backend

Berti Foqts azərbaycanlı futbolçuların daha bir “sirrini” açdı – VİDEO

Berti Foqts azərbaycanlı futbolçuların daha bir “sirrini” açdı – VİDEO


















Ümumiyyətlə, Azərbaycan idmançılarının əksəriyyəti qəribə bir xarakterə malikdir.

Azərbaycan futbolçularının Xorvatiya ilə oyundan biabırçı məğlubiyyətlə qayıtmasından sonra baş məşqçi Berti Foqtsun istefası yığma ilə bağlı söz-söhbəti azaltmadı.

Özü istefa verən Foqts yığmanın oyunçularını yalnız pula görə oynamaqda ittiham etdi. Yəni, Berti Foqtsun məntiqinə görə, yalnız Azərbaycan vətəndaşlarından yığılan bu komandada yalnız pul əsas meyar olmamalıdır. Əslində, bu, çox ağır ittiham olsa da, futbolçuların, ümumilikdə komandanın buna reaksiyası adekvat olmayıb.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Xorvatiya milli yığmasının Osiyek şəhərində yığmamız üzərində 6:0 hesablı qələbəsindən sonra Azərbaycandakı 7 illik karyerasına istefa verməklə son qoyan Berti Foqts Almaniya mətbuatına bu barədə açıqlama verib.

O, jurnalistin Azərbaycandakı yeddi illik fəaliyyətdən nə nəticə çıxardınız? sualını belə cavablandırıb:

“Bu, çox çətin dövr idi. Problem ondadı ki, Azərbaycanda futbolu pula görə oynayırlar. Oradakı futbolçular futbolla yaşamırlar. Onlarla bundan artığına nail ola bilməzdim”.

Hazırda milli yığmada baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən və sabiq baş məşqçi Berti Foqtsla birlikdə işləyən Mahmud Qurbanov isə komanda üzvlərinin yaşıl meydanda sadəcə bacardıqlarını nümayiş etdirdiyini bildirdi. Yəni zəif və ya güclü oyunun təyin edilən mükafatla heç bir əlaqəsi yoxdur. Hər halda baş məşqçinin dediklərindən belə nəticəyə gəlmək olar.

“Mən ümumiyyətlə, pul söhbəti eləməzdim. Düşünmürəm ki, futbolçularımız, milliyə pula görə gəlsinlər. Hər halda bu millimizin, ölkəmizin, vətənimizin adıdır. Ona görə də düşünürəm ki, bizim futbolçularımız bacardıqlarını, imkanları daxilində olan oyunu göstərirlər”, deyə M.Qurbanov bildirib.

AFFA-dan sabiq məşqçinin fikirlərinə şərh verməsələr də etiraf etdilər ki, futbolçulara hər oyun qabağı mükafatlar vəd edilir. Futbolumuz və futbolçularımız dünya səviyyəsində tanınmasa da, onların mükafatlandırılması bütün dünyada olan qaydalar əsasında həyata keçirilir.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə, özümüz üçün xüsusi bir variant seçmişik ki, bir çox ölkələrdə bu tətbiq olunur:

“Futbolçulara qələbə və heç-heçə üçün məbləğ ödənilir. İlkin məbləğ futbolçu və komanda nəzərdə tutulan və əvvəlcədən onların qarşısına qoyulan məqsədə nail olarlarsa, məsələn, 2016-cı ildə 3-cü yerdə olarlarsa, həmin məbləğin 50 faizi də mükafat olaraq həmin futbolçulara ödəniləcək”.

Həmin məbləğin nə qədər olması isə futbolçunun icazəsi olmadan açıqlanmır. Bu mükafata isə oyuna sponsorluq edən şirkətlərin ayırdığı məbləğ daxil deyil. Bir sözlə, bir-iki oyun oynayıb qələbə qazanan oyunçu arzuladığı məbləği əldə edir və öz arzularını, istəklərini yerinə yetirmək üçün çoxdan arzuladığı qapı onun üçün açılır. Elə ekspertlər də bu cür amillərin futbolumuza mənfi təsir göstərdiyini düşünürlər. Yəni tək əldən səs çıxmadığı kimi, bir-iki oyunçuyla da oyun oynayıb, sözün yaxşı mənasında səs-küy yaratmaq mümkün deyil.

Keçmiş məşqçi Şahin Diniyev deyir ki, bu gün oynamaq istəyən hər futbolçu bir-iki oyunda asanlıqla böyük məbləğdə pul qazanmaq istəyir:

“Onlar daha yaxşı yaşamaq istəyirlər. Bugünkü durum budur, yəni sabaha inam heç bir futbolçuda yoxdur ki, o sabah məşqçi olacaq, ya da tanınacaq. Ona görə də futbolçu istəyir ki, bu dövrdən yaxşı yararlanıb qazansın”.

Ümumiyyətlə, Azərbaycan idmançılarının əksəriyyəti qəribə bir xarakterə malikdir. Bir dəfə yüksək səviyyədə nailiyyət qazanan idmançının sonradan, yəni ikinci dəfə bu uğura imza atması müşkülə çevrilir. Ya qazanılan qələbənin müqabilində əldə olunan qazancın çəkisi baş gicəlləndirir, ya da burda başqa nüanslar var.