backend

Əfv sərəncamı nə vaxt imzalanacaq?

Əfv sərəncamı nə vaxt imzalanacaq?













Novruz bayramında əfv sərəncamının verilməməsi ilə bağlı müzakirələr səngimək bilmir. 2005-ci ildən bu yana demək olar ki, hər ilin martında şahidi olduğumuz sərəncamın bu il imzalanmaması çoxsaylı suallar yaradıb.

Qaynarinfo xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Əfv Komissiyasının üzvlərinin sərəncamın verilməməsi ilə bağlı yetərli mövqeləri var. Onlar əsas səbəb kimi müraciətlərin hamısına komissiyanın vaxt çatdırıb baxa bilməməsini göstərirlər.

May ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı həm amnistiya aktının qəbulu, həm də əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamının nə vaxt imzalanması prezidentin müstəsna səlahiyyətidir: "Qanunvericilikdə hansı müddətlərdə konkret olaraq, əfv sərəncamının verilməsi ilə bağlı göstəriş yoxdur. Əfv institutunun hüquqi təbiəti buna yol vermir ki, konkret müddət olsun. Prezident istədiyi vaxt bu instituta müraciət edib, konstitusiyanın verdiyi hüquqlardan istifadə edə bilər. Əfv Komissiyasına edilən müraciətlər hərtərəfli araşdırılır. Bu sadə bir iş deyil. Hər bir müraciətə rəylər alınır, arayışlar təqdim olunur. Hər müraciətlə bağlı mənfi və ya müsbət rəyin verilməsi ciddi araşdırma tələb edir. Əfv Komissiyasının iclaslarındakı müzakirələr hər zaman açıq müzakirə şəraitində keçir. Komissiyanın sədri bütövlükdə hər kəsin fikrini diqqətlə izləyir və hər kəs də müraciətlə bağlı fikrini ifadə etmək imkanına malikdir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, əfv sərəncamının verilməməsinə müxtəlif səbəblər əsas olub: "Göründüyü kimi, bu ərəfələrdə beynəlxalq aləmdən də təzyiqlər olmadı. Ola bilsin ki, bayram günlərinin çoxluğu, eləcə də müxtəlif işlərin çox olması komissiyaya müraciətlərə tam baxmağa imkan vermədi. Ümid var ki, prezident seçkiləri başa çatandan sonra ilk verilən sərəncam əfv olsun. Komissiya üzvü olan və dövlət orqanlarında çalışan şəxslərin seçkilər öncəsi işlərinin nə qədər çox olduğunu unutmamalıyıq”.