backend

Azərbaycanda qızlar niyə azalır?

Azərbaycanda qızlar niyə azalır?


















"Qız uşaqlarını məhv etmə halları qadağan edilməlidir"

Ana bətnində olan uşaqların cinsi müəyyən edildikdən sonra məhv edilir. Yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələr daha çox təsir göstərir. Bunu analitik.az-a AMEA-nın İqtisadiyyat İnstitutunun sosial siyasət və həyat səviyyəsinin sosial-iqtisadi problemləri bölməsinin rəhbəri, fəlsəfə doktoru Cəlil Quliyev deyir: “Ultrasəs müayinəsi ilə əlaqədar Azərbaycanda çox təhlükəli proses gedir. Hələ mən bununla bağlı “Demoqrafiya və sağlamlıq” mövzusunda keçirilən konfransda münasibətimi bildirmişdim. USM vasitəsilə körpənin cinsini müəyyən edirlər, əgər qızdırsa, əksər hallarda onu məhv edirlər. Bu kimi hallar sonda yaxşı nəticəyə gətirib çıxmayacaq. Oğlan uşaqları artdı, qız uşaqları azaldı. Belə olan təqdirdə oğlan uşaqları kiminlə ailə quracaq? Bu kimi mənfi halların qarşısı alınmalı, təcili tədbirlər həyata keçirilməlidir.”


Dünyanın 100-dən çox ölkəsində oğlan və qızların sayı ilə bağlı araşdırma apardığını bildirən C.Quliyev, ölkələrin çoxunda bu vəziyyətin hökm sürdüyünü vurğuladı: “Araşdırma zamanı məlum oldu ki, ölkələrin çox hissəsində doğuşda oğlanların sayı qızların sayından çox olur. Müəyyən müddətdən sonra isə oğlan və qızların sayı bərabərləşir. Apardığım tədqiqatlara əsaslanaraq deyə bilərəm ki, azərbaycanlılar arasında oğlan və qızların saylarının bərabərləşməsi prosesinə 20 yaşlarında rast gəlinir. Çünki oğlanlar arasında qızlara nisbətən ölüm halları yüksək olur. Son nəticədə bərabərlik yaranır. Diqqət etsəniz, görərsiniz ki, pensiyaçılar arasında yuxarı yaş həddində qadınlar kişilərdən daha çox olur.”


Mütəxəssis onu da bildirdi ki, buna baxmayaraq, demoqrafik problemlərlə gələcəkdə qarşılaşmamaq üçün, USM vasitəsilə körpənin cinsini biləndən sonra qız uşaqlarını bu səbəbdən məhv etmə halları qadağan edilməlidir.

qaynarxett.az