backend

"Yaralananda sürünə-sürünə dünyaya gələcək oğlumu görmək haqda düşünürdüm" — QARABAĞ QAZİSİ İLƏ ÜRƏK PARÇALAYAN MÜSAHİBƏ

"Yaralananda sürünə-sürünə dünyaya gələcək oğlumu görmək haqda düşünürdüm" — QARABAĞ QAZİSİ İLƏ ÜRƏK PARÇALAYAN MÜSAHİBƏ
















Qarabağ qazisi Kamil Musəvi "Ölkə.Az"ın suallarını cavablandırıb.

- Kamil bəy, cəmiyyətimiz sizi qazi kimi tanıyır və hörmət edir. Ancaq istərdim ki, qaziliyə gələn yolunuz barədə məlumat verəsiniz.

- Mən Musəvi Kamil İbadət oğlu altı iyul 1990-cı ildə Qazaxda anadan olmuşam. 1997-ci ildə internat tipli orta məktəbə getmişəm. 2006-cı ildə internatdan çıxıb, təhsilimi iki saylı orta məktəbdə davam etdirmişəm. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşam. 2008-2012-ci ildə kəşfiyyatçı ixtisası üzrə ali təhsil və leytenant hərbi rütbəsi almışam. 2013-cü ilə qədər ixtisası təkmilləşdirmə kursunu keçib, 2013-cü ildə Tərtərdəki N saylı hərbi hissəyə kəşfiyyat tağım komandiri vəzifəsinə göndərilmişəm. 2014-cü ilin sonunda nümunəvi xidmətə görə sırf kəşfiyyat tipli hərbi hissəyə bir pillə yuxarı vəzifəyə göndərildim.

Azərbaycan ordusu üzrə kəşfiyyat qrupları arasında keçirilən yarışda birinci oldum. Bundan on gün sonra döyüş tapşırığını yerinə yetirərkən minaya düşdüm.

- Əgər çətin olmazsa, həmin anları bir daha xatırlayaq...

- Həmişə olduğu kimi düşmən tərəfi tez-tez təxribatlar törədir, atəşkəsi pozurdu. Yadınızdadırsa, cənab nazir əmr vermişdi ki, hər şəhidimizə görə on nəfər işğalçı məhv edilsin. Ağdamda ermənilər bir əsgərimizi minaya salmışdılar. Bunun qisasını almaq üçün tapşırıq gəldi. Neytral ərazidə minaaxtaran və köməkçisi hərəkət edirdi. Mən də qrup komandiri olaraq tez-tez gedib baxıb gəlirdim. Bir az aralandıqdan sonra boğunuq səslə kimsə "Komandir, mina!" deyərək çağırdı. Tez silahı götürüb arxasınca getdim. Məndən irəlidəki iki nəfərin böyründən keçib qışqıran yoldaşıma çatmaq istəyəndə, addım atmaq istəyirdim ki, partlayış oldu. Fiziki baxımdan o qədər hazırlıqlıydım ki, bəzən düşünürdüm mənə güllə də dəyə bilməz. Özümə o qədər güvənirdim. Əlimi ayağıma atanda gördüm ki, sümüyə dəydi, qan da fışqırır. Sən demə, mina ayağımı aparıb. Fikirləşdim ki, mənə belə bir şey ola bilməz. Sanki yuxu görürdüm. Gözümü yumdum, bir də əlimlə yoxladım və gördüm ki, ayağımın biri yoxdur. Hələ gözümə nə olduğunu bilmirəm. Üzü üstə çevrildim və düşündüm ki, sürünüb buradan çıxmalıyam. Ayağım topuqdan aşağı yox idi. Amma sonradan dizimdən amputasiya edildi. Çünki üç saat qırx altı dəqiqə sıxıb saxlamışdıq deyə, çürümə getmişdi. Ona görə də məcburən amputasiya edildi.

- Hələ də gözünüzün xəsarət aldığından xəbərsizsiniz?

- Bəli. Sürünəndə mina aparan ayağımı yuxarı tuturam ki, palçığa bulaşmasın. Bir anlıq hiss etdim ki, üzümdə istilik var. Sildim, gördüm ki, qan axır. Düşündüm ki, bəlkə ayağımın qanıdır. Birdən başa düşdüm ki, gözüm görmür və nə baş verdiyini anladım. Özümü birtəhər sürüyüb səngərimizə çatdırdım. MAXE Məcidov var idi. Onu da nədən tanıyırdım? Qış vaxtı əməliyyata gedəndə əlcək taxırdıq. Adətən bizim tətik tutan barmaqlarımız açıq olurdu, Məcidovda isə beş barmağın hamısı. Qaranlıqda Məcidovu əlcəyindən tanıdım. Qabağıma qaçdı və dedi ki, komandir, əlini ver. Təsəvvür edin ki, dörd yerdən-ayaq, göz, o biri ayağımın altı və sol qolumdan qan gəlirdi. Qolumun əzələsi çıxmışdı, o biri ayağımın altı cırıq-cırıq idi. Məcidov məni sürüyə-sürüyə səngərə saldı. Tez ilkin tibbi yardım göstərildi. Sarınandan sonra əsgər Nağızadə Rəşad məni maşına apardı. Təsəvvür edin ki, iki yüz metr məsafəni dayanmadan məni maşına çatdırdı. indi də həmin əsgərlə (tərxis olunub-red.) də, Məcidovla da indi də ünsiyyətimiz var, telefonla danışırıq.

