backend

Babək Niftəliyev: "Arif Babayevlə Canəli Əkbərovun qalmaqalı kənardan yaxşı görünmür" — MÜSAHİBƏ

Babək Niftəliyev: "Arif Babayevlə Canəli Əkbərovun qalmaqalı kənardan yaxşı görünmür" — MÜSAHİBƏ














Tanınmış xanəndə, əməkdar artist Babək Niftəliyev "Ölkə.Az"ın suallarını cavablandırıb.

- Babək bəy, istərdim söhbətinizə yaradıcılığınızdakı yeniliklərlə bağlı verəcəyiniz məlumatlardan başalyaq...

- Ruslan Əhmədoğlu ilə silsilə mahnılar üzərində işləyirik. Mahnılardan birinin arasında mərhum xalq artisti İlham Əsgərovun səsləndirdiyi şeir var. Ölümündən bir həftə əvvəl yazdırmışdıq.

- Nadir hallarda muğam ifaçıları gənc bəstəkarların mahnılarına müraciət edirlər. Bəziləri uğursuzluqdan, bəziləri sərt tənqiddən ehtiyatlanırlar. Belə bir narahatçılığınız var idimi?

- Oxuduğum ilk bəstəkar mahnısı Maestro Ceyhunun "Sənsiz keçən ömür" adlı bəstəsidir. Bu mahnını 2008-ci ildə oxumuşam. O vaxta qədər gənc xanəndələrdən bəstəkar mahnısı oxuyan olmamışdı. Məndən sonra gənc nəsildə bu, tendensiya halını aldı. "Sənsiz keçən ömür" lirikadır, ayrılıqdan, həsrətdən bəhs edir. Ceyhun dedi ki, bunu sənin səsin üçün yazmışam. Sözləri Cavid Qurbanovundur. Mahnı populyarlaşdı, Fuad Əlişov da klipini çəkdi. Hər zaman demişəm ki, səs imkan verirsə, istənilən janrda oxuya bilərsən. Aşıq janrı da oxuyuram.

- Muğamımızı da bir neçə yerə bölmüşük-Qarabağ, Şirvan, Cənub muğamı anlayışları formalaşıb. Sizcə, belə bölgü aparmaq doğrudurmu?

- Qətiyyən doğru deyil. Biz Azərbaycanı təmsil edəndə demirlər ki, şamaxılıdır, qarabağlıdır, yaxud bakılıdır. Azərbaycanı təmsil edirik, bayrağımız eynidir. Sadəcə, oxuma tərzində müəyyən fərq var.

- Şirvan xanəndələri daha çox ritmik musiqilərə üstünlük verirlər...

- Onlar aşıq havalarına da eyni cür yanaşırlar. Şirvan məktəbində də böyük musiqi bilicisi olub. Həmin bilici Qarabağ xanəndələrindən ibarət "Məclisi üns" keçirirmiş. Belə olmasa, inkişaf mümkün deyil. Hər kəs bir-birindən bəhrələnməlidir. Allah ustadlarımızın canını sağ eləsin, bu günə kimi muğamımızı yaşadıb bizə çatdırıblar.

- Bildiyimə görə siz də pedaqoq kimi fəaliyyət göstərirsiniz...

- Bəli. Sumqayıt Musiqi Kollecində dərs deyirəm, on beşdən artıq tələbəm var. Hər birinə ayrı-ayrılıqda dərs keçirəm, ustadlarımızdan öyrəndiklərimi onlara öyrətməyə çalışıram. Əlibaba Məmmədov deyirdi ki, Seyid Şuşinski belə deyirdi. Biz də deyirik ki, Əlibaba Məmmədov belə deyirdi. Çünki Seyidi görməmişik.

- Yəni, nə zamansa deyəcəklər ki, Babək də belə deyirdi...

- İnşallah.

- Həm öyrənirsiniz, həm də öyrədirsiniz. Hansı daha çətin prosesdir?

- Öyrənmək də çətindir, öyrətmək də. Tələbəni öyrətmək bir az daha çətindir.

- Ustadınız Canəli Əkbərov olub?

- Bəli, ustadım Canəli Əkbərov, ilk müəllimim isə Sərdar Bağırovdur. Mərhum sənətkarımız Məmmədbağır Bağırzadədən də dərs almışam, bütün müəllimləri özümə ustad bilirəm. Çünki Asəf Zeynallı adına Musiqi Kollecində oxuyanda Əlibaba Məmmədovun, Qəzənfər Abbasovun, Mənsum İbrahimovun dərslərində iştirak edib, bəhrələnmişəm.

