backend

Saqqallı şəxsdən yeni “fətva”: Telefonda şəkil saxlamaq haramdır! - VİDEO

Saqqallı şəxsdən yeni “fətva”: Telefonda şəkil saxlamaq haramdır! - VİDEO






















“Başqa variantın yoxdur?”.

Dini təriqətlərdən birinə mənsub şəxsin videosu sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, kimliyi bilinməyən saqqallı şəxsin videomüraciəti internet istifadəçiləri tərəfindən böyük müzakirəyə səbəb olub.

“Ümumiyyətlə, qardaşlar arasında naqisliklər çoxdur. Çox mühüm məsələni qeyd etmək istəyirəm. Görürsən ki, bəziləri telefonda şəkil, surət saxlayır. Bu hala çox yanıram, çox heyfsilənirəm. Mən bunun halal-haram hissəsini demirəm, lakin telefonda şəkil saxlamaq olmaz! Qəlbi fəsadlaşdıran 5 şey var. Onlardan biri də Allahdan başqasına bağlanmaqdır. Sonra da buyurur ki, insanların içində ən zəlili, ən rüsvayı qəlbini Allahdan başqasına bağlayandır.

Şəkk yoxdur ki, telefonda sevdiklərinin şəkillərini saxlayırlar. Telefonunda bir adamın şəklini çox müddət saxlayırsa, demək ki, sevdiyindən saxlayır. Mən yenə də deyirəm, mən bunun halal-haram tərəfindən danışmıram. Şəkil çəkdirmək olar, ya da olmaz, bu başqa mövzudur. Biz telefonda saxlamaqdan danışırıq. Quranda deyilir ki, sənin qəlbin Allahdan başqasını tanımasın. Bundan müalicə olan şəxs salimdir. İnsanlardan kiməsə təzim etmək istəyirsənsə başqa yolla et.

Başqa variantın yoxdur? Şəklini çəkib saxlama telefonda. Sevdiyini başqa cür ucalt, ona hörmət et, onun üçün dua elə, sədəqə ver, amma şəklini saxlama. İstər-istəməz qəlbin bağlanır ona. Qəlbini öyrətmə ki, Allahdan başqasına bağlansın. Qəlbin Ondan başqasını tanımasın. Vallahi, bu çox incə məqamdır. İlk növbədə özümə vəsiyyət edirəm və çox vacib bildim ki, sizə də deyim; əgər qəlbini Allahdan başqasına bağlamaq istəmirsənsə telefonda şəkil saxlama. Sevdiyini başqa cür ucalt, amma şəkillə eləmə. Sevdiklərinin şəklini qoyursan telefona, baxırsan və bağlanırsan ona. Qardaşlar, qəlb çox həssasdır, yumşaqdır. Qəlb gərək Allahdan başqasını tanımasın! Ona görə də telefonda şəkil saxlamaq olmaz!”.

Video izləyicilər arasında birmənalı qarşılanmayıb. Müzakirəsinə qoşulanlardan vəhhabinin fikirləri ilə razılaşanlarla yanaşı, etiraz edənlər də yetərincə idi. İlahiyyatçı, “Karvan” jurnalının baş redaktoru İsmayıl Əhmədovun münasibəti isə daha maraqlıdır.

"Bunun ya danışmağa mövzusu yoxdur, ya da ümumiyyətlə, deməyə sözü... Aşığın nağılı qurtaranda elə hey nanay-nanay deyir. Bunu dinləyən insanlardan biri görəsən nə üçün ayağa qalxıb demir ki, ay bekar, ay adam oğlu bəyəm adi şəkil də insanı Allahdan ayırar? Şəkil saxlanılmayacaqsa nə üçün çəkilir? İnsan bu qədərmi düşüncəsiz olar!? Artıq məni heç nə təəccübləndirmir!” - yazaraq videonu şərh edib.