backend

Tiflisdən Bakıya qarşı “erməni gedişi” – kritik gəlişmə

Tiflisdən Bakıya qarşı “erməni gedişi” – kritik gəlişmə















Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ermənistanda rəsmi səfərdədir. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, baş naziri İrəvan hava limanında onun erməni həmkarı Karen Karapetyan qarşılayıb. Kvirikaşvilinin başçılıq elədiyi nümayəndə heyətinin tərkibinə baş nazirin 1-ci müavini, iqtisadiyyat və stabil inkişaf naziri Dmitri Kumsuşvili, xarici işlər naziri Mixail Canelidze, müdafiə naziri Levon İzoriya və başqa rəsmi şəxslər daxildir.

Xəbər verilir ki, səfər çərçivəsində Georgi Kvirikaşvili İrəvanda saxta soyqırımı qurbanlarına ucaldılmış abidəni ziyarət edib. Ermənistanın baş naziri ilə yanaşı, prezident Serj Sərkisyanla da görüşüb. Görüşlərin yekunu ilə bağlı iki baş nazirin ortaq bəyanatla çıxış edəcəyi gözlənilirdi.

*****

Səfərlə bağlı azı, iki mühüm detal xüsusi maraq doğurur. Bunlardan biri Kvirikaşvilinin böyük bir nümayəndə heyəti ilə işğalçı ölkəyə təşrif buyurmasıdır. Onların arasında iqtisadiyyat və müdafiə nazirlərinin yer alması məxsusi diqqət çəkir. Belə çıxır ki, Rusiyanı haqlı olaraq işğalçı sayan Gürcüstan onun bölgədəki hərbi qalası və işğal ortağı Ermənistanla iqtisadi-ticari əlaqələri daha da genişləndirmək və hətta müdafiə sahəsində (?!) hansısa ortaq addımlar atmaq niyyətindədir. Yəni Tiflis Ermənistanı əsla işğalçı hesab eləmir. Yəqin ki, səfərin real nəticələrini bilmək üçün bir qədər gözləmək lazım gələcək.

İkincisi, isə əlbəttə ki, gürcü baş nazirin İrəvanda uydurma soyqırımı abidəsini ziyarət edərək önünə əklil qoymasıdır. Bu, sözsüz ki, Tiflisdən onun sadiq strateji tərəfdaşlarına - qonşu Türkiyə və Azərbaycana qarşı, yumşaq desək, hörmətsizlikdir və heç bir protokol qaydası ilə izah oluna bilməz. Hər halda, Gürcüstan indiyədək saxta soyqırımı tanımayan ölkələr sırasındadır.

Yeri gəlmişkən, cəmi bir neçə gün öncə Gürcüstanın prezidenti Georgi Marqvelaşvili fevralın 26-da Borçalıda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad eləməkdən imtina eləmişdi...

*****

Şübhəsiz, müstəqil və suveren dövlət olaraq Gürcüstan öz xarici siyasətinin prioritetlərini müəyyən eləməkdə sərbəstdir. Lakin gürcü dövləti obrazlı ifadə eləsək, yerdən çıxmayıb və boşuna mövcud deyil. Bu gün o, özünün az-çox öz siyasi, iqtisadi, hərbi və energetik təhlükəsizliyinə görə öncəliklə Azərbaycana və Türkiyəyə minnətdar olmalıdır. Bunu da Tiflis rəsmilərinin yadına salmağa dəyər ki, ölkənin ərazisindən keçən iri neft-qaz və nəqliyyat arteriyaları hesabına hər il kasad Gürcüstan büdcəsi yüz milyonlarla dollar gəlir əldə edir.

Buna da şübhə yox ki, işğalçı Ermənistanın rəhbərliyi bu səfərdən blokada rejimini yumşaltmaq üçün maksimum istifadə eləməyə çalışacaq. Bu məqsədlə hələ ötən ilin sonlarında Serj Sərksiyan və erməni baş nazir Karen Karapetyan ard-arda Tiflisdə olublar. Lakin həmin səfərlər nəticəsiz başa çatıb. Hərgah, o vaxt yerli KİV-lər tərəflər arasında hansısa ilkin gizli anlaşma olduğu barədə yazmışdı.

*****

“Yeni Müsavat” xatırladır ki, söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmiryolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Bəllidir ki, bu mövzu illərdir məhz Ermənistanın təkidi ilə Rusiya və Gürcüstanın xüsusi nümayəndələri arasında müzakirə edilir. Çünki hazırda istismarda olan və işğalçı ölkəni Rusiya ilə birləşdirən, “Şimali Lars” gömrük postundan keçən yeganə yol - tarixi Hərbi Gürcüstan Yolu tez-tez sel-yağış səbəbindən yararsız hala düşür. Bu üzdən yolda vaxtaşırı Gürcüstan və Ermənistandan olan yüzlərlə böyük həcmli yük avtomobilləri ilişib qalır. Daha təhlükəsiz, stabil və rahat marşrut isə Cənubi Osetiyadan keçən Transqafqaz avtomagistralı hesab olunur.

Lakin yolun Ermənistanın xeyrinə işə düşməsi üçün Tiflis və Moskvanın razılığı lazımdır. Rusiya müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya ilə Gürcüstan arasında gömrük postunun qoyulmasını şərt kimi irəli sürür. Moskva Abxaziya və Cənubi Osetiyanı suveren qurum kimi tanıdığından, hesab edir ki, belə postlar olmalıdır. Gürcü tərəfi isə bunu qəbul eləmir, çünki o halda Tiflis bu iki separatçı rejimin müstəqilliyini tanımış olacaq.

*****

Siyasi müşahidəçilərə görə, Tiflis əslində Ermənistana hər iki alternativ marşrutun açılmasında maraqlıdır, ancaq çox şey onun səlahiyyətində və ondan asılı da deyil. Bir səbəb göstərildi. Problem həm də İrəvanın Tiflisi altdan-altdan Cavaxetiyadakı erməni separatizmi ilə təhdid eləməsi ilə bağlıdır. Hər şey qırağa, söhbət həm də Azərbaycan və Türkiyəni qıcıqlandırmaq riskindən gedir. Bu qıcıq gənc gürcü dövlətinə baha başa gələ bilər - ələlxüsus o vaxt ki, ABŞ-la münasibətləri xeyli kəskinləşən Rusiya Gürcüstanı NATO-yönlü kursdan döndərmək üçün az qala, indi hər şeyə hazır görünür...

Seçim Tiflisindir. Bölgə və onun ətrafındakı olduqca mürəkkəb bir situasiyada Gürcüstan rəhbərliyi Bakı və Ankara əleyhinə veriləcək istənilən qeyri-ordinar, qeyr-adekvat və kəskin qərarın, yaxud məkrli “erməni gedişi”nin nəticələrinə də hazır olmalıdır...

P.S. Qəzet çapa gedərkən Gürcüstan baş nazirinin səfəri davam edirdi.
“Yeni Müsavat”