backend

Şəki sakini məsul şəxslərə ağız açsa da... - 2-ci qrup əlil çətin durumda

Şəki sakini məsul şəxslərə ağız açsa da... - 2-ci qrup əlil çətin durumda















Şəki rayonu, Oxud kənd sakini, ikinci qrup əlil Kənan Nemət oğlu Əhmədov redaksiyamıza müraciət edərək işsizlikdən, dövlət tərəfindən ona verilən pensiyanın azlığından, həmçinin ünvanlı sosial yardımın kəsilməsindən şikayətləndi.

Məşğulluq probleminin həll olunmasını istəyən, işsizlikdən əziyyət çəkdiyini bildirən şikayətçinin sözlərinə görə, o 2 övladı ilə birlikdə acınacaqlı vəziyyətdə yaşayır: "Evim-eşiyim, işim, bir sözlə dolanacaq yerim yoxdur. Buna görə də mənə müvafiq yardım edilməsi üçün dəfələrlə Prezident Administrasiyasına, Şəki Rayon İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin digər aidiyyatı qurumlara müraciət etmişəm. İnandırım sizi, rəsmi və ya qeyri-rəsmi müraciət etmədiyim, qəbula düşmədiyim yer qalmayıb. Hər dəfəsində də ərizə yazdırıb sonra "Narahat olma, get, sənin məsələn həll olunavaq" deyib yola salıblar. Lakin indiyədək problemin həll olunmayıb, məşğulluqla bağlı müraciətlərimə müsbət cavab verilməyib".

Bu yaxınlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, o cümlədən parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının qəbulunda olduğunu deyən Kənan Əhmədov qeyd edir ki, onlar da problemin yoluna qoyulacağına dair söz versələr də, hələ dəyişən bir şey yoxdur: "Mənə dedilər ki, narahat olma, biz əmək və əhalinin müdafiəsi naziri Səlim Müslümova tapşıracağıq, o sənə kömək edəcək. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın da qəbulunda olmuşam. O da təxminən, eyni sözləri deyib. Ancaq hələ də problemimi yoluna qoyan, mənim məşğulluqla bağlı müraciətlərimə müsbət cavab verən, dolanışımı təmin etmək üçün yardım edən olmayıb. Vallah, artıq bu ölkədə dərdimi deməyə adam tapmıram. Əlil adamam, iş tapmaq olmur. Övladlarımı dolandıra bilmirəm, bir parça çörəyə möhtac qalmışam. Şəkidə dolanışıq olsaydı, Bakıya gəlməzdim. Paytaxtdır deyib gəldim, burda da iş tapa bilmirəm. Səlim Müslümovun qəbuluna gedirəm, pis rəftar edirlər. Polis çağırıb deyirlər ki, daha bura gəlmə. Axı mən dərdimi kimə deyim? Kimdən yardım istəyim? Bu cür məmurlar mənim kimi xəstə insanları intihar həddinə çatdırırlar. Artıq həyatımdan bezmişəm. İki övladımla didərgin düşmüşəm. Belə görürəm ki, qarşımda iki yol var: Ya benzin töküb intihar edim, ya da ölkəni tərk edib xarici dövlətlərdən birində qaçqın kimi yaşayım. Ancaq bütün çətinliklərə baxmayaraq, xaricdə qaçqın kimi yaşamaq mənə lazım deyil. Öz vətənimdə normal yaşamaq, övladlarımı dolandırmaq istəyirəm".

Dövlətin vətəndaşlara və şəxsən özünə göstərilın qayğıdan narazı olan Kənan Əhmədov ikinci qrup əlil kimi ona verilən 55 manat pensiyanın artırılmasını tələb edir: "Bu pensiya ilə yaşamaq mümkün deyil. Bir müddət öncəyə qədər ünvanlı sosial yardım alırdım. Artıq onu da kəsiblər. Səbəbini bilmirəm. Ünvanlı yardımı kəsdikdən sonra maddi durumun daha da ağırlaşdı. Qeyd etdiyim kimi, ikinci qup əliləm, daim dərmanlar qəbul etməliyəm. 55 manat pensiyanı dərmana verim, yoxsa övladlarıma bir tikə çörəkmi alım? Vallah artıq bu məmləkətdə yaşa bilmirəm. Kimə, hara üz tuturamsa, bu onun, o da bir başqasının yanına göndərir. Odur ki, sizin vasitənizlə bir daha müvafiq qurumlara müraciət edir, onlardan mənə yardım gəstərmələrini xahiş edirəm. Artıq yaşaya bilmirəm, intihar etmək üzrəyəm".

Mövzu ilə bağlı yazıda adıçəkilən qurumların da mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org


Şəki sakini məsul şəxslərə ağız açsa da... - 2-ci qrup əlil çətin durumda