Tramvay yolları Bakıya qayıdır - VİDEO

Sosial 14-10-2014, 15:43
Tramvay yolları Bakıya qayıdır - VİDEO






















“Bu, avtomobil nəqliyyatının nəticəsində baş verən qəzaların azalmasına da xidmət edəcək”.

Bu gün Avropa şəhərlərində tramvay xəttinin mövcudluğu sivilizasiyadan xəbər verir. Bu, həm də ətraf mühitin təmizliyinə hesablanıb və insanların rahat hərəkətini təmin edir. Bir vaxtlar Bakı küçələrində də tramvaylar hərəkət etsə də, sonradan onlar ləğv edildi. Amma deyəsən qərarın düzgün verilmədiyi anlaşılıb. Yaxın gələcəkdə Bakıda yenidən tramvayları görmək şansımız olacaq. Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, ilk tramvay marşrutu üçün vağzaldan Azneft meydanınadək olan 6,6 km məsafə seçilib. O vaxtdan bəri bakılılar tramvayın xidmətindən istifadə edib.

Onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb. Bu, Bakıda nəqliyyatın çoxluğu və tramvay xətlərinin köhnəliyi ilə əlaqələndirilsə də, mütəxəssislər hesab edir ki, ətraf mühitin və insanların sağlamlıq durumunun qayğısına qalmaq üçün yenidən tramvaylardan istifadə edilməlidir.

İqtisadçı-ekspert Vüqar Bayramlının fikrincə, tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır. Amma bu digər nəqliyyat sahələrinin inkişafına xərclənən pulla müqayisədə çox az və daha gəlirli hesab oluna bilər.

“İlkin mərhələdə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmaqla şəhərin mərkəzində tramvay xətlərinin çəkilməsi mümkündür. Tramvay xətlərinin çəkilməsi gəlir baxımından da sərfəlidir. Belə ki, bizim apardığımız qiymətləndirməyə görə, tramvay xətti bərpa olunarsa, o zaman tramvay ilə bir sərnişinin daşınma xərci, avtobusla müqayisədə təxminən 50 faiz ucuzdur”, - deyə iqtisadçı-ekspert Vüqar Bayramlı qeyd edib.

Bakıda yenidən tramvay xəttinin yaradılması həm də hər gün saatlarla vaxt itirdiyimiz avtomobil sıxlığı və tıxac probleminin aradan qaldırılmasına kömək edə bilər.

“Tramvay xəttinə bu və ya digər nəqliyyat vasitəsinin daxil olması demək olar ki, mümkünsüz olan bir məsələdir. Ona görə də tramvaylar onlar üçün ayrılmış xətt üzrə, yəni marşrut üzrə müəyyən olunmuş vaxt üzrə təyin olunan ünvan çata bilirlər ki, bu da insanlara çox sərfəlidir. Bu gün Bakı şəhərində addımbaşı tıxacların şahidi oluruq” – deyə ekspert Azər Allahverənov vurğulayıb.

Şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan xeyirlidir. Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. Böyük Bakının regional inkişaf planında artıq bu məsələ öz əksini tapıb.

Şöbə müdiri Cahangir Qocayev deyir ki, bunun hansı səpkidə olacağını gələcəkdə işlənən mövcud planlar göstərəcək: “Təbii ki, bu işlər təkcə avtomobil nəqliyyatının nəticəsində baş verən qəzaların azalmasına da xidmət edəcək. Bunların 16 kilometr uzunluğu olacaq. Eyni zamanda Neftçilər prospekti boyunca da tramvaydan istifadə edilməsi gündəmə gələ bilər”.

Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istifadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var.

Oxunub: 626
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10