backend

"Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb" - GİLEY

"Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb" - GİLEY
















Şamaxı rayon Meysəri kənd sakinlərinin evləri torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

AFN-in məlumatına görə, beş ildən çoxdur ki, Şamaxıda davam edən torpaq sürüşməsi nəticəsində Meysəri kəndində də bir çox evlər yararsız hala düşüb.
Hətta ötən ilin sentyabr ayında evləri başlarına uçan Meysəri kənd sakini barəsində sosial şəbəkələrdə video-foto reportajlar da dərc olunub. Şamaxı rayon Qaz İstismar idarəsindən ailəyə bildirilib ki, ev qəzalı vəziyyətdə olduğu üçün hər an uça və partlayış baş verə bilər. İcra nümayəndəliyi də evə baxış keçirib, hətta Fövqəladə Hallar Nazirliyinə də bir neçə dəfə məlumat verilib. Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb. Buna baxmayaraq, hələ də heç bir nəticə yoxdur. Hazırda həmin evdə iki körpə uşaq və anası yaşayır. Bir ilə yaxındır ki, ev qəzalı vəziyyətdədir. Uşaqların atası ruhi xəstədir, Maştağada müalicə alır. Evin xanımı – Həsənova Hənifə işləmir, ailənin aylıq gəliri 115 manat civarındadır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib, müalicəyə ehtiyacı var. Ümid edirik ki, aidiyyatı qurumlar ailənin səsinə səs verəcəklər.
Qeyd edək ki, 22 yanvar 2018-ci il tarixində Şamaxıda torpaq sürüşməsi aktivləşməsi ilə bağlı KİV-də bir çox məlumat dərc olunub. Şamaxı rayon İcra Hakimiyyətindən Şamaxı şəhərində, eləcə də rayonun Cabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərində torpaq sürüşməsinin daha çox müşahidə olunduğu faktını təsdiqləyiblər.
Xatırladaq ki, 2012-ci ildə Şamaxıda baş vermiş sürüşmə nəticəsində bir çox kəndlər ciddi ziyan görüb. Hətta həmin il martın 30-da Baş nazirin müavini Abid Şərifov aidiyyəti qurumların rəhbərləri və mütəxəssislərlə birlikdə Şamaxı rayonunun Muğanlı kəndində olub, torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət sahələrinə baxış keçirib. 2012-ci ilin sentyabr ayında Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Şamaxı rayonunun Muğanlı qəsəbəsinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə başlanılıb və 14 hektar ərazidə 62 evin inşası yekunlaşaraq kənd sakinlərinə təhvil verilib. Hökümət rəsmiləri kənd sakinləri ilə görüşdə də bildiriblər ki, gələcəkdə torpaq sürüşməsinin aktivləşməsi nəticəsində evləri yararsız vəziyətə düşən sakinlər üçün də həmin ərazidə yeni evlərin tikintisinə başlanıla bilər. Hətta həmin ərəfədə Muğanlı kəndi ilə yanaşı Meysəri kəndində və digər kəndlərdə qəzalı vəziyyətdə olan evlər qeydə alınıb. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev də Mirikənd, Meysəri, Cabanı kəndlərində də sürüşmə sahəsində olan evlərin olduğu faktını təsdiqləyib.


YAZI İLƏ BAĞLI VİDEOKADR BURADA