Fikrət Qoca Müşviqi təhqir edənlərə "od püskürdü" — “Belə adamlar atasını, babasını tanımır”

139

Fikrət Qoca Müşviqi təhqir edənlərə "od püskürdü" — “Belə adamlar atasını, babasını tanımır”













Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca sosial şəbəkələrdə özünü “gənc şair” adlandıran bəzilərinin Azərbaycan xalqının sevilən şairi, repressiya qurbanı Mikayıl Müşfiqi təhqir etməsinə cavab verib.
F.Qoca “Ölkə.Az”a açıqılamasında bildirib ki, Elşad Barat və onun kimi bir çox gənc Mikayıl Müşfiqi tanımır:

“Mikayıl Müşfiq onun atasından, babasından da yaşlı adam olub. O necə Mikayıl Müşfiq haqqında doğru fikir söyləyə bilər? Belə adamlar heç atasını, babasını tanımırlar. Həmin gəncdən soruşsanız, heç babası haqqında düzgün fikir söyləyə bilməz. Heç bilmir ki, babası kim olub. Sabah onun da övladı olacaq. Övladı həmin gəncə “ata sən nə üçün Mikayıl Müşfiqi təhqir etmisən?” sualını verəndə bəs necə olacaq? Övladına necə cavab verəcək? Ağılsızlıq hər bir adamın başına bəla açır. Hər bir cavan ədəbiyyatçı düşünməlidir ki, sabah o da qocalacaq”.
F.Qoca qeyd edib ki, Mikayıl Müşfiq Azərbaycanın ən görkəmli şairlərindən biri olub:

“Çox təəssüf ki, bir qrup gənc Azərbaycan xalqının görkəmli nümayəndələrinin həyat yolu və yaradıcılığını oxumaq, öyrənmək əvəzinə, onlara ləkə yaxmağa çalışır. Əslində, gənclər Mikayıl Müşfiqi təhqir etmək əvəzinə, ona təşəkkür etməli idilər. İnsan hər şeydən əvvəl düzgün danışmağı, özünə hörmət etməyi bacarmalıdır. Şairlikdən də əvvəl əxlaqla danışmağı bilmək lazımdır. Bütün bunlardan sonra şairlik gəlir. Əxlaqa qiymət veriləndə şairin sözünə də, şeirlərinə də həvəs, hörmət olacaq”.