backend

“Vəziyyətimiz olduqca ağırdır, ümidimiz Bakıya gəlib əmək haqqımızı tələb etməyədir” - “Daşkəsən Filizsaflaşdırma”nın 300 fəhləsi maaşını ala bilmir

“Vəziyyətimiz olduqca ağırdır, ümidimiz Bakıya gəlib əmək haqqımızı tələb etməyədir” - “Daşkəsən Filizsaflaşdırma”nın 300 fəhləsi maaşını ala bilmir
















“Vəziyyətimiz acınacaqlıdır. Telefonunuza ”vızov" atdığımıza görə də üzr istəyirik. Konturumuz yoxdur. Biz 300 fəhlə az qala acından ölürük. Məcburuq Bakıya gəlib əmək haqqımızı tələb edək". Bu sözləri “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində “Daşkəsən Filizsaflaşdırma”nın fəhləsi Əli Kərimov deyib. Onun sözlərinə görə, fevral ayından 1 qara qəpik də olsa, əmək haqqı almayıblar: “Yeni ili supla da olsa birtəhər yola verdik. Novruz bayramında camaat evində aş bişirdi, biz fəhlələrin də gözü kassanın qapısında qaldı. Düşündük bəlkə qəpik-quruş verərlər, olmadı”.

Əli Kərimov deyir ki, müəssisə tenderə çıxarılsa da, sahib çıxmaq istəyən yoxdur: “Müəssisə qalıb havada, biz də yerdə. Ona görə də heç kimdən heç nə tələb edə bilmirik. Rəhbərliyə deyirik, deyirlər ki, nə sataq? Satmağa da heç nə qalmayıb. Vəziyyət olduqca ağırdır. Ona görə də ümidimiz Bakıya gəlib əmək haqqımızı tələb etməyədir. Bəlkə bu halda bizim müəssisə ilə bağlı bir tədbir görülər, bizlərə əmək haqqı verilər”.

Digər fəhlə Vahid Bayramov isə deyir ki, müəssisədə elə fəhlə var ki, işə gəlir, ondan-bundan çörək alıb yeyir. Müəssisə işçiləri borc almaqdan beziblər.
“Yeni Müsavat”ın reportyor qrupu bu ilin yanvarında Daşkəsəndə olub Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma”nın durumu ilə bağlı reportaj hazırlamışdı. “Ələddinin ”sehirli" əməlləri - “Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər" sərlövhəli reportajda müəssisənin özəlləşdirilməməsinə əngəl olan səbəbləri fəhlələr dilə gətirmişdilər.

Qeyd edək ki, “Daşkəsən Filizsaflaşdırma” 2 ilə yaxındır ki, özəlləşdiriləcəyi günü gözləyir. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən artıq 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub. Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil. Bu ilin yanvarında “Yeni Müsavat” əməkdaşları Daşkəsəndə olarkən müəssisənin fəhlələrinin ehtiyac və borc içində çabaladıqlarının şahidi olmuşdular. Həmin günlərdən əvvəl də, bu gün də fəhlələr dövlət qurumlarına, mətbuat orqanlarına usanmadan şikayət yazıb, 2013-cü ildən almadıqları əmək haqlarını tələb etməkdədirlər. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var və onların əmək haqları verilmir. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib. Köhnəlmiş, qolları sürtülmüş nimdaş paltarlarda gəzən fəhlələr bu gün müəssisənin ətrafındakı dükan-bazarlarda arzu olunmayan müştərilərə çevriliblər. Nisyə dəftərlərində ən böyük məbləğləri müəssisə fəhlələrinin adları qarşısında görmək olur.

“Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı il martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb.

Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir.

Xatırladaq ki, ASC-nin elan olunmuş özəlləşmə şərtləri belədir: Qara metallurgiya müəssisələri zənciri yaradılması nəzərə alınmaqla ümumi investisiya həcmi azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir.
“Yeni Müsavat”