- Deyəsən, yaxşı ovçuluğunuz da var idi...

- Ovu dayandırdım. Maraqlı peşədir, dağlara çıxırsan, təmiz havada, bulaqlar başında olursan. Düzdür, özüm ovlamırdım, ovçularla gedib, prosesi gözümlə görürdüm. Məsələn, çöldə maşın batanda necə çıxarılır, çölçülüyün nə olduğunu öyrənirsən. Sonradan gördüm ki, tərləyirsən, səsə ziyan edir. Səs telləri soyuğu sevmir.

- Müxtəlif janrlara, müxtəlif bəstəkarlara, şairlərə müraciət edirsiniz. Bilirəm ki, Elza Seyidcahanla yaxşı münasibətləriniz var. Onun hansısa şeirinə musiqi bəstələdib oxumaq fikriniz varmı?
- O barədə düşünməmişəm. Amma yəqin ki, elə bir şey olar.

- Gəncsiniz və indi adını çəkəcəyim ustadlara irad bildirmək yaşında deyilsiniz. Ancaq maraqlıdır ki, ustadınız Canəli Əkbərovla həmkarı Arif Babayevin, o cümlədən digər xanəndələrin qalmaqalına, söz atışmalarına necə yanaşırsınız? Sizcə bu vəziyyət kənardan necə görünür?

- Arif Babayev Milli Konservatoriyada mənim ustadım olub. Hər ikisi ustadımdır. Allah hər ikisinin canını sağ eləsin, böyük hörmətimiz var. Ancaq deyim ki, kənardan bu durum yaxşı görünmür. Çünki onlar bir-birinə can deyib, can eşitməlidirlər. Gənc nəsil də onlardan örnək götürməlidir.

- Bəs sizin yaş nəslinə aid xanəndələrin arasında-30-40 yaş arasında olan xanəndələri nəzərdə tuturam-belə qalmaqallar olurmu?

- Olanda olur, ancaq öz aramızda yoluna qoyuruq. Biz aramızdakıları efirə, mediaya çıxarmırıq.

- Bildiyimə görə, nisbətən gənc xanəndələrin çevrəsinin ağsaqqalı əməkdar artist Təyyar Bayramovdur və bu məsələlər məhz onun böyüklüyü ilə yoluna qoyulur. Doğrudur?

- Bəli, böyük qardaşımızdır.

- Repertuarınızda duetlər varmı?

- Repertuarımda yeganə duet əməkdar artist Elnarə Abdullayeva ilə olub. "Ay qız" mahnısını duet oxumuşuq. Sözün açığı, duet oxumağı xoşlamıram. Elnarə xanımın səsi çox dəyərlidir, səs çalarlarımız da uyğun gəlir. Ona görə özüm Elnarə xanıma mürəciət etdim. Sağ olsun, təklifimi qəbul etdi, oxudu.

- Həmkarlarınızdan kimləri dinləyirsiniz?

- Hər kəsi dinləyirəm və onlardan nəticə çıxarıram.

- Narahat olmursunuz ki, hər kəsi dinləmək zövq korşalmasına səbəb ola bilər?

- İfaçı var ki, oxumağının dadı-duzu olmasa da, maraqlı danışıq qabiliyyəti var. Bu şeyləri də onlardan öyrənirəm. Repə, caza, İran muğamına da qulaq asıram. Ona görə qulaq asıram ki, fantaziyam güclənsin. Tələbələrimə də belə məsləhət verirəm.

- Bəs estrada ifaçılarından kimləri dinləyirsiniz?

- Estrada da hər kəsi dinləyirəm və ad çəkmək istəmirəm. Bəzən özüm də bu janra müraciət edirəm.

- Bildirdiniz ki, duet oxumağı xoşlamırsınız. Yəqin təkliflər olanda da necə deyərlər, yola verirsiniz...

- Hə, elə yola verməklər çox olub.

- Yenə də idmanla məşğul olursunuzmu?

- Yeniyetməlik illərində boksla və güləşlə məşğul olmuşam. İndi məşğul olmuram. Burada da səs tellərini zədələyəcək hərəkətlər var. Arabir yüngül atletikayla məşğul oluram.