backend

"Acından ölürdün, sənə vəzifə verdim, indi şişibsən?" - Gəncənin başçısı ilə bağlı ŞOK İDDİA

"Acından ölürdün, sənə vəzifə verdim, indi şişibsən?" - Gəncənin başçısı ilə bağlı ŞOK İDDİA















..14 mart 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhəri ictimaiyyəti ilə görüşüb… Həmin iclasda iştirak edən, adının çəkilməsini qəti surətdə və bəlli səbəbdən istəməyən şəxs (aşağıda ad şərti veriləcək) «Təzadlar»a bu iclasda baş verənlər barədə yazı göndərib… Təbii ki, qeyri-etik ifadələri çıxaraq, yazını ixtisarla veririk. Ona görə yox ki, bizim çox hörmətli Yelmar Vəliyevlə hansısa problemimiz var… Ona görə dərc edirik ki, Yelmar müəllim nə etdiklərinin fərqində olsun, insanlarla, xüsusən də tabeliyində olanlarla qəzəbli və kinli, aşağılayıcı formada rəftarın sonu pis ola bilər. Gəncə camaatı nəsilli-köklüdür, təhqiri və aşağılamağı hamı kimi qəbul edən deyil… Və biz Yelmar müəllimi gələcəkdə baş verə biləcək pis hadisələrdən və münasibətlərdən qorumaq üçün bu yazını dərc etməli olduq. Hər halda bu yaxşılığımızın pis yerə yozulmayacağına əminik:
Hörmətli «Təzadlar»! 14 mart 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhəri ictimaiyyəti ilə görüşdü… O, bu görüşdə iclasdakıların gözü qarşısında müxtəlif vəzifə sahiblərini və ona problemləri ilə bağlı müraciət edənləri təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı ən pis sözlərdən ibarət oldu. Bunu heç kəs inkar edə bilməz ki, Elmar Vəliyev danışanda necə söyüş söyür… Bunu şəhər əhalisi çox gözəl bilir. Elmar Vəliyev Gəncə şəhər icra Hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu… (Elə söyüşlərdir ki, dilə gətirə və yaza bilmirik.RED.). Pis söyüşlər işlətməklə yanaşı, o, dedi ki, «Acından ölürdün, sənə vəzifə verdim, indi şişibsən, Çıx ....... çölə!!!». Həmin iclasdakı bu rəftarı telefonla yazmışıq, göndəririk, lazım olar… Qaz pulu ilə bağlı bir nəfər şəhər sakini müraciət edərək limitə düşdüyünü deyəndə, Elmar Vəliyev Gəncə Qaz İdarəsinin rəisi Rauf Qasımovu (rəisin 22-256-66-67 iş telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı, onunla danışmağa çalışırıq.RED.)
ayağa qaldırıb olmazın söyüşlərlə təhqir etdi. Müdir izah etmək istədi ki, cənab başçı,vətəndaş qaz pulu üzrə qoyulan limiti keçib. Ona görə də limitə düşüb. E.Vəliyev qışqıraraq dedi: «…Əclaf, sən salıbsan onu limitə». Müdir bildirdi ki, cənab başçı, mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb. Elmar Vəliyev yenidən başladı qışqırmağa, "…get … ye…, sən … yeyirsən ata ananla. Səni limitə elə salaram ki, özündə bilməzsən".
Sonra başçı üzünü Gəncə şəhər prokuroru Fazil Həsənəliyevə tutub dedi: "Bunu tutun". Prokuror bildirdi ki, «Mən onu hansı əsasla tutum? Mən onu tuta bilmərəm». Sonra Elmar Vəliyev yenidən rəisin üstünə qışqıraraq bildirdi ki, «…Kül sənin başına…».
Sonra Elmar Vəliyev Gəncə Şəhər Polis İdarəinin rəisi Faiq Şabanova müraciətlə bildirdi ki, «Bunu aparın içəri salın, ağılı başına gəlsin…». Bu məqamda qaz idarəsinin rəisi ilə əlaqədar nazirlikdən E.Vəliyevə iclas vaxtı zəng etdi. Elmar Vəliyev yenidən qışqıraraq həmin şəxsə bildirdi ki, «Sən kimsən, get işinlə məşğul ol...». Sonra o, üzünü Gəncə Şəhər Polis İdarəinin rəisi Faiq Şabanova tutub dedi ki, «Bu Gədəbəy, Daşkəsən rayonlarından olanları yüz dəfə demişəm ki, Gəncəyə «propiska» etməyin. Qoy getsin dağlarda qoyunlarını otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə. Sonra da məndən torpaq istəyirlər». Bu zaman yerdən bir nəfər Gədəbəyli sakin ayağa qalxaraq dedi ki, Elmar müəllim, o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi? Harada istəsələr orada da yaşaya bilərlər. Sən kimsən ki, vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan? Bundan sonra başçı özünü cilovlayıb dedi ki, «Mən elə demədim, yəni deyirəm ki, nə var buralarda, təmiz dağ havası, gözəl təbiət, get yaşa da özün üçün o dağlarda».
Daha sonra bir nəfər vəzifəli şəxsə dedi: «Sən kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən… Nə baxırsan? Get ver, canın çıxmaz!». Göründüyü kimi o, açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur.
Bundan sonra E.Vəliyev ön sıralarda oturan müavini Sevda Qurbanəliyevaya müraciətlə dedi: «Nə baxırsan? Sən də pul istəyirsən? Narahat olma, sənin pulunu… özüm verəcəm…».
Başçı daha sonra əsəbi halda bildirdi ki, «Şəhərin yiyəsi mənəm... Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə. Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun…».
İclas prosesi zamanı rəhbərə yaraşmayan söyüşlər və digər qəzəbli hərəkətlər sona qədər davam etdi.
Gəncə sakini və ziyalısı olaraq soruşuruq: cənab Elmar Vəliyev, məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır, heç kimin haqqı yoxdur ki, kimi isə təhqir etsin!
Sual vermək lazımdır ki, Elmar Vəliyev sən kimsən ki, insanlarla belə rəftar edirsən? Qəzəbli halda iclasda insanlarla türklər demişkən, alay edirsən, insanları məsxərəyə qoyursan. Kim bu səlahiyyəti verib sizə? Sənə kim bu səlahiyyəti verib ki, Gədəbəy və Daşkəsən camaatına qarşı yaraşmayan hərəkət edirsən? Və bu rəftarlar nə vaxta kimi davam edəcək??? Elə bilirsiniz ki, ölkə Prezidenti bu işlərdən xəbər tutmayacaq? Şəxsən Gəncə camaatı bu hərəkətlərinizi Prezidentə nə yolla olur-olsun, çatdıracaq… Onda kim olduğunuzu biləcəksiniz…
Hörmətli «Təzadlar»! Sizə həmin iclasda iştirak edənlərin bir çoxunun telefon nömrəsini göndəririk, onları dindirin, gəlin Gəncəyə, araşdırın, iclasda daha nələrin olduğunu biləndə şoka düşəcəksiniz, təəssüflənəcəksiniz…
P.S. Gəncəç şəhər İH-nə bu dəqiqələrdə etdiyimiz çoxsaylı zənglərə hələki cavab verən yoxdur… Şəxsən çox hörmətli Elmar Vəliyevin bu məsələyə dair mövqeyini öyrənmək istərdik… Ola bilsin kimsə onu həmin günü bərk əsəbləşdiriB. Ona görə belə vəziyyət alınıb… Bütün hallarda «Təzadlar» məsələyə aydınlıq gətirməyə çalışır… \\tezadlar.az\\