backend

Metallurq" kafesində şıdırğı insan alveri gedir

Metallurq" kafesində şıdırğı insan alveri gedir






















Sumqayıtdakı bu əxlaqsız yuvasına kim himayədarlıq edir?

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən insan alverinin əsas qolu olan qadın ticarətinə qarşı aparılan mübarizə göz qabağındadır. İdarə rəsmiləri il ərzində bir neçə dəfə əxlaqsızlıq yuvalarında reydlər keçirərək bu çirkab bizneslə məşğul olanları qanuni formada cəzalandırırlar və məsuliyyətə cəlb edirlər. Bütün bunlara baxmayaraq, qadın ticarətçiləri öz əməllərindən əl çəkmirlər, əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərin sayı hər keçən gün artır. Ölkəmizin ən böyük şəhərlərindən biri olan Sumqayıtda da yüngül həyat tərzi keçirən qadınların məskəninə çevrilən obyektlərin sayı durmadan artmaqdadır.
Bu barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilsə də, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri heç bir tədbir görmürlər. Redaksiyamıza daxil olan məlumatlara görə, "gənclər şəhəri"nin ən məşhur əxlaqsızlıq yuvalarından biri "Metallurq" kimi tanınan kafedir. Qədim peşə sahibləri hər gün axşam saatlarında kafeyə toplaşaraq bədənlərini müştərilərə müəyyən miqdarda pulun qarşılığında satırlar: Bu əxlaqsızlıq yuvasında əsasən gənc qızlar fəaliyyət göstərir. Qızların yetərli hissəsi yetkinlik yaşına çatmayıb. Onların cinsi istismara məruz qalmasında "Metallurq"un sahibinin təsiri böyükdür. Çünki həmin adam qadın ticarətindən böyük gəlir əldə edir. Belə ki, qədim peşə sahibləri müştərilərdən cinsi əlaqə qarşılığında aldıqları pulun bir hissəsini kafenin rəhbərliyinə çatdırır.
Qızların qiyməti yaşlarından və xarici görkəmlərindən asılı olaraq dəyişir. Məsələn, "Metallurq"da 17-19 yaş arasındakı qızlar onlarla əylənmək istəyən müştərilərdən 60-70 manat civarında pul tələb edirlər. Bu qızlar pulun yarısını özlərinə götürür, yarısını da kafenin sahibinə çatdırır.
Qeyd edək ki, əxlaqsızlıq yuvasında vəziyyət gərgin həddə çatıb. Müxtəlif dağ rayonlarından min bir bəhanə ilə aldadılaraq yoldan çıxarılan azyaşlı qızlar çirkab yuvasına gətirilərək zorla cinsi təcavüzə məruz qoyulur. Lakin bu cinayət əməlinə görə kafeni işlədən şəxslərə "gözün üstə qaşın var" deyən yoxdur.
Sumqayıtın və ətraf qəsəbələrin gənc, yaşlı insanları axşam saatlarında bura axın edirlər. Beləcə, əxlaqsızlıq təbliğ olunur. Kafedə "işləyən" yüngül həyat tərzi keçirən qızlar aztəminatlı ailələrin yetkinlik yaşına çatmayan qızlarını şirnikləndirərək bura gətirir. Daha sonra həmin qızları böyük miqdarda pulun qarşılığında müştərilərə təklif edirlər.
Əxlaqsızlıq yuvasına çevrilən obyektdə çox çirkin işlər cərəyan edir. Ərazidə xidmət aparan polis əməkdaşları obyektdə qeydə alınan hadisələri görürlər. Buna baxmayaraq, əxlaqsızlıqla məşğul olan insanları və fahişəxana saxlayan şəxslərin barəsində ölçü götürmürlər. Bunun səbəbi "Metallurq"un vəzifəli şəxslərdən biri tərəfindən himayə olunması ilə bağlıdır. Məhz buna görə də burada hər gün xoşagəlməz hadisələr qeydə alınır.
İnsaf naminə qeyd etmək lazımdır ki, Eldar Əzizov Sumqayıta icra başçısı təyin olunandan sonra şəhər ərazisindəki əxlaqsızlıq yuvalarının əksəriyyəti yerlə-yeksan edildi. Görünür, şəhər rəhbərliyinin və Sumqayıt Polis İdarəsinin "Metallurq"un fəaliyyətindən xəbəri yoxdur. Odur ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəsmiləri şıdırğı insan alveri gedən bu əxlaqsızlıq yuvasında təcili reydlər keçirib qanunsuz iş görən şəxsləri cəzalandırmalıdır.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.