backend

Abbasovların dayağının da başı dərddə... - GƏLİŞMƏ

Abbasovların dayağının da başı dərddə... - GƏLİŞMƏ
















Dağıstandakı antikorrupsiya həbsləri bu respublikada geniş biznesi olan Azərbaycanın baş nazirinin sabiq müavini Abbasov Abbasovun biznesinə ciddi təhlükə yaradıb. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, Abbas Abbasov və oğlu ciddi təlaş içərisindədirlər. Məlumdur ki, həbs edilən Mahaçqala meri Musa Musayev barəsində qaldırılmış cinayət işinin əsas motivi qanunsuz tikililərdir. Dağıstanın başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev həbslə bağlı deyib ki, sabiq mer tikinti və şəhərsalma kimi vacib normalara riayət etməyib. Bunun ardınca isə Dağıstanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Əbdüssəməd Həmidov saxlanılıb. Ə.Həmidovla bərabər onun iki müavini Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, Dağıstan rəhbərliyi bütün məmurlara respublikanın hüdudlarını tərk etməyi qadağan edib. Lakin bir qrup məmur Rusiya ərazisini tərk edərək Azərbaycana qaçmağa çalışıb.

Bildirilir ki, Mahaçqaladan bir qrup məmur Azərbaycana keçmək üçün Stavrapol vilayətinə gedib. Lakin orada onları saxlayıblar və Dağıstana geri qaytarıblar.

Respublika başçısı səlahiyyətlərini icra edən Vladimir Vasilyev “qanunsuzluq dövrünün başa çatdığını” elan edib. Və bildirib ki, respublikada tikilən bütün qanunsuz obyektlər söküləcək. “Mən bütün tikinti aparanlara xəbərdarlıq edirəm, qanunsuzluq dövrü başa çatdı. Qanunsuz tikintilər daha olmayacaq. Kim ki, indi tikməkdə davam edir, xəbərdarlıq edirəm, pullarını boş yerə xərcləməsinlər. Söküləcək” deyə, Vasilyev bildirib.

Yəni artıq məsələ bu cür ciddiləşibsə və işə FTX qoşulubsa, Abbas Abbasov bunun nə demək olduğunu hamıdan yaxşı bilir...

Yada salaq ki, 2015-ci ildə deputat mandatını itirən Aydın Abbasov uzun müddətdir ki, atasının Dağıstandakı biznes planlarında yer alıb. Onun adı Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının yanında “Derbent-Plaza” yaşayış kompleksinin tikintisində şəriklərdən biri kimi hallanırdı. Rusiya saytları yazırdı ki, tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilir. Sonradan sabiq deputat Dağıstanda yaşayış kompleksi tikdirməsi barədə xəbərləri təkzib etsə də, Abbasovları bu respublikaya bağlayan tellərin sırf bizneslə əlaqəli olduğu təkzibedilməz faktdır.

Sabiq vitse-primyerin Dağıstana Türkiyə investisiyasının yatırılması prosesinə hələ bir neçə il əvvəldən maraq göstərdiyi məlumdur. Hələ bir neçə il əvvəl də İstanbulda, daha sonra isə Mahaçqalada iri türk şirkətləri ilə aparılan danışıqlarda A.Abbasovun Dağıstanın o vaxtkı prezidenti Ramazan Abdulatipovun yanında yer alması həm Rusiya, həm Azərbaycan mediasının diqqətini çəkmişdi. Bildirilirdi ki, A.Abbasov danışıqlarda Türkiyə investorlarını Dağıstana tikinti, trikotaj sənayesi və qismən də olsa turizm sektoruna sərmayə yatırmağı planlaşdıran Türkiyə şirkətlərini razı salmağa çalışırmış. A.Abbasovun Dağıstanda tikinti, restoran və neft daşımaçılığı biznesi olması dəqiq məlumdur. O, indi axtarışda olan biznesmen “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovla birgə Mahaçqala limanının bir hissəsini almaq istəyirdi. Amma A.Abbasov bu planları gerçəkləşdirə bilmədi.

Abdulatipovun istefa verməsindən sonra A.Abbasovun Dağıstanda əvvəlki kimi ürəkli olmayacağı məlum idi. Prezident səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasilyev işə başlayandan əhalidə narazılıq doğuran bütün tikinti işlərinin dərhal dayandırıb, qanunsuz sənədləşmə və torpaq alverinin qarşısını alıb. Son həbslər də bir daha göstərir ki, Moskvadan dəstək alan Vasliyev bu kimi hallara qarşı barışmaz mövqeyini davam etdirəcək. Yeri gəlmişkən, Dağıstandakı mənbələr həbs dalğasının hazırda prezident Vladimir Putinin Xəzər regionu üzrə səlahiyyətli nümayəndəsi Ramazan Abdulatipovun qardaşı Rəcəbə də çata biləcəyini deyir.

Belə ki, onun da büdcə vəsaitlərinin mənimsənilməsində əli olduğu haqda məlumatlar var.

Qaynağımız biznesdə “ayıq” olan A.Abbasovun artıq bəzi obyektləri satışa çıxardığı, bəzilərinin isə qapılarına qıfıl vurulması barədə göstəriş verdiyini deyib. Azərbaycanda bəlli səbəblərdən biznesini tam itirən Abbasov indi Xəzərin o tayında da iflas həddinə gəlib.

Siyasətdən getdiyini bəyan edən A.Abbasov, deyilənlərə görə, Türkiyədə övladlarının yanında yaşayır, amma Moskva ilə də təmasları səngitmir.
“YM”