backend

Faizə pul vermək günahdırmı?

Faizə pul vermək günahdırmı?














Bankların qazancı da Quranda lənətlənir

Son zamanlar imkanlı şəxslərin sələmə pul verməsi halları artıb. Məsələ orasındadır ki, borc adı ilə verilən sələm sonradan mübahisə predmetinə çevrilir. Artıq məhkəmələrdə borcla bağlı kifayət qədər mübahisələr var. Bir məsələ var ki, banklar da qazanclarını əsasən pul satmaqla əldə edirlər. Kreditə faizlə verilən puldan gələn gəlir halaldırmı, yoxsa dinimiz bunu qəbul etmir? İslam dininin şiddətlə və qəti şəkildə qadağan etdiyi bu prosesin geniş yayılması hansı səbəblərdən baş verir? Və ümumiyyətlə, sələmə pul vermək İslamda necə izah olunur?

İlahiyyatçı-alim Anar Qurbanov bildirib ki, İslamda və əvvəlki ilahi dinlərdə sələmçilik istehsalat çərçivəsinə daxil olmayan, əmək və ya ticarət riski də olmayan bir “əsassız varlanma, haqsız qazanc, zəhmətsiz gəlir” yolu sayılaraq qadağan edilib. "İlk əvvəl Məkkədə meracla bağlı hədislərdə sələmin pisləndiyi nəzərə çarpır. Həmiçinin, Məkkədə nazil olan bir ayədə sələmin savab qazandıran bir əməl olmadığına işarə edilirdi. Mədinədə bu mövzu ilə bağlı ilk nazil olan ayədə isə, yəhudilərin başına gələn sıxıntıların səbəbləri arasında, onlara qadağan edildiyi halda faiz yemələri göstərilir. Bundan sonra Ühüd müharibəsində nazil olan bir ayə ilə möminlərə ilkin mərhələdə “qat-qat faizin yeyilməsi” qadağan edilir. Xeybərin fəthində nazil olan aşağıdakı ayələrdə qəti şəkildə faizə (sələmə) qadağa qoyulmuşdur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə son qoyarsa, keçmişdə aldığı (sələmlər) ona bağışlanar. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!”

İlahiyyatçının sözlərinə görə, Quranda qeyd edilən riba (sələm, faiz) o gün istifadə edilən qızıl və gümüş pul borclarından əmələ gələn və adına “cahiliyyə ribası” deyilən bir faiz növüdür. Hz. Peyğəmbərin (s.ə.s) aşağıdakı hədisi ilə bütün standart (misli) malların mübadiləsi də faizin əhatə dairəsinə daxil edilmişdir: “Qızıl qızılla, gümüş gümüşlə, buğda buğda ilə, arpa arpa ilə, xurma xurma ilə və duz duzla misli mislinə, bərabər və nağd olaraq dəyişdirilə bilər. Fərqli növlər (cinslər) bir-biri ilə mübadilə edilərsə, nağd olmaq şərtilə istədiyiniz kimi satın (dəyişdirin)”.
Bu hədisin Tirmizidəki rəvayətində belə bir əlavə vardır: “Hər kim bu kimi mübadilələrdə çox verər və ya alarsa, şübhəsiz, riba (sələm, faiz) etmiş olar”.