- Digər döyüş yoldaşlarınızla ünsiyyətiniz varmı?

- Nəinki öz tabeçiliyimdə olan əsgərlərlə, digər əsgərlərlə də yaxşı münasibətim var. Qardaş kimiyik.

- Türkiyənin mafiya liderlərindən olan Sedat Pekerlə görüşünüz istər qardaş ölkədə, istər bizim mediada böyük marağa səbəb olmuşdu...

- Afrinə dəstək videom Türkiyənin 70-80 faizi tərəfindən izlənilmişdi. Çünki həmin görüntülər telekanallarda bir neçə dəfə yayımlanmışdı, sosial şəbəkələrdə yayılmışdı. O vaxta qədər Sedat Pekeri tanımırdım. Evdə oturmuşdum, bir link atdılar. Gördüm yazılıb ki, Türkiyənin mafiya liderindən Qarabağ qazisinə jest. Dostlardan soruşdum, dedilər ki, vətənpərvər, milliyətçi, qeyrətli insandır. Bir neçə gün sonra "Kanal 24" və "CNN Turk" məni efirə dəvət etdi. Məni Türkiyədə hava limanında qarşıladılar. Ondan sonra "Bursa TV"də oldum. Çanaqqala şəhidlərini ziyarət edəndə məndən müsahibə götürüb bütün telekanallara ötürdülər. Bir nəfər zəng vurub dedi ki, Sedat Pekerin qardaşıyla yaxınıq və nə zaman gəlsəniz, sizi rəislə (Sedat Pekeri nəzərdə tutur-İ.V.) görüşdürə bilərik. Vaxt təyin edildi, gedib görüşdük. Çox yüksək səviyyədə qarşıladı.

- Sirr deyilsə, nə barədə danışdınız?

- Təşəkkürünü bildirdi, xoş sözlər dedi.

- Maddi dəstək təklif etdi?

- Maddi dəstəkləri ümumiyyətlə qəbul etmirəm. Ancaq təklif etmişdi. Baş nazir Binəli Yıldırımla görüşə girməzdən öncə də dedilər ki, nə istəyin olsa, de. Bildirdim ki, heç nəyə ehtiyacım yoxdur. Düzdür, hər bir insanın sıxıntısı da var, çətinliyi də. Bu, öz yerində. Ancaq xalq və millət kimi özümüzü heç yerdə dilənçi kimi göstərməməliyik.

- Bu gün sizə olan diqqət və qayğıdan razısınızmı?
- Təbii ki, razıyam. Hər kəs necə, mən də elə. Sadəcə, çalışıram ki, cəmiyyətdə vətənpərvərlik ruhu aşağı düşməsin. Bir ara sıxıntılarım oldu. Düşündüm ki, iş tapım, pul qazanım. Sonra dostlar, yoldaşlar dedilər ki, sənin bütün ehtiyaclarını özümüz ödəyəcəyik. Hazırda birinci qrup əlil kimi 714 manat təqaüd alıram.

- Bilirəm ki, iki oğul atasısınız...

- Yaralananda altı ay idi evliydim. Övladım dünyaya gəlməmişdi, həyat yoldaşım magistratura pilləsində təhsil alırdı. Yaralananda sürünə-sürünə ağlayırdım ki, övladımın üzünü görüm. İlk düşündüyüm bu idi. Kiçik övladımın isə aprelin 18-də bir yaşı tamam olur. Böyük oğlumun adı Nümandır. Kiçik oğlumun adını Ərhan qoymuşdum. Bir komandirim var idi. Övladım dünyaya gələndən sonra zəng vurdu. Dedi, evdəkilər yuxuda görüb ki, uşağın adını Həsən qoysan, daha yaxşı olar.

- Övladlarınızı gələcəyin zabiti kimi görürsünüz, yoxsa düşünürsünüz ki, çətin olar?

- Hər bir sahə sevgi tələb edir. Heç vaxt övladlarımı məcbur etmərəm.

- Kirayədə yaşayırsınız?

- Bu yaxınlarda mənzillə təmin edilmişəm.

- Elə an olurmu ki, bu yolu seçdiyinizə görə peşmançılıq hiss edəsiniz?

- Olmayıb. Allah haqqı, olsa, deyərəm.

(Söhbətimizin bu yerində bir neçə nəfər Kamil bəylə şəkil çəkdirmək üçün ona yaxınlaşır)

- Nə zaman hiss etdiniz ki, insanlar sizi tanıyırlar?

- Mediada çıxışlarımdan sonra insanlar daha çox tanıdılar. Yaxınlaşıb şəkil çəkdirənlər də olur, təşəkkür edənlər də.

- Bəs görməzdən gələnlər?

- İçində mənə qarşı nifrət, paxıllıq hissi olanlar da var. Ancaq elələrini özümüzdən saymıram. Bizdən olan insan qaziyə sevgiylə yanaşar.

- Az öncə aldığınız təqaüddən danışdınız. Dolanmaq rahatdır?

- Dolanırıq da, şükür Allaha. Çətinliklər həmişə var. Çox tədbirlərə gedirəm və bu da xərc tələb edir. Ancaq dostlarım sağ olsun, dəstəklərini əsirgəmirlər.

İntiqam VALEHOĞLU