backend

Xəstəxanalarda növbələrə səbəb havadır?

Xəstəxanalarda növbələrə səbəb havadır?




















“Bakıda hava normadan artıq çirklənib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı rəqəmlərə əsasən ölkədə atmosferə atılan 100% tullantının 60-65%-i nəqliyyatın payına düşür. 2000-ci ildə Bakıda 100 min nəqliyyat növü var idisə, artıq bu rəqəm 1 milyona yaxınlaşıb. Təbii ki, bunun da şəhər havasına təsiri çoxdur. Bakı şəhəri üzrə əhalinin sıx, nəqliyyatın intensiv olduğu və müəssisələrin daha çox yerləşdiyi ərazilərdə ətraf mühitə təzyiqlər daha yüksəkdir. Ətraf mühitin çirklənməsi daha çox mərkəzdə qeydə alınır. Bakı şəhərində təxminən 4 milyona yaxın əhali yaşayırsa və bu saya görə gündə 1 kilodan artıq məişət tullantısı hesablansa, ətraf mühitə hansı təsir və təzyiqlərin olduğunu hesablamaq çətin deyil.

Xəstəxanalarda növbələrə səbəb havadır?

Ekoloq Telman Zeynalov Analitik.az-a paytaxt Bakıda atmosferin çirklənməsinin səbəblərini belə şərh etdi: “Şəhər böyüyür, meqapolis artır, asfaltların , avtomobillərin sayı çoxalır. Ağaclar isə qırılır. Şəhər nə qədər inkişaf edirsə, bu, belə də davam edəcək. Yaşıllıq zonası salınmalıdır. Bakıda çirklənmə normadan artıqdır. Əgər xəstəliklərin sayı artıbsa, xəstəxanlarda növbələr varsa, bu, çirkli maddələrin havaya daha çox buraxılmasından, havanın normadan artıq çirklənməsindən xəbər verir.”
Ekoloq Elnur Nasirov isə Analitik.az-a bildirib ki, Azərbaycanda atmosferin çirklənməsi ən çox Abşeron rayonunda müşahidə olunur: “Bakı şəhəri sənaye şəhəridir. Eləcə də Sumqayıt şəhəri də bu sıraya daxildir. Orada olan sənaye müəssisələrinin tullantıları Xəzər dənizinə axıdılır. Torpağa, suya axıdılan bütün zərərli maddələr yenidən atmosferə qayıdır. Bakıda hava həddindən artıq çox çirklənib. Xırdalan şəhərində yerləşən qəbiristanlıq olan hissədən Bakı istiqamətində səhər tezdən və ya axşamlar baxsanız, Bakının görünmədiyini müşahidə edəcəksiniz. Bu, havanın həddindən artıq çirklənməsindən irəli gəlir. Artıq gözlə müşahidə etmək olur ki, hava çox çirklənib.”

E. Nasirov deyir ki, atmosferin çirklənməsinin qarşısının alınması üçün müxtəlif işlər getsə də, bu sahədə hələ də ciddi irəliləyişlər nəzərə çarpmır: “Baxmayaraq avtomobillərdən, eləcə də müəssisələrdən atmosferə atılan tullantıların azaldılması üçün müəyyən standartların tətbiqi prosesi aparılır, atmosfer ağır metallardan, radioaktiv və məişət tullantılarından çirklənməyə daha çox məruz qalır. Balaxanı zibilliyinin yanından keçsəniz, bir neçə kilometrdən üfunət iyini adamı necə tutduğunu hiss edərsiniz. Bu da sözsüz ki, məişət tullantılarının təsiridir.”

Xəstəxanalarda növbələrə səbəb havadır?

Dünyanın böyük şəhərləri ilə müqayisədə Bakının çox çirklənməsinə gəldikdə isə ekoloq vurğulayıb ki, Bakıda insanlar sıx məskunlaşıb: “Əhali sayı çoxdur. Statistik rəqəmlərə əsasən Bakıda 4 milyondan çox əhali var. Bakı şəhəri boyda ərazi üçün bu, çox böyük rəqəmdir. İkincisi, sənaye müəssisələrini nəzərə almaq lazımdır. Son illərdə şəhərdə avtomobillər yenilənir. Təxminən 4-5 il bundan öncə yollarda sürülən avtomobillər çox köhnə və istismar müddətini keçmişdi. Bizdə sənaye və məişət tullantıları təkrar istehsal olunmur. Dünyanın böyük meqapolislərində isə tullantılar təkrar istehsal edilir. Bu kimi məsələlər də atmosferin çirklənməsində fərq yaradır.”


Azərbaycanda havanın həddindən artıq çirklənməsinin qarşısının alınması istiqamətində tədqiqat institutlarında müxtəlif işlər aparıldığını deyən E. Nasirov tullantıların azaldılmasının çıxış yolunu belə görür: “Çirklənmiş ərazilər tullantılardan tamamilə təmizlənməlidir. İctimaiyyət arasında daim maarifləndirmə işləri aparılmalıdır. Atmosferi çirkləndirənlərə qarşı ağır cəza tədbirləri tətbiq olunmalıdır. İnzibati cəzalar, cərimələr kəsilməlidir. Bir məsələni də nəzərə alaq ki, iqtisadiyyat, sənaye inkişafa doğru gedirsə, mənfi təsirləri sıfıra endirmək, bir dəfəlik qarşısını almaq mümkün deyil. Amma bir halda mümkün ola bilər ki, alternativ enerji mənbələri müəyyən olunsun. Enerjini küləkdən, sudan alaq. Elə enerji mənbələri tapaq ki, onlar ətraf mühitə tullantı verməsin. Məsələn, avtomobillər hamısı Günəş enerjisi ilə işləsə tullantı olmayacaq.”

R. ZEYNALLI/Analitik.