qaldıraraq bölgəni əsl sahiblərinə təslim etməkdir”. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən türkiyəli ehtiyatda olan general İhsan Başbozkurt “Yeni Şəfəq” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, əməliyyatın ən kritik nöqtəsi coğrafi olaraq Tel Rıfat, Minnığ və İdlibdəki müşahidə nöqtələrinin olduğu xəttin birləşdirilməsidir.

Onlarla xarici döyüşçü Afrinda Türkiyəyə qarşı döyüşür. Bu haqda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Röyters” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ, İngiltərə və Almaniya vətəndaşları PYD-nin sıralarında Türkiyəyə qarşı döyüşlərdə iştirak edir.

“Böyük Yaxın Şərq layihəsi iflasa uğrayan ABŞ-ın əlində yalnız kürd kartı qalıb”. Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

ABŞ Suriyadakı məğlub vəziyyyətinə düşdüyünü deyən Duqinin sözlərinə görə, Vaşinqton Avrasiya ölkələrinin birliyini poza biləcək təxribatlara əl ata bilər. Politoloq hesab edir ki, indi Türkiyə baxımından ABŞ ilə strateji ittifaqı pozmanın zamanıdır.

Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəyə cavab verəcəklərini söyləyib.

Yanvarın 22-də Suriyanın hökumət qoşunları və könüllü müdafiə dəstələri İdlib vilayətində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasına qarşı əməliyyata başlayıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Suriya ordusu 1500-dən çox döyüşçünü mühasirəyə alıb və onların məhv edilməsinə başlayıb. Terrorçularda tanklar, piyada döyüş maşınları, səhra artilleriya sistemləri və minaatanların olduğu bildirilir.

Yanvarın 20-də isə Suriya ordusunun bölmələri əyalətin cənubi-şərqində yerləşən Abu Duhur təyyarə bazasını ələ keçirib. Yanvarın əvvəlindən baza uğrunda döyüşlərdə hökumət qoşunları, İŞİD, “Ən-Nüsra” Cəbhəsi və “Hayat Tahrir aş-Şam” qruplaşmaları iştirak edirdi.

Baza “Ən-Nüsra” Cəbhəsinin əsas qalası hesab olunan İdlib şəhərinin 40 kilometrliyinə yerləşir.

PYD (PKK terror təşkilatının Suriya qanadı hesab edilir - red.) Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək. Diplomatik mənbələrdən əldə olunan məlumata görə, Türkiyə bu mövzuda İran və Rusiya ilə razılaşma əldə edib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.

Diplomatik mənbələr həmçinin, terrorçulara qarşı əməliyyatın Afrinlə məhdudlaşacağına dair Rusiyaya söz verildiyinə dair iddiaları təkzib edib.

Fələstin lideri Mahmud Abbas Avropa İttifaqını tezliklə Fələstin dövlətini tanımağa çağırıb. Mahmud Abbas bu haqda Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Kiçik” ABŞ səfirliyi 2019-cu ildə Qüdsdə açılacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib.

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri prezidentliyə namizədliyini verə bilər. Bu iddia ilə İsrailin “Maariv” qəzeti çıxış edib. Qəzet Kerrinin bu etirafı Londona Fələstin lideri Mahmud Abbasın köməkçilərindən biri ilə görüşü zamanı etdiyini bildirib. Kerri Fələstindən səbirli olmağı və Trampın yaxın iki il ərzində öz vəzifəsində qala bilməyəcəyini söyləyib.

İŞİD-lə mübarizə sahəsində sünni müttəfiqlərə ehtiyacımız var. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo danışıb.

“Pentaqon PYD-YPG və sünni qruplarla birlikdə çalışaraq yaxşı iş gördü”, - Pompeo deyib.

MKİ rəhbəri, həmçinin, Afrin barədə səssizliyi ilə fərqlənən ABŞ Prezidenti Donald Trampın hər səhər mütəmadi olaraq məlumat aldığını və məsələni yaxından izlədiyini bildirib.

ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparmaq üçün Rusiyanın iştirakı ilə yeni alyans formalaşdırmaq olar. Bunu “Fars” agentliyinə açıqlamasında İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi söyləyib.

“Vaşinqton İranı qorxutmaq, bununla da özünün siyasi, iqtisadi və hərbi hədəflərinə çatmaq istəyir. İran Rusiya, Pakistan, İraq və Suriyanın iştirakı ilə ABŞ alyansına qarşı dayanmaq üçün regional koalisiya yaratmalıdır”, – deyə o bildirib.

Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir. Bu haqda İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir.

İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

İsrail İranın Suriyada hərbi mövcudluğuna dair məxfi məlumatları səsləndirməyə hazırdır. Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Dani Danon söyləyib.

“Suriyada İran hakimiyyətinə birbaşa tabe olan 82 min döyüşçü var. Bu döyüşçülərdən 3 mini İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləridir. Hizbullah da Suriyada 3 min döyüşçü saxlayır, 10 min döyüşçünü isə İran İraq, Əfqanıstan və Pakistandan buraya gətirib. Üstəlik, İran 66 min Suriya hərbçisinə birbaşa komandanlıq edir”, – deyə o bildirib.

Qərb, Rusiya, Rusiya-Qərb münasibətləri

ABŞ Ukraynanın ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları genişləndirib. Xüsusi olaraq bəzi simalar və müəssisələr sanksiyalara məruz qalıb. Siyahıya "Surqut neft qaz"la bağlı 12 şirkət daxil edilib.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyanın böyüklüyünü bərpa etməyə çalışır”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo Vaşinqtonda çıxışında bildirib.

ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi yeni nüvə döyüş başlıqlarının yaradılması proqramına başlayıb. Bunu “Defens Nyus”a müsahibəsində idarənin rəhbəri Frenk Klots söyləyib. Onun sözlərinı görə, yeni nüvə başlıqları sualtı gəmilərdəki ballistik raketlər üçün nəzərdə tutulub. Bu başlıqların daha az təsir imkanları olacağı vurğulanıb.

Klots həmçinin B61-12 bombardmançılarının bombalarının, eləcə W80-4 qanadlı raketlərinin döyüş başlıqlarının modernləşdiriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Nyusvik” nəşri ABŞ-ın yenilənmiş nüvə doktrinasında nüvə silahının yeni, praktikada tətbiq edilə bilən formasının yaradılmasına izn verildiyini bildirmişdi. İddiaya görə, buna səbəb Rusiya və Çinlə müharibə riskinin artmasıdır.

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib.

Onun sözlərinə görə, Kreml Böyük Britaniyanın infrastrukturunun kritik əhəmiyyətli nöqtələrini araşdırır və istənilən başqa ölkə üçün “tamamilə qəbuledilməz” hesab olunan hərəkətlərə hazırlaşır.

Xüsusi halda, Uilyamson hesab edir ki, Rusiyanın hədəfində krallığı qitə ilə bağlayan qaz kəmərləri və elektrikötürücü xətlər ola bilər.

ABŞ Prezidenti Donald Tramp söyləyib ki, ehtiyac yaranacağı təqdirdə, ABŞ Londonun müdafiəsinə gələcək. “Mənim sizin (Britaniya nəzərdə tutulur – red.) baş nazirinizlə münasibətlərim yaxşıdır. Onun dediyi çox şeyi dəstəkləyirəm. Hərbi planda da Britaniyanı çox güclü dəstəkləyirəm. Biz nə isə baş verəcəyi halda sizin müdafiənizə gələcəyik”, – deyə o bildirib.

ABŞ-ın raket əleyhinə yerüstü müdafiə sistemi Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə zərbələrini dəf etməyə qadir deyil. Belə fikirlə “Washington Examiner” nəşrində dərc etdiyi məqaləsində Konqres üzvü Elis Stefanik çıxış edib.

Siyasətçi xatırladıb ki, raket hücumundan müdafiə sisteminin 18 sınağından yalnız 10-u müvəffəqiyyətli olub.

Kibertəhlükəsizlik üzrə Niderland Məxfi Xidmətinin (AIVD) agentləri 2016-cı ildə seçkiqabağı kampaniya zamanı ABŞ-ın Demokratlar Partiyasının serverlərinin qırılmasında şübhəli bilinən Rusiyanın “Cozy Bear” haker qruplaşmasının seçkilərə müdaxiləsini onlayn şəkildə izləyirdilər. Bu haqda “deVolkskrant” qəzeti bildirib.

Xüsusi xidmət orqanının agentləri Rusiya hakerlərinin qərargahına 2014-cü ildən girişə malik idilər. Onlar 2014-2017-ci illər arasında əldə etdikləri informasiyanı Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) və Milli Kəşfiyyat Agentliyinə (CİA) verirdilər.

Rusiya ilə NATO arasında başlaya biləcək hər hansı bir müharibə nüvə savaşına çevriləcək. Bu barədə Amerikada fəaliyyət göstərən “The National Interest” dərgisi məqalə yayımlayıb.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Bunu CBS telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, KXDR-in nüvə proqramı genişlənir, nüvə döyüş başlıqları daha güclü və daha etibarlı olur.

Ukrayna

Rusiya Donbasdan qoşunlarını çıxartmağı və Krımı geri qaytarmağı planlaşdırmır. Bu sözlər amerikalı ekspert Stiven Blankın “Atlantic Council” analitik mərkəzinin saytında dərc olunan məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, Kremlin bu siyasəti Moskvanın çökməsinə səbəb ola bilər:

“Rusiya Krıma S-400-lər göndərməklə burada hərbi mövcudluğunu artırır. Moskva hazırda israr edir ki, Ukrayna sui-qəsd xarakteri daşıyan Minsk razılaşmalarına qoşulsun. Bu razılaşma faktiki olaraq Ukraynanı konfederasiyaya çevirə və nəticədə Donbas üzərində Kiyevin suverenliyi hər an yox ola bilər. Yaranmış çətin vəziyyətin əsas səbəbi Rusiyanın hələ də Ukraynanı müstəqil dövlət hesab etməməsi ilə bağlıdır. Moskvanın aqressiyasından sonra Ukraynanın taleyi yenidən Rusiyanın əlinə keçib. Lavrov və Putinin açıqlamaları göstərir ki, onlar imperiyanın əlçatmaz olduğunu etiraf etməkdən imtina edirlər. Onlar sadəcə öz layihələrinin necə yox olacağını tezləşdirirlər”.

Qərb sivilizasiyasının gələcəyi üçün Ukraynaya yardım edilməlidir. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib. Onun sözlərinə görə, Ukrayna hazırda bütün dünyanı Rusiyadan müdafiə edir:

“Rusiya hazırda bütün dünyaya yalan xəbərləri yaymaqla məşğuldur. Bu yalan xəbərlər Moskvadan çox gözəl idarə edilir. Bu, sadəcə hibrid müharibəsinin bir hissəsidir”.

Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna və Polşanın milli himnlərini açıq şəkildə təhqir edib. Jirinovski fikirlərini “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında səsləndirib.

Jirinovski daha əvvəl bildirib ki, martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacaq və Ukraynanın bütün ordusu məhv ediləcək.
Ömər Dağlı